Bakı. 19 dekabr. REPORT.AZ/ Avropa İttifaqı və Avropa Şurası Şərq Tərəfdaşlığı ölkələrinə 338,8 mln. avro həcmində yardım haqqında saziş imzalayıb. Bu barədə "Report" Avropa Şurasının mətbuat xidmətinə istinadən xəbər verir.
Yardım proqramı 2015-2017-ci illər üçün nəzərdə tutulub. Vəsait Tərəfdaşlıq ölkələrində bir sıra problemlərin, xüsusilə də insan hüquqları, demokratiya və qanun hakimliyinin inkişafına yönəldiləcək.
Müvafiq razılaşma Brüsseldə Avropa Şurası baş katibinin müavini Qabriela Battaini-Draqoni və Avropa Komissiyasının nümayəndəsi Maykl Kpxler arasında imzalanıb.
Şərq Tərəfdaşlığı 2009-cu il mayın 7-də Avropa İttifaqı tərəfindən buraxılan çoxtərəfli proqramdır və altı keçmiş SSRİ ölkələri olan Azərbaycan, Ermənistan Gürcüstan, Ukrayna, Moldova və Belarus siyasi və iqtisadi yaxınlaşmaya yönəlib.