Yuxarı

Aİ XİN rəhbərləri Yəmən, İran məsələlərini müzakirə edəcək və Şərq Tərəfdaşlığı ölkələrinin nazirləri ilə görüşəcək

Avropa İttifaqına üzv ölkələrinin xarici işlər nazirləri bu gün Lüksemburqda toplaşacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Liviya və Yəməndəki vəziyyəti, İranla nüvə danışıqlarının gedişini müzakirə etmək üçün bu gün Lüksemburqda toplaşacaq. Onlar həmçinin Riqada baş tutacaq sammitə 1 ay qalmış Şərq Tərəfdaşlığı ölkələrinin nazirləri ilə də görüşəcəklər. "Report" Avropa İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, Aİ ölkələri xarici işlər nazirləri Liviyadakı vəziyyəti müzakirə edəcəklər. Aİ diplomatik missiyasının rəhbəri Federika Mogerini bu gün Avropa İttifaqının Liviyada milli birlik hökumətinin formalaşacağı halda ölkədə təhlükəsizliyin gücləndirilməsinə yönələn fəaliyyət tədbirləri variantlarını təqdim etməyi planlaşdırır.

Nazirlər həmçinin Liviyadakı vəziyyətlə sıx əlaqəli olan miqrasiya siyasətini müzakirə edəcəklər. Aprelin 19-da Aralıq dənizində Cənubi Afrikalı 700 miqrantın olduğu qayığın batması ilə bağlı növbəti faciədən sonra Mogerini bildirib ki, XİN rəhbərlərini miqrantlara yardım göstərilməsi ilə bağlı konkret addımlar atmağa çağıracaq. 

Günün ikinci yarısında nazirlər Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun daxil olduğu Şərq Tərəfdaşlığı proqramının iştirakçıları olan həmkarları ilə görüşəcəklər. Görüşdə mayın 21-22-də Riqada (Latviya) keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı sammiti müzakirə olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi