Yuxarı

Almaniya XİN başçısı AŞ monitorinq missiyasının həll olunmamış münaqişə zonalarına girişinin təmin edilməsinə dair çağırış edib

Ştaynmayer: Kim təsəvvür edə bilərdi ki, XXI əsrin əvvəllərində Avropanın mərkəzində olan ölkənin ərazi bütövlüyü pozulacaq?!

Bakı. 13 oktyabr. REPORT.AZ/ Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Avropa Şurasının monitorinq missiyasının təşkilat məkanında həll olunmamış münaqişə zonalarına girişinin təmin edilməsinə dair çağırış edib.

"Report" xəbər verir ki, Ştaynmayer bu barədə Strasburqda keçirilən AŞPA-nın plenar iclasında çıxışı zamanı bildirib.

"Krım, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya kimi münaqişə nöqtələrinə çıxışı təmin eləmək lazımdır. Bizim qitədə "qara ləkə" olmamalıdır", - deyə XİN başçısı vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Avropa Şurasının baş katibi Turbyorn Yaqland AŞPA-nın payız sessiyasında monitorinq missiyalarının münaqişə zonalarına səfər etməsinin zəruriliyini qeyd edib.

Almaniya XİN başçısı həmçinin xüsusilə münaqişənin artması və gərginliyin yüksəlməsi zamanı Avropa Şurası və AŞPA-nın rolunun əhəmiyyətini vurğulayıb.

O, Ukraynadakı vəziyyətə toxunaraq mövcud münaqişələrin çoxalmasının və yenilərinin ortaya çıxmasının yolverilməz olduğunu bildirib: "Kim təsəvvür edə bilərdi ki, XXI əsrin əvvəllərində Avropanın mərkəzində olan ölkənin ərazi bütövlüyü beynəlxalq hüquqa zidd şəkildə pozulacaq?!"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi