Bakı. 24 noyabr. REPORT.AZ/ "ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Biz Dağlıq Qarabağdakı de-fakto hakimiyyətə yardım etmirik".
"Report" xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım göstərilməsi üzrə koordinatoru Alina Romanovski jurnalistlərə açıqlamasında deyib.
O, Dağlıq Qarabağda yaşayan insanlara yardım edilməsi haqqında sözlərinin təhrif edildiyini qeyd edərək bildirib ki, ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır: "ABŞ münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllini dəstəkləyir. Yardım məsələsinə gəlincə, söhbət yalnız ərazilərin minalardan təmizlənməsindən gedirdi. Biz regiondakı de-fakto hakimiyyətə yardım etmirik".
"ABŞ Azərbaycanda qaçqın və məcburi köçkünlərə yardım edir. 1993-cü ildən bəri ABŞ Azərbaycan qaçqınları üçün 115 milyon dollar ayırıb. Ümumilikdə isə 1992-ci ildən bəri Azərbaycana 1,1 milyard, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 30 milyon dollar məbləğində yardım edib. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının inkişafı və özəl sektora, kənd təsərrüfatına, demokratiyanın və idarəetmə sisteminin inkişafına vəsait ayrılır", - A.Romanovski qeyd edib.