Yuxarı

​ABŞ-ın Yuta Ştatı Azərbaycanın tolerantlıq modelini təqdir edən bəyannamə qəbul edib

Bəyannamədə Azərbaycanın müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət olduğu qeyd olunur

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatası Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamə qəbul edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan "Report"a verilən məlumatına görə, senatın sədri, Nümayəndələr Palatasının spikeri, eləcə də digər qanunvericilər tərəfindən imzalanmış bəyannamə baş konsul Nəsimi Ağayevə təqdim olunub.

Baş konsul Yuta Ştat Senatının plenar iclasında çıxış edərək, Azərbaycanda müxtəlif dinlərin sülh, tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd edib və belə bir önəmli sənədin qəbuluna görə senatorlara təşəkkürünü bildirib.

Bəyannaməni təqdim edən senator Cin Deyvis Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət yaratdığını və qadınlara ilk dəfə seçki hüququ verdiyini qeyd edib. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətlə inkişaf etdiyini bildirən senator ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Sonra sözügedən bəyannamə oxunub.

Bəyannamədə, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur.

Eyni zamanda, 2016-cı ilin Azərbaycanda Multikulturalizm İli elan olunduğu və aprel ayında Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının Forumunun keçiriləcəyi qeyd olunur və bildirilir ki, ABŞ tolerant və dünyəvi müttəfiqlərini dəstəkləməli və bu səpkidə Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.

Qeyd edək ki, bəyannamə həmin gün Yuta ştatının Nümayəndələr Palatasında da qəbul olunub. Bəyannaməni Nümayəndələr Palatasının üzvü Lin Heminqvey təqdim edib.

Yuta ştatına işçi səfəri müddətində baş konsul N.Ağayev ştatın vitse-qubernatoru Spenser Koks, Senatın sədri Veyn Niderhauser, Nümayəndələr Palatasının spikeri Qreqori Hyuqs və digər qanunvericilər ilə görüşlər keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi