ABŞ mətbuatında Azərbaycanın qaçqın və məcburi köçkünləri haqda məqaləsi dərc olunub

ABŞ mətbuatında Azərbaycanın qaçqın və məcburi köçkünləri haqda məqaləsi dərc olunub Nəsimi Ağayev: "Qaçqınların probleminin həllində Azərbaycan nümunəsi Avropa üçün ilham qaynağı ola bilər"
Xarici siyasət
6 Oktyabr , 2015 11:23
ABŞ mətbuatında Azərbaycanın qaçqın və məcburi köçkünləri haqda məqaləsi dərc olunub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məqaləsi ABŞ-ın tanınmış nəşrlərindən olan "The Daily Caller" qəzetində dərc olunub. 

Baş konsuluqdan "Report"a verilən məlumata görə, "Qaçqın böhranının həllində kiçik ölkənin təcrübəsindən dərs götürmək" başlıqlı məqalədə diplomat bildirib ki, bir müddət əvvəl Aralıq dənizi sahillərində acınacaqlı şəkildə həlak olan suriyalı azyaşlı Aylanın dəhşətli fotoları bütün dünyanı silkələdi və Avropanı qəflət yuxusundan oyanaraq bu humanitar faciənin miqyasını dərk etməyə vadar etdi. 

Müəllif vurğulayıb ki, buna baxmayaraq, hələ də Avropada bəzi siyasətçilər və hökumətlər problemin həlli yollarını çarəsiz qaçqınlara qarşı hasarların inşasında və ya gözyaşardıcı qazlardan istifadədə görərək, məsuliyyətdən imtina edirlər. Bunun yanlış olduğunu bildirən baş konsul, belə bir zamanda hər şeydən öncə mərhəmət hisslərinin üstün gəlməli olduğunu qeyd edərək, bu səpkidə Azərbaycanın təcrübəsinin faydalı olacağını diqqətə çatdırıb.

N.Ağayev qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı və xalqımıza qarşı apardığı etnik təmizləmə nəticəsində 1 milyona yaxın azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıblar. Baş konsul vurğulayıb ki, Azərbaycan ərazilərilə yanaşı, Ermənistandan da böyük sayda azərbaycanlı əsrlərlə yaşadığı torpaqlarından zorən çıxarılıblar. N.Ağayev, azərbaycanlılarla yanaşı, həmin dövrdə Orta Asiyadan didərgin düşən 50 minə yaxın Axısqa türkünə də Azərbaycanda sığınacaq verildiyini söyləyərək, bütün qaçqın və məcburi köçkünlərin o vaxtkı Azərbaycan əhalisinin təxminən 15%-ni təşkil etdiyini qeyd edib.

Həmin illərdə SSRİ-dən ayrılaraq müstəqilliyini yenicə elan etmiş Azərbaycanın böyük siyasi-iqtisadi çətinliklərlə üzləşdiyini bildirərək, müəllif yazıb: "Beynəlxalq ictimaiyyətdən yardımlar gəlsə də, kifayət etmirdi. Məcburi köçkünlər elektriksiz, susuz, məktəbsiz və tibbi xidmətləri qeyri-kafi olan çadır düşərgələrində məskunlaşmışdılar. Həmin məcburi köçkünlər arasında uşaqlıq dövrləri məhv olmuş, arzuları parçalanmış və həyatın fürsətlərindən məhrum olmuş yüz minlərlə uşaq – Azərbaycan vətəndaşlarının böyük bir nəsli yer alırdı. Ancaq Azərbaycan hökuməti onlardan üz çevirmədi, ən zəruri ehtiyaclarından başlayaraq onlara qayğı göstərməyi davam etdirdi."

Müəllif 2007-ci ildə Azərbaycanda sonuncu məcburi köçkün düşərgəsinin ləğv edildiyini, məcburi köçkünlərin hökumət tərəfindən tikilmiş, bütün lazımi şəraiti olan qəsəbələrə köçürüldüyünü, Ermənistandan və Orta Asiyadan olan qaçqınlara Azərbaycan tərəfindən vətəndaşlıq hüququnun verildiyini qeyd edib. Diplomat vurğulayıb ki, bütün bu işlərin arxasında ilk növbədə Azərbaycanın nümayiş etdirdiyi mərhəmət hissi və əzmkarlıq dayanır.

N.Ağayev, həmçinin qeyd edib ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Sonda müəllif bildirib ki, hazırda Yaxın Şərqdə cərəyan edən qanlı hadisələr fonunda meydana gələn qaçqınlar problemi ilə mübarizədə və bu bəşəri faciənin aradan qaldırılmasında Azərbaycan nümunəsi Avropa üçün ilham qaynağı ola bilər. 

Son xəbərlər

Orphus sistemi