Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam İnkişaf Bankının üzv ölkələri arasında davamlı inkişaf nəticələri üzrə tərəfdaşlığın miqyasının artırılması və möhkəmləndirilməsi tədbirində iştirak edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İslam İnkişaf Bankının təşkil etdiyi tədbirin əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin inkişafa yardım agentlikləri arasında informasiya mübadiləsinin gücləndirilməsi və əməkdaşlıq münasibətlərinin təşviq edilməsidir.
Tədbirdə AİDA-nın fəaliyyəti haqqında geniş təqdimat keçirilib.
Ə.Şıxəliyev və İslam İnkişaf Bankının prezidenti Bandar Haccar Cənub-Cənub Əməkdaşlığı və Qarşılıqlı Əlaqə üzrə Niyyət Protokolu imzalayıb.
Sənəddə tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək üçün təcrübə və bilik mübadiləsi, təlim və seminarların təşkili və mütəxəssislərin qarşılıqlı şəkildə ezam edilməsi nəzərdə tutulur.