“Bu gün Avropa plüralizm və multikulturalizm böhranı yaşayır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun fəlsəfə doktoru Leyla Məlikova Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Qərb ölkələri, o cümlədən Fransa islamofobiyadan ictimai rəyi tənzimləmək vasitəsi kimi istifadə edir”, - o bildirib.
Onun sözlərinə görə, XX əsrin əvvəllərində “islamofobiya” anlayışını elmi dövriyyəyə gətirən məhz fransalı müəlliflər olublar: “O vaxt bu termin ilk dəfə fransız müstəmləkəçilərinin əsərlərində Fransa müstəmləkə imperiyasında müsəlman həyatının müxtəlif sahələrinin tədqiqi kontekstində istifadə edilib”.
L.Məlikova vurğulayıb ki, hazırda islamofobiya Fransada daha çox yayılır.
Fəlsəfə doktoru qeyd edib ki, son illər Fransada islamofobiya hallarının sayı 14 faiz, müsəlmanlara qarşı təhdidlərin sayı isə 79 faiz artıb.