Cənubi Qafqazda baş verənlər, o cümlədən Ermənistan siyasi hakimiyyətinin ikibaşlı oyunları regionda sülh və sabitliyin təmin olunmasına əngəl törədir. Rəsmi İrəvan Bakının səmimi səylərinə cavab vermir. Bu azmış kimi qarşı tərəf destruktiv addımlarını davam etdirir, vaxt qazanmağa çalışır.
Dünyada da siyasi kataklizmlər səngimir. Bu gün Ukrayna beynəlxalq siyasi xaosun episentrinə çevrilib. Savaşın nə vaxt, necə bitəcəyini kimsə bilmir. Təəssüf ki, üfüqdə sülh görünmür.
ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl Cənubi Qafqaz və Şərqi Avropa regionlarında baş verənlərlə bağlı “Report”un suallarını cavablandırıb:
- Ermənistan son vaxtlar Azərbaycanla sərhəddə və Qarabağda hərbi təxribatlarını intensivləşdirib. Sizcə, bu təxribatların məqsədi nədir?
- Bu təxribatları mütləq ehtimal edilən müharibənin başlanğıcı kimi qiymətləndirmək doğru olmaz. İndi sadəcə olaraq tərəflər bir-birini sınayır. Hərbi toqquşmalar danışıqlar prosesinin bir hissəsidir. Tərəflər həm də bir-birilərinə xəbərdarlıq etmək istəyirlər.
- Davam edən hərbi təxribat cəhdləri Ermənistanın baş naziri Nikol Paşinyanın sülhlə bağlı dedikləri ilə üst-üstə düşmür. Sizcə, rəsmi İrəvan həqiqətən sülh istəyir?
- Hazırda Ermənistan siyasi cəhətdən iki yerə bölünüb. Baş nazir Nikol Paşinyan sülhün daha yaxşı seçim olduğuna inanır. Digərləri isə əksinə, müqavimət göstərməyə çalışır.
- Ermənistan Azərbaycanın Laçına gedən yolda “blokada” yaratdığını və Xankəndində “humanitar fəlakətin” davam etdiyini iddia edir. Lakin faktlar bunun əksini göstərir. Məsələn, həqiqətən də iddia edildiyi kimidirsə, niyə ermənilər Ağdam-Xankəndi yolundan yük daşımaq təklifi ilə razılaşmırlar?
- Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə çalışır. Bu mənada digər marşrutlar üzrə daha böyük miqdarda humanitar yardım təmin edilsə belə, rəsmi İrəvan üçün məsələ həllini tapmayacaq.
- Ermənistanın reinteqrasiya ilə bağlı təkliflərə müsbət münasibəti yoxdur. Bu, qarşı tərəfin sülh və sabitliyə maraq göstərməməsinin növbəti təzahürü kimi qiymətləndirilə bilərmi?
- Şübhəsiz ki, bu belədir. Düşünürəm ki, bu, həm də danışıqlardakı çətinliklərin və ermənilərin gələcəklə bağlı qeyri-müəyyənliklərinin təzahürüdür.
- Son zamanlar Ermənistanın hərbi-siyasi hakimiyyəti ilə Qarabağdakı qondarma rejim arasında gərginlik artıb. Sizcə, bu nə ilə bağlıdır?
- Dediyim kimi, Ermənistan siyasi cəhətdən bölünüb. Bu mənada belə ziddiyyətlər təəccüblü deyil.
- Nikol Paşinyan bu yaxınlarda dedi ki, Laçın yolunu birtərəfli qaydada açmaq olar. Sizcə bu realdır?
- Bu, daxili ictimai rəy üçün deyilmiş sözdür. Paşinyan ona qarşı çıxanları zəiflətməyə çalışır.
- Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Bu addımı necə qiymətləndirirsiniz?
- Rəsmi Bakı öz səxavətini göstərdi. Əlbəttə, bu, Azərbaycan üçün dividentdir.
- Dünən Laçına gedən yolda Azərbaycan bayrağını təhqir edən 3 erməniəsilli şəxs yaxalanıb. Onlar barədə əvvəldən açılan cinayət işinin olmasına baxmayaraq, cinayət işinə xitam verilib və sadəcə 10 sutkalıq həbs qərarı çıxarılıb. Cəzalarını çəkdikdən sonra da geri qaytarılacaqlar. Bu humanitar addım haqqında nə düşünürsünüz?
- Bu, müsbət haldır. Belə addımların sayəsində beynəlxalq ictimaiyyətin Azərbaycana dəstəyi arta bilər.
- Fransa Azərbaycanla razılaşdırmadan Qarabağa humanitar yüklər göndərmək istəyir? Sizcə, Parisin məqsədi nədir?
- Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir. Fransa orada fəaliyyət göstərməyi planlaşdırırsa, bu barədə Azərbaycana məlumat verməlidir. Bunun əksi, yəni icazəsiz fəaliyyət doğru deyil.
- Ukraynada müharibə hələ də davam edir. Müharibənin sonu görünmür. ABŞ hansısa mərhələdə Ukraynanı dayandıra bilərmi?
- Gələcəkdə ABŞ silah tədarükünü azalda bilər. Amma bu, döyüşlərin başa çatması demək deyil. Müharibə, yəqin ki, hələ davam edəcək.
- F-16 qırıcılarının Ukraynaya mümkün çatdırılması barədə nə düşünürsünüz? Bu, döyüşlərin gedişinə necə təsir edəcək?
- Qırıcıların Ukraynaya təhvil verilməsi rəsmi Kiyevə həm taktiki, həm də strateji baxımdan çox kömək edəcək.
- Sizcə, “Taxıl sazişi” bərpa olunacaqmı?
- Düşünürəm ki, müəyyən razılaşma əldə olunacaq. Amma detallar barədə proqnoz vermək çətindir.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək və həmkarı Vladimir Putinlə görüşəcək. Bu görüşdən gözləntiləriniz nədir?
- Bu görüş Vladimir Putinə çox lazımdır. O, göstərmək istəyir ki, xarici ölkələrə səfər edə bilməsə də, dünya liderləri ilə əlaqəni kəsməyib. Eyni zamanda görüş Ərdoğana da lazımdır. Amma ehtimal edilən müzakirələrdən ciddi nəticə əldə olunmayacağını düşünürəm.
- Ukrayna kəşfiyyatçıları son vaxtlar Krımda xüsusi əməliyyatlar aparırlar. Ukrayna rəsmiləri yarımadanın azad edilməsi ilə bağlı nikbin bəyanatlar verirlər. Krımın taleyi necə olacaq?
- Krım hər iki tərəf üçün müqəddəsdir. Ukrayna Krımı azad edənə qədər rus ordusunu sıxışdırmağa davam edəcək. Bu, o demək deyil ki, Kiyev məqsədinə çatacaq. Müharibə sadəcə çoxlarının gözlədiyindən daha uzun müddət davam edəcək.