Yuxarı

Amerika Qanunvericilik Mübadiləsi Şurası Azərbaycanla bağlı qətnamə qəbul edib - FOTO

Qətnamədə Azərbaycanın strateji önəmi və sürətli inkişafı vurğulanıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ ABŞ-ın 50 ştatının qanunvericilərini özündə birləşdirən Amerika Qanunvericilik Mübadiləsi Şurası (American Legislative Exchange Council – ALEC) Azərbaycanın strateji önəmini və sürətli inkişafını vurğulayan geniş qətnamə qəbul edib.

Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumata görə, qətnamədə Azərbaycanın coğrafi-siyasi önəmi vurğulanıb, ABŞ hökumətinin rəsmi Bakı ilə strateji əməkdaşlıq münasibətlərini gücləndirməsinin və dərinləşdirməsinin zəruri olduğu əks olunub. Sənəddə qeyd edilib ki, ABŞ Azərbaycan kimi müttəfiqlərini dəstəkləməlidir.

Qətnamədə həmçinin bildirilir ki, ABŞ və BMT Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıyır və dəstəkləyir.

Sənəddə həmçinin qeyd olunur ki, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi-demokratik respublika təsis edən Azərbaycan, ABŞ da daxil olmaqla bir çox ölkəni qabaqlayaraq tarixə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biri kimi düşüb. Yerləşdiyi regionda Azərbaycanın ən böyük iqtisadiyyata malik olduğu qeyd edilərək, Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən biri və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilib.

Bununla yanaşı, sənəddə 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın ABŞ-a güclü dəstək verdiyi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ ilə yaxından əməkdaşlıq etdiyi vurğulanaraq, Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinin təchizatının 40%-nin çatdırılması üçün şərait yaratdığı bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi