Yuxarı

​ABŞ-ın Nyu Meksiko Ştatının Senatı: "Azərbaycan tolerantlığı bütün dünya üçün örnəkdir"

Nyu Meksiko ştatının Senatı Azərbaycanda yaradılmış tolerantlıq mühitini təqdir edən geniş qətnamə qəbul edib

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-ın Nyu Meksiko ştatının Senatı fevralın 23-də keçirilən plenar iclasında Azərbaycanda yaradılmış tolerantlıq mühitini təqdir edən geniş qətnamə qəbul edib. Bu barədə "Report"a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Qətnamə qəbul edildikdən sonra onun nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub.

Baş konsul çıxış edərək, Azərbaycan tolerantlıq modelinin bütün dünya üçün nümunəvi bir model olduğunu vurğulayıb və Senatın üzvlərinə belə bir önəmli sənədin qəbuluna görə təşəkkürünü bildirib.

Ştat senatorları tərəfindən yekdilliklə qəbul edilən qətnamədə, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir. Qətnamədə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir.

Eyni zamanda, 2015-ci il may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə yer verilərək bildirilir ki, ABŞ tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.

Qətnamədə bu sənədin surətlərinin ABŞ Prezidentinə, Dövlət Katibinə, Konqresinə, Nyu Meksikonu Konqresdə təmsil edən senator və konqresmenlərə göndəriləcəyi bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi