Bakı. 14 noyabr. REPORT.AZ/ Aİ-yə daxil olan ölkələrin xarici işlər nazirləri Avropa İttifaqı Şurasının Brüsseldə keçiriləcək iclasında Suriya münaqişəsinin gedişi, Türkiyə ilə əlaqələr və "Şərq Tərəfdaşlığı" proqramı üzrə müzakirələr aparacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu gün günün ikinci yarısında Avropa İttifaqının xarici işlər və müdafiə nazirlərinin birgə iclası keçiriləcək. İclasda Aİ-nin müdafiəsinin gücləndirilməsi planı müzakirə ediləcək.
Xatırladaq ki, bazar günü axşam Aİ XİN başçıları qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin təşəbbüsü ilə Brüsseldə işgüzar nahar formatında qeyri-rəsmi görüş keçirib və ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələrini, Donald Trampın qələbəsinin Aİ-ABŞ münasibətlərinə necə təsir edəcəyini müzakirə ediblər.
"Şərq tərəfdaşlığı" çərçivəsində aparılacaq müzakirələrdə nazirlər, o cümlədən daha əvvəl Aİ ilə assosiasiya razılığı imzalamaqdan imtina etmiş Azərbaycan və Ermənistanla əməkdaşlıq üzrə yeni sazişlərin hazırlanmasını müzakirə edəcəklər. İclasda eyni zamanda Rusiyameyilli İqor Dodonun qələbəsi ilə yekunlaşan Moldovadakı prezident seçkilərinin nəticələri, Ukraynadakı vəziyyət, onun assosiasiyası barədə olan və Hollandiyanın qarşı çıxdığı sazişin ratifikasiyası problemi müzakirə ediləcək.
Suriya üzrə müzakirələrdə nazirlər F.Mogerininin ölkədə, o cümlədən mühasirədə qalmış Hələbdə humanitar vəziyyətlə və bu münaqişənin həlli üçün Aİ-nin beynəlxalq səylərdə iştirakıyla bağlı hesabatını dinləyəcək.
Avropanın XİN başçıları, həmçinin Türkiyədəki vəziyyətə toxunacaq. Belə ki, Ankara miqrasiyanın məhdudlaşdırılması haqqında razılaşma çərçivəsində viza rejiminin ləğv edilməsini tələb edərkən Brüssel Türkiyə hökumətinə yönələn tənqidləri əhəmiyyətli dərəcədə artırıb. Aİ-ni xüsusən bu ölkədə ölüm hökmünün mümkün bərpası üzrə müzakirələrin aparılması narahat edir. Viza məsələsi isə heç qaldırılmayacaq; Avropa Komissiyasının son hesabatına görə, Türkiyə bunun üçün bütün meyarları yerinə yetirməyib, deməli, bu məsələ Aİ Şurasında müzakirəyə çıxarıla bilməz.