ABŞ-ın Bakıdakı Səfirliyi: Narkoloji Mərkəzdə baş vermiş faciə bizi dərindən kədərləndirib

ABŞ-ın Bakıdakı Səfirliyi: Narkoloji Mərkəzdə baş vermiş faciə bizi dərindən kədərləndirib Səfirlik Birləşmiş Ştatlar xalqı adından faciə qurbanlarının ailə və dostlarına başsağlığı verib
Xarici siyasət
3 Mart , 2018 07:40
ABŞ-ın Bakıdakı Səfirliyi: Narkoloji Mərkəzdə baş vermiş faciə bizi dərindən kədərləndirib

Bakı. 3 mart. REPORT.AZ/ "Bakıda Narkoloji Mərkəzdə baş vermiş faciə Birləşmiş Ştatların Bakıdakı Səfirliyini dərindən kədərləndirib".

“Report” xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində qeyd olunub.

Səfirlik həmçinin Birləşmiş Ştatlar xalqı adından faciə qurbanlarının ailə və dostlarına başsağlığı verib, zərər çəkənlərin mümkün qədər tez sağalmasını arzulayıb.

Martın 2-də saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi