Yuxarı
    Bağlamaq

    ABŞ Dövlət Departamenti İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıb

    Dövlət Departamenti: Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzrə əməkdaşlıq etməyə ümid edirik

    Bakı. 29 mart. REPORT.AZ/ Birləşmiş Ştatlar Azərbaycan Respublikası Ali Məhkəməsinin İntiqam Əliyevin şərti həbs cəzasıyla azadlığa buraxılması qərarını alqışlayır. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında deyilir.

    Bəyanatda qeyd edilir ki, bu qərara Azərbaycan Prezidentinin martın 17-də imzaladığı əfv sərənəcamı da təsir edib.

    "Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzrə əməkdaşlıq etməyə ümid edirik", - deyə bəyanatda bildirilir.

    Martın 28-də Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə qərarına əsasən, İ.Əliyev 5 il şərti həbs cəzası olmaqla azadlığa buraxılıb.

    Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İ.Əliyev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə hökmü dəyişməyib.

    Vəkil Cavad Cavadov isə məhkəmə hökmünün dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İ.Əliyevin kassasiya şikayəti təmin edilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi