Yuxarı

AİDA Pakistandakı əlillərə yardım edib

Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxış edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, əlil uşaqların təhsil aldığı İslamabad əl-Farabi Mərkəzində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi, Azərbaycanın Pakistandakı səfirliyi və Azərbaycan-Pakistan Gənclər Forumunun təşkilatçılığı ilə mərasim keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Pakistanın senatorları və ictimai xadimlər iştirak ediblər.

Mərasimdə çıxış edən paytaxt idarəçiliyi və inkişafı üzrə nazir Usman İbrahim Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətt üzrə inkişafından, hər iki dövlət və xalq arasında bərqərar edən səmimi münasibətlərdən söz açıb, bunun təzahürü olaraq Azərbaycan hökumətinin Pakistanın əlil uşaqlarına təmənnasız yardım göstərdiyini vurğulayıb və öz təşəkkürlərini bildirib.

Xüsusi təhsil idarəsinin rəisi xanım Naimə Büşra nitqində əlil uşaqların xüsusi təlim və qayğıya ehtiyacı olduğunu, bu yolda fəaliyyət göstərən insanların yüksək mənəviyyat və ali mədəniyyətə yiyələndiklərini qeyd edib, nəcib xeyirxahlığa görə Azərbaycan xalqına, dövlətinə, AİDA-ya dərin minnətdarlığını bildirib.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxışında AİDA-nın təhsil və səhiyyənin inkişafı, yoxsulluqla mübarizə, humanitar yardım sahələrində dövlətlər tərəfindən irəli sürülən layihələrə dəstək verdiyini, bu istiqamətdə Pakistanla bir sıra proyektlər üzrə əməkdaşlıq etdiyini nəzərə çatdırıb. Səfir eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda mühüm xeyriyyəçilik işləri görüldüyünü, və buna görə də Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif olunmasının Pakistanın bu fəaliyyətləri yüksək qiymətləndirdiyini, xalqımıza qarşı hörmət mahiyyəti daşıdığını deyib.

Daha sonra səfir Daşqın Şikarov AİDA adından əlil arabalarını və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazimatları Əl-Farabi mərkəzinə təqdim edib.

Tədbir bədii çıxışlarla tamamlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi