Yuxarı

​ABŞ-ın Arizona ştatının Senatı Xocalı soyqırımını tanıyıb

Xocalı soyqırımını ABŞ-da tanıyan ştatların sayı 16-ya çatıb

Bakı. 26 fevral. REPORT.AZ/ ABŞ-ın Arizona ştatının Senatı fevralın 25-də Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edib. Qətnamə Senatın plenar iclasında iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.

Bu barədə “Report”a Konsulluqdan məlumat verilib.

Qətnamədə bildirilir ki, erməni silahlı qüvvələri 25-26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insanı yaralayıb və 1200-dən artıq insanı əsir götürüb. “Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətliam olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və müxtəlif ABŞ ştatlarının müvafiq qətnamələr qəbul edərək, bu qətliamı pislədikləri vurğulanır. Qətnamədə bu faciəni törədənlərin hələ də ədalət qarşısında cavab vermədikləri bildirilərək, Dağlıq Qarabağ və 7 ətraf rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin hələ də işğal altında olduğu qeyd olunur.

Eyni zamanda, bildirilir ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Ermənistanın Azərbaycan ərazilərinin işğal edilməsi pislənib.

Sonda, Arizona ştatının Senatı tərəfindən 26 fevral 2015-ci il tarixinin Xocalı faciəsinin 23-cü ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir.

Qeyd edək ki, bu, Arizona ştatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilən ilk rəsmi sənəddir. Bununla, Xocalı soyqırımını ABŞ-da tanıyan ştatların sayı 16-ya çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi