Analitik: “Azərbaycanla İtaliya arasında əməkdaşlıq müxtəlif sahələrdə genişləndirilə bilər”

Analitik: “Azərbaycanla İtaliya arasında əməkdaşlıq müxtəlif sahələrdə genişləndirilə bilər” “Azərbaycanla İtaliya arasında tikinti, turizm, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq genişləndirilə bilər”.
Xarici siyasət
18 Yanvar , 2023 14:13
Analitik: “Azərbaycanla İtaliya arasında əməkdaşlıq müxtəlif sahələrdə genişləndirilə bilər”

“Azərbaycanla İtaliya arasında tikinti, turizm, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq genişləndirilə bilər”.

Bunu “Report”a açıqlamasında italiyalı politoloq, “Geopolitica.info” saytının baş analitiki Salvatore Santancelo deyib.

“İtaliya və Azərbaycan bir-birini tamamlamaqla bir çox sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək imkanına malikdir. Məsələn, İtaliya enerji təhlükəsizliyinə can atır, Azərbaycan isə təbii qaz ehtiyatlarına görə dünyada 25-ci yerdədir. Azərbaycanın “yaşıl keçid”lə planı var və İtaliya “yaşıl enerji” sahəsində fövqəldövlətdir. Bundan başqa, Azərbaycanın qabaqcıl müdafiə məhsullarına ehtiyacı var və İtaliya silah ixracına görə dünyada 6-cı yerdə qərarlaşıb. İtaliya şirkətləri artıq Azərbaycanın azad edilmiş ərazilərinin bərpası istiqamətində işlər görür və ölkədə dördüncü sənaye inqilabının həyata keçirilməsində aparıcı rol oynayır. Bunu onların “ağıllı şəhərlər”in inşasında iştirakı sübut edir”, - analitik bildirib.

O, həmçinin Azərbaycanın İtaliyanın əsas enerji tərəfdaşlarından biri olduğunu və bu sahədə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinin böyük olduğunu qeyd edib: “Bunu rəqəmlər də təsdiqləyir: Azərbaycan 2021-ci ildə İtaliyanın təbii qaza olan tələbatının 10%-ni ödəyib, 2022-ci ildə isə ölkəmizə “mavi yanacağ”ın tədarükünü 4% artırıb.

S.Santancelo vurğulayıb ki, Trans Adriatik Boru Kəmərinin (TAP) gücünün genişləndirilməsi yaxın gələcəkdə İtaliyaya təbii qaz tədarükünü ikiqat artırılması ilə nəticələnə, Xəzər dənizində neft-qaz ehtiyatları ilə bağlı kəşfiyyat işləri isə enerji əməkdaşlığı sahəsində yeni üfüqlər aça bilər.

Onun sözlərinə görə, İtaliya ilə Azərbaycan arasındakı əlaqələr beynəlxalq arenada əməkdaşlıq və koordinasiyanı da əhatə edir: “İtaliya Azərbaycan-Avropa İttifaqı (Aİ) və Azərbaycan-NATO tərəfdaşlığının aktivləşməsinə kömək edib. Üstəlik, İtaliya 2022-ci ilin iyulunda enerji sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə nəticələnən Aİ-Azərbaycan danışıqları üçün zəmin yaradılmasında mühüm rol oynayıb”.

Son xəbərlər

Orphus sistemi