Yuxarı

​ABŞ səfiri: Azərbaycan kimi çoxsaylı din nümayəndələrinin birgə dinc yaşadığı az sayda ölkə göstərmək olar

Birləşmiş Ştatların Bakıdakı səfirliyi iftar mərasimi təşkil edib

Bakı. 13 İyul. REPORT.AZ/ "Dünyada Azərbaycanda olduğu kimi çoxsaylı dinlərin nümayəndələrinin əsrlər boyu dinc şəraitdə birgə yaşadığı az sayda ölkə göstərmək olar".

"Report" xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakıda verdiyi iftar süfrəsində çıxışı zamanı amerikalı səfir Robert Sekuta bildirib.

ABŞ səfirinin iqamətgahında baş tutan iftar mərasimində Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, Azərbaycanda mövcud olan müxtəlif dini icmaların təmsilçiləri, həmçinin millət vəkilləri və s. iştirak ediblər.

"Bu ölkəyə gələndən Azərbaycanın dünyaya təqdim edə biləcəyi bir sıra məqamlarla tanış olmuşam. Bunlardan biri tolerantlıq və müxtəlif dinlərə mənsub insanların bir yerdə və qarşılıqlı hörmət əsasında yaşamasının qədim tarixə malik olmasıdır. Dünyada Azərbaycanda olduğu kimi çoxsaylı dinlərin əsrlər boyu dinc şəraitdə birgə yaşadığı az sayda ölkə göstərmək olar. Və azərbaycanlılar bununla fəxr etməli və bu təcrübəni nümunə kimi digərləri ilə bölüşmək barədə düşünməlidirlər", - deyə diplomat söyləyib.

Səfir qeyd edib ki, tolerantlıq tarixi dünyada digərlərinə daha yaxşı nümunələrin göstərilməsi baxımdan önəmli olsa da, onun fikrincə Birləşmiş Ştatlarda bu dəyərlərin gənclərə aşılanması istiqamətində iş aparılması vacibdir.

O xatırladıb ki, ABŞ səfirliyi hər il iftar süfrəsi açır.

"İftar süfrəsi bizi təkcə Azərbaycan və ABŞ-da olan müsəlmanlarla deyil, həm də dünyanın müxtəlif yerlərində yaşayan 1,5 milyardlıq müsəlmanlarla birləşdirir", - deyə o əlavə edib.

Səfir qeyd edib ki, ABŞ-da təxminən 2,6 milyon müsəlman yaşayır və 2030-cu ilə qədər onların sayının 6,2 mln-dək artacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi