“Fransa Qarabağa humanitar yardım göndərəcəyini bəyan etməklə buradakı prosesə daxil olmaq və Qərbi Afrikadakı son biabırçı uğursuzluqları fonunda diplomatik gücünü təkmilləşdirmək istəyir”.
Bunu "Report"a açıqlamasında amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.
O, Fransanın Qarabağla bağlı niyyətinin şəxsi maraq və bədxahlıq olduğunu vurğulayıb.
Ekspertin sözlərinə görə, Fransa Ermənistanı qanunlara hörmət etməyə və Qarabağdakı erməni sakinlərin probleminə qarşılıqlı fayda verəcək diplomatik bir həll tapmağa sövq etməlidir: “Ancaq bunun yerinə Fransa İrəvanla münasibətlərindən Azərbaycanın ərazi bütövlüyünü pozacaq şəkildə sui-istifadə edərək sülh prosesini pozmaq riski altında qoyub. Fransa beynəlxalq ictimai rəyi Cənubi Qafqazda regional inteqrasiya imkanlarına xələl gətirəcək uydurma hekayəyə yönəltmək yollarını axtarır. Bu hekayə isə ondan ibarətdir ki, guya Azərbaycan Qarabağın erməni əhalisinə humanitar yardım göstərilməsinə mane olur. Fransa hazırda Azərbaycanın Qarabağın erməni sakinlərinə yardım göndərməsini istəmir, çünki bu hadisədən ermənilərin uydurduğu Azərbaycanın yolu bağlaması və Qarabağ ermənilərinin əziyyət çəkməsi nağılını daha da yaymaq niyyətindədir. Bütün bunları etməkdə əsas məqsəd isə əlbəttə ki, Parisi prosesə daxil etmək və Fransanın Qərbi Afrikadakı son biabırçı uğursuzluqları fonunda diplomatik gücünü təkmilləşdirməkdir”.
İ.Zukerman hesab edir ki, rəsmi Bakı bu vəziyyətdən uydurulan hekayənin yalan olduğunu üzə çıxarmaq üçün fürsət kimi istifadə edə bilər. O qeyd edib ki, Azərbaycan buna cavab olaraq, ilk növbədə, Qarabağ bölgəsinin humanitar inkişafına investisiyaların yatırılacağını elan edən böyük ictimai layihəyə başlamalıdır.
“Bundan başqa, Azərbaycan ermənilərlə birlikdə fransız “humanitar yardım mütəxəssisləri”ni işğaldan azad edilmiş ərazilərdə birgə minalardan təmizləmə layihəsində iştiraka dəvət etməlidir. Əgər onlar Qarabağda yaşayan insanların həyatı ilə bu qədər maraqlanırlarsa və onların gələcəyi üçün narahatdırlarsa, bu layihələrdə iştirak etsinlər. Bu əks təşəbbüsü rədd etmək çox çətin olacaq.
Azərbaycan isə fransızlarla birgə istər ermənilərə, istərsə də yurdlarına qaytarılan azərbaycanlılara hər hansı humanitar yardımın paylanmasında iştirak etməkdən məmnun olar. Ancaq o şərtlə ki, bu paylanma rəsmi şəkildə və təsdiq edilmiş giriş məntəqələri vasitəsilə həyata keçirilsin. Əgər humanitar yardıma ehtiyacı olanlara kömək etməkdə maraqlıdırlarsa, onların bu şərtlərlə razılaşmaqdan başqa seçimləri olmayacaq. Əks halda, onların fəaliyyət planının icmalar arasında gərginliyi daha da artırmaq və xarici müdaxiləni asanlaşdırmaq məqsədi daşıyan, çıxarlarına xidmət edən təbliğat olduğu üzə çıxacaq”, - o vurğulayıb.