Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan müstəqillik illərində müntəzəm olaraq Qərbin ikili standartları ilə üz-üzə qalıb. Vaxt keçdikcə aydın olub ki, bu yanaşmanın kökündə müxtəlif xarici dairələrin, xüsusilə ABŞ-ın geosiyasi və strateji maraqları durur. ABŞ-da bəziləri düşünürlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da Vaşinqtonun cızdığı çərçivədən kənara çıxmamalıdır. Yəni rəsmi Bakı yalnız tapşırıqlar yerinə yetirməlidir. Məsələn, Azərbaycan təbii sərvətlərinin bölgüsünü və ixracını Vaşinqtonda müəyyən edilmiş qaydada həyata keçirməlidir. Dağlıq Qarabağın müqəddəratı heç bir müdaxilə olmadan Vaşinqtonda həll edilməlidir və Azərbaycan da istənilən nəticə ilə razılaşmalıdır. Azərbaycanın xarici siyasəti Amerikanın istək və arzuları ilə tam uyğunlaşdırılmalı, ayrı-ayrı ölkələrlə münasibətlərinin konturları Dövlət Departamenti tərəfindən təyin edilməlidir. Hakimiyyət seçimi hüququ Azərbaycan xalqına deyil, Ağ Evə məxsus olmalıdır.
Bu, tamamilə yanlış düşüncə tərzidir. Azərbaycan artıq əyani şəkildə sübut edib ki, müstəqil dövlət olaraq daxili və xarici siyasətini, beynəlxalq əlaqələrini özü müəyyənləşdirir və bunun üçün hansısa güc mərkəzinin, kənar qüvvənin məsləhətlərinə ehtiyac görmür. Azərbaycanın milli sərvəti – enerji potensialı ilk növbədə Azərbaycan dövlətinin inkişafını və Azərbaycan xalqının rifahını təmin etməli, sonra isə həm regional tərəqqiyə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməlidir. Azərbaycan heç bir halda öz ərazi bütövlüyündən imtina etmək niyyətində deyil və beynəlxalq hüquqa, ədalət prinsipinə arxalanaraq, bu yolda istənilən təzyiqə cavab vermək gücündə və əzmindədir. Azərbaycan xalqı hesab edir ki, hakimiyyət seçimi onun müstəsna hüququdur və hansısa paytaxtların rəsmi dairələrində deyil, məhz Azərbaycanda, onun iradəsinə uyğun, seçki yolu ilə müəyyən edilməlidir. Azərbaycan iqtidarı xalqın seçiminə hörmətlə yanaşır və bundan sonra da məhz belə olacaqdır.
Ancaq Qərbdə birmənalı olaraq dərk etməlidilər ki, Azərbaycan xalqı xarici fondlardan maliyyələşdirilən kiçik qruplar deyil, 9.5 milyon insan və 5 milyona yaxın seçicidir. İctimai fəal, müstəqil jurnalist bir neçə nəfər kosmopolit və milli ideyaya qənim kəsilmiş şəxs yox, yüzlərlə QHT və media təmsilçisidir. Xədicə İsmayıl və Leyla Yunus kimilərinə xaricdə mələk donu geyindirilə bilər, amma Azərbaycanda onları yaxşı tanıyırlar və ölkə ictimaiyyəti bu insanların fəaliyyətinə düzgün qiymət verildiyinə əmindir.
Bəlkə buna görə ABŞ-ın bəzi dairələri belə fikirləşməyə başlayıblar ki, Azərbaycan artıq Qərbi və onun dəyərlərini “inkar etmək” yolunu tutub. Guya Azərbaycan nə Avropa məkanına inteqrasiyada maraqlı deyil, nə də Vaşinqton və onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmək istəyir. Bəlkə bu səbəbdən Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilən “The Washington Post” qəzeti başda olmaqla bəzi Qərb KİV-lərində Azərbaycanın əleyhinə heç bir tərəfdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan, namərdcəsinə yazılan (və ya yazdırılan) qondarma materialların sayı durmadan artır. ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Human Rights Watch”, “Freedom House”və digər bu kimi təşkilatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Təkcə ABŞ mediası və təşkilatları deyil, həm də Avropanın bir sıra vətəndaş cəmiyyəti institutları və media orqanları Azərbaycana qarşı əsl səlib yürüşünə təhrik edilir.
Əlbəttə, Azərbaycana qarşı əsassız ittihamların, qeyri-obyektiv və qərəzli münasibətin motivləri, təşkilatçıları və iştirakçıları məlumdur. Uzun illər Azərbaycan belə ittihamlara dözümlü yanaşıb, bu kimi ədalətsiz hücumların strateji tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına kölgə salmaması üçün əlindən gələni edib. Həm rəsmi, həm də qeyri-rəsmi formatlarda, müxtəlif ikitərəfli görüşlərdə, ayrı-ayrı tədbirlər çərçivəsində qaldırılan məsələlərə dair izahatlar verilib, irəli sürülən iddiaların əsassız olduğu diqqətə çatdırılıb. Azərbaycan bir tərəfdən aydın şəkildə göstərib ki, öz strateji seçiminə, vəzifə və öhdəliklərinə sadiqdir. Digər tərəfdən isə hamıya nümayiş etdirib ki, müstəqil bir dövlət kimi dünya siyasətinin bütün aktorları ilə əlaqələrini bərabərhüquqlu əməkdaşlıq çərçivəsində qurmaq əzmindədir və heç bir halda öz milli maraqlarına real təhlükə yaradan addımlar atmayacaqdır. Bu kontekstdə Azərbaycanın ABŞ və Avropa İttifaqına münasibətini bir növ səmimiyyət etalonu adlandırmaq da olar. Faktlara diqqət yetirək.
1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın xarici siyasətinin konseptual əsaslarını, məqsəd və prinsiplərini formalaşdırdı. Azərbaycanın xarici siyasəti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, onun milli mənafeləri ilə xarici aləmin maraqları arasında ümumi birgəyaşayış qaydaları və normaları əsasında uzlaşdırılmış münasibətlər sistemini yaratmağa yönəldildi. Qərblə münasibətlərin qurulması və avrointeqrasiya Azərbaycanın xarici siyasət strategiyasının başlıca istiqamətlərindən birini təşkil etdi.
1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı və ciddi təzyiqlərə baxmayaraq, məhz Azərbaycanın səyləri nəticəsində Qərbin enerji şirkətləri Xəzər regionunun karbohidrogen ehtiyatlarının hasilatına cəlb olundular. Bununla da Azərbaycan Xəzər regionunu ABŞ və Qərbin üzünə açdı.
1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycanın demokratiya yolu ilə inkişafı başlıca hədəf kimi müəyyən edildi. Ölkədə həm qanunvericilik, həm də praktiki sahədə liberal islahatlar həyata keçirildi, bazar iqtisadiyyatı inkişaf etdi, fundamental insan hüquq və azadlıqları təmin olundu. Azərbaycanda çoxpartiyalı sistem formalaşdı, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın inkişafına hərtərəfli şərait yaradıldı.
2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv seçildi, 2009-cu ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşuldu.
Güclü təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan Qərbdəki tərəfdaşları ilə birlikdə öz enerji resurslarının nəqli marşrutlarını şaxələndirməyə, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəməri layihələrini reallaşdırmağa nail oldu. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təminatı üçün etibarlı zəmin yaratdılar. Sonrakı mərhələdə məhz Azərbaycanın liderliyi və təşəbbüsü ilə “Cənub” qaz dəhlizi, Trans-Adriatik və Trans-Anadolu qaz layihələrinin reallaşdırılmasına başlandı. Bunun nəticəsində Avropanın enerji təhlükəsizliyi daha da güclənəcəyi şübhəsizdir.
1994-cü ildə Azərbaycan NATO “Sülh naminə tərəfdaşlıq” proqramı üzrə çərçivə sənədinə qoşulmaqla bu qurumla genişmiqyaslı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə başladı. Sonrakı illərdə Azərbaycan proqramın fəal üzvlərindən birinə çevrildi.
Azərbaycan müəyyən ekstremist dairələrin təzyiq və təhdidlərin göz önünə alaraq, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktına reaksiya verən və bu aktı pisləyən ilk ölkələrdən biri oldu.
Azərbaycanın sülhməramlı tağımları 1999-2008-ci illərdə Kosovoda, 2003-2008-ci illərdə İraqda sülhyaratma missiyasının tərkibində iştirak etdilər. 2002-ci ildə analoji missiyanı Əfqanıstanda həyata keçirməyə başlayan Azərbaycan əsgərləri bu gün də həmin ölkədə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Azərbaycan öz hava məkanını açmaqla və mövcud hava nəqliyyatı infrastrukturundan istifadə imkanlarına şərait yaratmaqla, Əfqanıstanda dislokasiya olunmuş NATO hərbi kontingentinin təchizatına mühüm dəstək göstərir.
Əlbəttə, siyahını davam etdirmək də olar. Ancaq istənilən halda həqiqət ondan ibarətdir ki, Azərbaycan ABŞ və Qərb dövlətləri ilə münasibətlərində həmişə səmimi olub, müxtəlif istiqamətlərdən yönəlmiş təzyiq və təhdidlərə baxmayaraq, əməkdaşlıq əlaqələrini inkişaf etdirib və ümumi işə öz töhfəsini verib. Bəs bunun qarşılığında nə alıb? Qərb də Azərbaycanla münasibətlərində səmimi olmağı bacarıbmı? Cavab birmənalıdır: YOX!
Çünki artıq 1990-cı illərin ikinci yarısından etibarən ABŞ-ın müəyyən dairələri Azərbaycanla bağlı müxtəlif bədbin ssenarilər hazırlamağa və həyata keçirməyə başlıdılar. İnsan haqları məsələsinin süni şəkildə qabardılması, seçki prosesinin gözdən salınması, korrupsiya haqqında miflərin yaradılması və digər bu kimi əsassız ittihamların başlıca məqsədi böyük iradə və əzmkarlıq göstərərək uğurla inkişaf edən, qısa zamanda beynəlxalq aləmdə nüfuz sahibinə çevrilən, zəngin enerji potensialını öz xalqının rifahına yönəltməyə çalışan bir müsəlman ölkəsini sarsıtmaq, onu milli dövlət quruculuğundan, ümummilli problemlərinin həllindən yayındırmaq, dünya ictimaiyyəti qarşısında imicini korlamaq idi. Artıq ümummilli lider Heydər Əliyevin vəfat etdiyi 2003-cü ildə bu ssenarinin ilk konturları özünü açıq şəkildə büruzə verməyə başladı.
Qeyd edək ki, həmin illərdə əvvəlcə Serbiyada, sonra isə Ukrayna, Gürcüstan və Qırğızıstanda rəngli inqilablar vasitəsilə hakimiyyət çevrilişləri həyata keçirildi. 2005-ci ildə də ABŞ-ın səfiri Rino Harnişin rəhbərliyi ilə bu bədniyyətli ssenarinin Azərbaycanda reallaşdırılması istiqamətində addımlar atıldı. Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar. Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və “hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələmtələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu.
Aradan bir neçə il keçdikədn sonra hakimiyyət çevrilişləri və inqilabların yeni ssenarisi ərəb dünyasını titrətdi. Bu dəfə proses “ərəb baharı” adını aldı. Tunus, Misir, Liviya, Yəmən, Suriya kimi dövlətlərdə baş vermiş qarşıdurma və hərbi əməliyyatlar nəticəsində minlərlə insan qətlə yetirildi, milyonlarla insan isə baş götürüb öz ölkəsindən qaçmağa məcbur oldu. Bu gün də həmin ölkələrdə iqtisadi tənəzzül, sosial gərginlik, vətəndaş qarşıdurması səngimir. Hesab etmək olar ki, həmin dövrdə baş vermiş bəzi hadisələr “ərəb baharı”nın mexaniki şəkildə Azərbaycana köçürülməsi məqsədini güdüb. 2012-ci ilin martında Quba və 2013-cü ilin yanvarında İsmayıllıda təşkil edilmiş iğtişaşlar dünyaya “xalq üsyanları” adı altında sırındı, radikal müxalifət və “5-ci kolon” təşəbbüsü ələ almağa və prosesləri idarə etməyə çalışdılar. Bu baxımdan REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun dərhal İsmayıllıda peyda olmaları heç də təsadüfi xarakter daşımırdı. 2013-cü ilin dekabrında isə Azərbaycanda çevrilişin Tunis ssenarisi təcrübədən çıxarıldı. Qarabağ müharibəsi əlili Zaur Həsənov özünə od vurub yandırdı, radikal müxalifət, “5-ci kolon” və xarici təşkilatlar dərhal anti-Azərbaycan isteriyasına start verdilər.
Ekspertlər hesab edirlər ki, 2013-cü ilin yanvarında radikal müxalifət partiyalarının fəalları olan bir qrup başıpozuq gəncin “əsgər ölümünə etiraz” aksiyaları və “molotov kokteyli inqilabı” da Ukraynadan əvvəl Azərbaycanda sınanmış və iflasa uğramış ssenari olub. Bu aksiyaların əsas təşkilatçısı olan ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorevs isə hesabından çıxardığı 2 milyon dolların hansı məqsədlərə xərcələndiyinə dair heç bir izahat verə bilməyərək, biabırçı şəkildə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Hesab etmək olar ki, bundan bir az sonra səfir Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsində Azərbaycana “od püskürməsi” və ölkəni “inqilabla” hədələməsi məşhur bir film qəhrəmanının “nevinovataya ya” hayqıraraq öz rəhbərliyi qarşısında məsuliyyəti üzərindən atmaq cəhdi idi. Hər halda, Morninqstarı təlimatlandıranlar gərək ahıl yaşlı diplomata R.Harnişin aqibətini rəva görməyəydilər və ona şərəflə missiyasını başa çatdırıb öz ölkəsinə qayıtmasına şərait yaradaydılar. Yeri gəlmişkən, deyilənə görə, bu şəxslər indiyə kimi də işsizdirlər.
Bütün bu “çevriliş planlarının” məntiqi nəticəsi kimi Qərb dairələri Azərbaycan xalqının ayıq-sayıq olduğuna, təxribatlara uymadığına və mövcud hakimiyyətə hərtərəfli dəstək verdiyinə bir daha əmin oldular. Ümid edirik ki, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekura bu həqiqətdən və sələflərinin aqibətindən düzgün nəticə çıxaracaq.
Unutmaq lazım deyil ki, ABŞ və Avropanın siyasi laboratoriyalarında işlənib hazırlanmış bu ssenarilərin həyata keçirilməsinə milyonlarla dollar vəsait sərf edilmişdi. Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən və Qərblə əməkdaşlığa başladıqdan sonra ABŞ və Avropanın müxtəlif fondları demokratiyanın inkişafına dəstək adı altında Azərbaycanda ələbaxan müxalifət, QHT və media formalaşdırmaq üçün ardıcıl addımlar atdılar. Şərti olaraq “5-ci kolon” adlandırılan bu qurumların və fərdlərin əsas missiyası, vəzifələri, fəaliyyəti haqqında artıq kifayət qədər yazıldığına görə, bu mövzunun üzərində geniş dayanmağa lüzum yoxdur. Qısaca onu qeyd etmək lazımdır ki, ABŞ və Avropa vergi ödəyicilərinin hesabına formalaşdırılan “5-ci kolona” ayrılmış vəsaitin miqyası həqiqətən də onların Azərbaycanla bağlı ciddi planlarının olduğunu deməyə tam əsas verir. Məsələn, yalnız son bir neçə ildə ABŞ-ın Milli Demokratiya Fondu Azərbaycan QHT-lərinə 3 milyon manata yaxın, Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası 1 milyon manat, Avropa Demokratiyaya Dəstək Fondu 300 min manat, Lixtenşteynin Açıq Cəmiyyətə Dəstək Fondu 7,6 milyon manat vəsait ayırıb. Bundan başqa ABŞ-ın digər təşkilatlarının, Böyük Britaniyanın, Danimarkanın, Norveçin, Almaniyanın və müxtəlif Avropa ölkələrinin ayırdıqları qrantların ümumi həcmini təsəvvür etmək belə çətindir. Üstəlik, məlumdur ki, bəzi Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri müxalifətə və QHT-lərə fərdi qaydada birbaşa qeyri-qanuni yardımlar göstərirlər və şübhə yoxdur ki, bu ayırmalar hələ də davam edir. Müstəqil ekspertlərin hesablamalarına əsasən, ABŞ və onun Avropadakı müttəfiqlərinin müxtəlif fondlar vasitəsilə və ya birbaşa Azərbaycanın radikal müxalifətinə, qeyri-hökumət təşkilatlarına, mediaya və hüquq müdafiəsi, vəkillik fəaliyyəti və s. sahələrdə çalışan şəxslərə ötürdükləri vəsaitin ümumi illik həcmi 60 milyon dollar ətrafındadır.
Əgər bu məkrli planlar ABŞ və bəzi Avropa ölkələrinin Azərbaycanın səmimi siyasətinə cavabıdırsa və “dost” münasibətin təzahürü kimi səciyyələndirilirsə, onda bizim və onların dostluq və səmimiyyət haqqında anlayışlarımız tam fərqlidir.
Məlumdur ki, müstəqillik illərində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həlli, ölkənin ərazi bütövlüyünün təmin edilməsi Azərbaycanın xarici siyasətinin ən başlıca hədəflərindən birini təşkil edib. Beynəlxalq təşkilatlara üzvlük, bu qurumların çərçivəsində göstərilən fəallıq, ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibərlərin inkişaf etdirilməsində də əsas məqsədlərdən biri ümummilli problemimizin həllinə dəstək qazanmaq olub. Etiraf edilməlidir ki, bu istiqamətdə kifayət qədər uğurlar əldə olunub. Bu gün dünyanın BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi aparıcı təşkilatları Ermənistanı işğalçı dövlət kimi tanıyan və erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edən qərar və qətnamələr qəbul ediblər.
Təəssüf ki, ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu həmsədrlərinin 20 ildən artıq fəaliyyəti sözçülükdən və bütün məsuliyyəti münaqişə tərəflərinin üzərinə atmaqdan uzağa getməyib. Özünü dünyada haqq və ədalətin carçısı kimi qələmə verən ABŞ Dağlıq Qarabağın separatçı rejiminə rəsmi və qeyri rəsmi şəkildə on milyonlarla dollar həcmində yardım göstərən yeganə ölkədir. Separatçı rejimin ABŞ-da təmsilçiliyi fəaliyyət göstərir, qondarma “DQR”in başçıları isə hər il bu ölkədə marafon keçirərək külli-miqdarda vəsait yığırlar. ABŞ-ın hər il Ermənistana ayırdığı yardım özünə tərəfdaş hesab etdiyi Azərbaycana ayrılmış vəsaitdən çox olur. BMT Təhlükəsizlik şurası qərar qəbul etməmiş və yaxud da qəbul etdiyi qətnamənin mürəkkəbi qurumamış NATO Serbiyanın, Liviyanın altını üstünə çevirir, amma həmin ali qurumun 4 məlum qətnaməsi 20 ildən artıqdır ki, icra olunmur. Qondarma Abxasiya, Cənubi Osetiya ilə bağlı konkret mövqe ortaya qoyulur, Ukraynanın separatçı bölgələrinin rəhbərlərinə, onları dəstəkləyən dövlətlərə, hətta Krıma qarşı personal qaydada sanksiyalar tətbiq olunur, amma Dağlıq Qarabağdakı qondarma rejimin başçısı bütün dünyanı gəzib dolaşır və hər yerdə qəbul edilir.
2008-ci ildən başlayaraq Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı ABŞ Administrasiyasının rəsmi Ankaraya ciddi təzyiqlər göstərdiyi məlumdur. Həmin dövrdə Azərbaycanın arxasından aparılan danışıqlar həm də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını, qarşılıqlı münasibətlərin tənzimlənməsini nəzərdə tuturdu. Təbii ki, bu proses Azərbaycan və Türkiyə ictimaiyyətində geniş rezonans və hiddət doğurdu, AKP hakimiyyəti iki qardaş xalqın birgə maraqlarını nəzərə almağa dəvət olundu. Prosesin ciddi narahatlığa yol açan istiqamət üzrə cərəyan etdiyi 2009-cu ilin aprelində ABŞ Prezidenti B.Obamanın Türkiyəyə iki günlük rəsmi səfəri də birmənalı qarşılanmadı. Bu səfərlə bağlı Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Canan Artman deyirdi: “Bizdə olan çox dəqiq məlumatlara görə, Obama Türkiyəyə nəsə verməyə yox, Türkiyədən nələrsə almağa gəlir. Amerikanın Türkiyəyə təklif etdiyi şərtlər bizim maraqlarımıza qətiyyən uyğun deyil. Konkret desək, Obama Ankaraya Quzey İraqdakı kürd muxtariyyatını “Kürdüstan” kimi qəbul etdirməyə, Ermənistanla sərhədləri açdırmağa və Trabzon limanından Əfqanıstana silah-sursat, başqa məhsullar daşınmasına razılıq almağa gəlir. Bunların heç birini qəbul etmək olmaz və biz Obamaya Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı da etiraz edəcəyik”. Ancaq səfərin Azərbaycan ictimaiyyəti üçün ən maraqlı tərəfi əvvəlcə ABŞ-ın o vaxtkı Dövlət katibi xanım Hilari Klintonun, sonra isə Prezident Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi təkidlə Türkiyəyə dəvət etməsi oldu. Sirr deyil ki, Türkiyədə Azərbaycan və ABŞ prezidentlərinin görüşünün təşkil edilməsi və İlham Əliyevin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razı salınması üçün ciddi səy göstərilirdi. Əslində, Azərbaycan ictimaiyyəti İlham Əliyevin milli maraqlara zidd hər hansı addım atacağını istisna edirdi. Bunu həmin dövrdə mediada açılmış diskussiyalar da təsdiqləyirdi. Ancaq Azərbaycan Prezidentinin ümumiyyətlə bu görüşə getməmək qərarı bir tərəfdən Azərbaycan xalqının mövqeyini ifadə etdisə, digər tərəfdən də “açılım prosesinin” təşkilatçılarını və icraçılarını şok vəziyyətinə saldı. İlham Əliyev açıq şəkildə hamıya göstərdi ki, ona təzyiq göstərmək, milli maraqlara zidd addım atmağa təhrik etmək mümkün deyil. Məhz Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyləri, onun Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin qorunub saxlanması və inkişafına böyük önəm verməsi, habelə hər iki ölkə ictimaiyyətinin, mediasının Azərbaycan Prezidentinə birmənalı dəstəyi nəticəsində bu təhlükəli presedentin qarşısı alındı. Nəticədə 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə ilə Ermənistanın xarici işlər nazirləri müvafiq protokolları imzalasalar da, bu ölkələrin parlamentləri həmin sənədləri təsdiq etmədilər.
Cəmi bir neçə il keçdikdən sonra Türkiyə hakimiyyəti öz təcrübəsində ABŞ-ın iradəsinə uyğun şəkildə Cənubi Qafqazda, xüsusilə Ermənistanla bağlı yürütdüyü “sıfr problem” siyasətinin nə öz ölkəsinin, nə də Azərbaycanın maraqlarına cavab vermədiyini aydın şəkildə görmək imkanı qazandı. Çünki 2013-cü ildə ABŞ və Avropadan qidalanan “Gəzi” hadisələri, AKP hakimiyyətini devirmək cəhdləri qardaş ölkənin rəhbərlərinə əyani şəkildə göstərdi ki, dünənə kimi “müttəfiq” və “silahdaş” olanlar bu gün öz maraqlarını həyata keçirmək üçün istənilən addıma hazırdırlar.
Təəssüf ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması cəhdləri heç də səngiməyib və qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində yenidən aktuallaşdırılıb. Son məlumatlara görə, ABŞ və Avropanın fondları Türkiyədəki ermənipərəst vəqflərin bu istiqamətdə fəaliyyətini dəstəkləmək məqsədilə külli-miqdarda vəsait ayırıblar. Məsələn, hazırda reallaşdırılan “Ermənistan-Türkiyə normallaşma sürəcinə dəstək proqramı” 2014-cü ilin yanvar ayında fəaliyyətə başlayıb. Proqramın sponsoru Avropa Birliyidir və onun həyata keçirilməsinə 2 milyon avro vəsait ayrılıb. Proqrama rəhbərliyi Türkiyədə qətlə yetirilmiş erməni jurnalist Hrant Dinkin həyat yoldaşı Rahil Dink həyata keçirir. Proqramın məqsədi Türkiyə və Ermənistan arasında münasibətlərin qurulması və sərhədlərin açılması məsələsinə ictimai zəmin hazırlamaqdır.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirir ki, “biz Ukrayna hadisələri fonunda və yaxud da ondan qabaq – Liviyada, Misirdə, Suriyada BMT Təhlükəsizlik Şurasının, ABŞ-ın, Qərb dövlətlərinin qətiyyətli mövqelərini görəndən sonra, başladıq bunların üzərinə getməyə ki, axı sizə indiyə qədər Dağlıq Qarabağı ermənilərin işğal etdiyini, onları dəstəkləyən qüvvələr olduğunu deyirdik. Nəyə görə bu vaxta kimi işğalçı Ermənistanın, separatçı “DQR”-in rəhbərlərinə qarşı sanksiya tətbiq olunmayıb? Nəyə görə, indiyə qədər Dağlıq Qarabağa gediş-gəliş qadağan edilməyib? Niyə Ukraynada tətbiq olunan sanksiyalar – Dağlıq Qarabağ və onun separatçı rejiminə qarşı tətbiq olunmur? Məhz bunları görəndən sonra biz başladıq Qərblə onların öz dilində danışmağa. Biz hal-hazırda ABŞ-la, Qərb institutları ilə xüsusən də beynəlxalq dairələrlə öz dilində danışırıq ki, Azərbaycan sizə nə qədər lazımdırsa, siz də bizə o qədər lazımsınız. Bizə dərs verirlər. Bizi öyrədirlər. Biz artıq öyrənmək, dərs almaq mərhələsini keçmişik. Biz bilirik insan hüquqları nədir. Biz deyirik ki, əgər insan hüquqları doğurdan da bu dairələr üçün belə dəyərlidirsə, buyursunlar Dağlıq Qarabağdan didərgin salınmış bir milyon insanın adi milli vətəndaş hüquqlarını bərpa etsinlər. Ən azından onların öz yerlərinə qaytarılmasını təmin etsinlər”.
Acı olsa da, etiraf etməliyik ki, Azərbaycan nə qədər ABŞ və Qərbə qucaq açırsa, onlar da bir o qədər Ermənistanı bərk bağrına basırlar.
Rəsmi Vaşinqton, ABŞ-ın insan haqları təşkilatları Ermənistanda tüğyan edən özbaşınalığa, seçki saxtakarlığına göz yumur, bu ölkədə parlamentin, dinc aksiyaçıların gülləbaran edilməsini qulaq ardına vurur, amma Azərbaycanda az qala hansısa bir jurnalistin, QHT nümayəndəsinin qripə yoluxmasını hakimiyyətin adına yazmağa çalışırlar. Nəyə görə regionun başqa bir ölkəsində yüzlərlə “siyasi məhbusun” olmasının üzərindən sükutla keçilir, insanların təqib olunması, haqsız yerə həbsə alınması və digər bu kimi hallar barədə danışılmır, amma Azərbaycanda ən adi bir məsələ belə qərəzli şəkildə şişirdilir. Sual oluna bilər ki, məgər Devid Kramer ABŞ Dövlət Departamentindən “Freedom House” təşkilatının rəhbərliyinə yalnız Azərbaycanın “təəssübünü çəkmək” üçün gətirilib?! Yaxud nədən keçmiş səfir Riçard Kozlariç yuxusunda da yalnız Azərbaycanı, özü də mümkün qədər tünd rəngdə görür? Əlbəttə, bütün bunlar sual doğurmaya bilməz. Buna görə də Əli Həsənov deyir ki, “tənqid prinsiplərə söykənməlidir... Davamlı şəkildə olmayan bir şeyi bizə məcburi qaydada qəbul etdirmək istəyirlər. Amma eyni sahədə özlərinə aid olan hüquqlardan vaz keçirlərsə, əlbəttə biz onlara cavab veririk... Biz bir-birimizə tövsiyələr, hansısa məsələlərdə məsləhət verə bilərik. Bu məsləhətləri qəbul edib-etməmək o dövlətin öz işidir. Amma hansısa bir mətbuat katibinin nümayəndəsi imperativ şəkildə deyəndə ki, Azərbaycan mütləq bunu etməlidir, bu, əlbəttə ki, qəbuledilməzdir”.
ABŞ-ın ikili siyasəti, təzyiq cəhdləri məhz bu məsələlərlə məhdudlaşmır. Vaşinqton Azərbaycanın həm regionda, həm də dünyada ikitərəfli əlaqələrini də idarə etməyə cəhdlər göstərir. Hesab olunur ki, Azərbaycan region dövlətləri ilə, məsələn, Rusiya və İranla münasibətlərini məhz ABŞ-ın maraqlarına uyğun qurmalıdır. Bu halda həmin ölkələrin dünya siyasətində çəkisi, regional və qlobal proseslərə təsir imkanları, Azərbaycanla ikitərəfli münasibətlərinin səviyyəsi, əhəmiyyətlilik dərəcəsi və digər bu kimi məsələlər nəzərə alınmır. Əgər bu cəhdlər heç bir səmərə vermirsə, növbəti mərhələdə şantaj, təxribat və dezinformasiya kimi vasitələrdən istifadə olunur. Məsələn, bu il avqustun 23-ü İran səmasında, Nətənz nüvə mərkəzi üzərində pilotsuz kəşfiyyatçı təyyarə vuruldu və belə bir sual yarandı ki, bu təyyarə hansı ölkədən havaya qalxıb? İsrailin “Debkafile” saytı pilotsuz təyyarənin Azərbaycana məxsus olduğunu və Naxçıvandan havaya qalxdığını iddia etdi. Bunun ardınca dünyanın aparıcı informasiya agentliklərindən biri, həmçinin bəzi Qərb KİV-ləri həmin məlumatı tirajladılar. Hətta iddia olundu ki, bu, guya Azərbaycanın vaxtilə Dağlıq Qarabağ səmasında vurulmuş pilotsuz təyyarəsinə bənzəyir. Təəssüf ki, İranın hərbi dairələri də həmin məlumatların təsiri altına düşərək, öncə təyyarənin məhz Azərbaycandan qalxdığını iddia etdilər. Lakin məsələnin hərtərəfli təhlili göstərdi ki, kimlərsə bu təxribatla Azərbaycan-İran münasibətlərini süni şəkildə gərginləşdirməyə çalışır.
Bu baxımdan dekabrın 12-də və 16-da İsrailin “Haaretz” nəşrində dərc olunmuş iki material diqqəti çəkməyə bilməz. Birinci məqalənin giriş hissəsində ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsi qərəzli şəkildə şərh olunsa da, sonra müəllif məntiqi ardıcıllığı gözləmədən cari ilin avqustunda İran ərazisində vurulmuş pilotsuz təyyarə ilə bağlı mövzuya keçir. Məqsəd bu məsələni növbəti dəfə qərəzli şəkildə qabardaraq rəsmi Tehranın diqqətini cəlb etməkdir. İkinci məqalədə isə iddia olunur ki, guya Azərbaycanda insan hüquqları ilə bağlı durumun “pisləşməsi” rəsmi Tel-Əvivi çətin duruma salır. Üstəlik, guya Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri və görüşləri İsraildə narahatlıq doğurur. Aydın məsələdir ki, bu materiallar İsrailin ən nüfuzlu mətbuat orqanlarından birində jurnalist təfəkkürünün məhsulu kimi işıq üzü görməyib. Əslində, siyasətdə belə vəziyyət çoxgedişli kambinasiyadan ibarət şahmat partiyasını xatırladır. Buna görə də məhz ABŞ-ın təzyiqi nəticəsində İsrailin bu addımı atması istisna olunmamalıdır.
ABŞ-ın bu tipli metodlardan geniş yararlandığı siyasi prosesləri yaxından izləyən hər bir kəsə məlumdur. Media vasitəsilə dövriyyəyə buraxılan bəzi dezinformasiyalar konkret nüfuzlu şəxsləri, dövlətlərarası münasibətləri, böyük biznes strukturlarını və s. hədəfə götürür və Vaşinqtonun maraqlarını təmin etmək məqsədi güdür. Hətta vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin Dövlət Departamenti ilə Wikileaks saytında verilmiş bəzi yazışmalarına da ciddi əl gəzdirilmişdi. Bu dezinformasiya dövlət başçıları səviyyəsində regionun bəzi böyük ölkələri ilə Azərbaycanın əlaqələrinə zərbə vurmaq məqsədi güdürdü.
Bu gün ABŞ həm də Azərbaycanın Avropa İttifaqı, “köhnə qitə”nin bəzi aparıcı dövlətləri ilə yaxşı əlaqələrini zəiflətmək üçün əlindən gələni edir. Təbii ki, müəyyən Avropa dairələrinin və müstəqil təşkilatlarının Azərbaycana qarşı qərəzli münasibətində erməni lobbisinin və ölkəmizdən bu və ya digər səbəblərdən incik düşən ayrı-ayrı qrupların maraqlarını da istisna etmək olmaz. Amma Avropa İttifaqının sabiq prezidenti Joze Manuel Barrozu ilə keçmiş komissarlar Ketrin Eşton və Ştefan Fülenin Azərbaycanla bağlı açıqlamaları və bəyanatları arasında bu qədər böyük ziddiyyətlər tək erməni amili ilə izah olunacaq məsələ deyil. Avropa Parlamentində, çox güman ki, okeanın o tayından idarə olunan məlum bir qrupun Azərbaycana qarşı xüsusi fəallığı, 700-dən artıq deputatı olan bir qurumun adından 30-40 nəfərin qətnamə qəbul etməsi ikili standartların nümunəsi deyil, bəs nədir? ABŞ-ın Priston və Kaliforniya universitetlərində təhsil almış və bu ölkədə yaşamış Avropa Şurasının İnsan hüquqları komissiyasının sədri, latviyalı Nils Mujnieksin Azərbaycana qarşı əsasız ittihamları da məhz ABŞ-dan qidalanır. Yaxud ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun məhz Vaşinqtonun diqtəsi ilə hərəkət etdiyi hamıya bəllidir. Hətta belə bir zarafat var ki, bu quruma rəhbər təyin etməyə ehtiyac yoxdur, onsuzda ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi nə deyirsə, o da olacaq. Əslində, burada təəccüblü heç nə yoxdur. ATƏT də BMT kimi ABŞ maliyyəsindən ciddi şəkildə asılı olan bir qurumdur.
Məlum olduğu kimi, hazırda demokratiya və insan hüquqları amilindən sui-istifadə etməklə müstəqil dövlətlərin daxili işlərinə müdaxilə metodu ABŞ və bəzi Qərb dövlətlərinin geniş yararlandığı praktikadır. Sirr deyil ki, ABŞ təşkilatları bu və ya digər şəkildə dövlət büdcəsi hesabına maliyyələşirlər və əksər hallarda dövlət strukturlarının təlimatları əsasında fəaliyyət göstərirlər. Amma ən maraqlısı budur ki, son illər ABŞ həm də Avropanın əksər tanınmış QHT-lərinə ciddi nüfuz edir və öz vətəndaşlarını həmin qurumlarda rəhbər vəzifələrə yerləşdirir. Bunun müqabilində isə həmin təşkilatlar həm də Amerikanın maliyyə imkanlarından yararlanmaq imkanı əldə edirlər. Bu qurumların rəhbərləri üzbəüz söhbətlərdə etiraf edirlər ki, Azərbaycanla bağlı ardıcıl şəkildə verilən qərəzli bəyanatların arxasında da məhz ABŞ dayanır. Hətta bir çoxları açıq şəkildə deyirlər ki, bununla bağlı onlara çox ciddi təzyiqlər göstərilir.
Birmənalı demək olar ki, dünyanın aparıcı beynəlxalq təşkilatlarının və nüfuzlu xarici QHT-lərin ABŞ-ın özündə baş verən pozuntulara bu qədər loyal münasibətinin arxasında da məhz bu amil dayanır. Əks təqdirdə sual oluna bilər ki, Azərbaycan da daxil olmaqla dünyanın ayrı-ayrı nöqtələrində baş verən hadisələrə bu qədər çevik münasibət göstərən həmin qurumlar Amerikada insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması hallarına nədən göz yumurlar? Nəyə görə ATƏT öz seçki müşahidəçilərinə ABŞ-da bu qədər sərt və hörmətsiz münasibəti belə rahatlıqla həzm edir?
ABŞ-ın nəzarətində olan “müstəqil” QHT-lər tez-tez müxtəlif ölkələri söz və məlumat azadlığının pozulmasında, jurnalistlərin həbsində və s. bu kimi məsələlərdə ittiham edirlər. Amma nədənsə onlar bu ölkənin özündə baş verən hadisələr barədə danışmağı sevmirlər. Yaxşı ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin hələ də satın almadığı və ya ala bilmədiyi bəzi təşkilatlar bəzi həqiqətləri dünyaya çatdırırlar. Pen American Center (PAC) – Amerika Qələm Mərkəzi bu yaxınlarda Ferqyusonda jurnalistlərə qarşı zorakılıq barədə hesabatını açıqlayıb. Sənəddə bildirilir ki, avqustun 9-da polisin qaradərili gənc Maykl Braunu öldürməsindən sonrakı proseslərdə 52 jurnalist polis zorakılığına məruz qalıb. Onlardan 21-i hətta həbs edilib. PAC-ın hesabatına əsasən, jurnalistlərə qarşı belə kütləvi zorakılıq və həbslər yalnız Ferqyusonda baş verməyib. 2008-ci ildə respublikaçıların Minnesotanın Sent Pol şəhərindəki ümummilli qurultayında polis 42 jurnalisti həbs etmişdi. Onların arasında 1200-dən artıq TV və radio kanalında proqramı yayımlanan Eymi Gudmen və onun iki prodüseri də olub. Polislər jurnalistlərə qarşı gözyaşardıcı qazdan istifadə etmiş, hətta onlara odlu silah tuşlamışdılar. PAC-ın hesabatında deyilir ki, Uoll Striti İşğal Et hərəkatı zamanı nə az, nə çox 90 jurnalist həbs edilib. Bu yerdə Dövlət Departamentinin sözçüsü xanım Ceyn Psakiyə tövsiyə etmək istərdik ki, belə məsələlərin “ABŞ-ın daxili işi olduğu” kimi absurd bəyanatlar verməkdənsə, bir neçə il öncə 70-dən artıq media nümayəndəsinin, bu il dekabrın 14-də isə əksəriyyəti jurnalist olmaqla 35 nəfərin Türkiyədə həbs olunmasından narahatlıq keçirməkdənsə, yaxud da jurnalist Xədicə İsmayılovanın həbsi ilə bağlı Azərbaycana “göz ağartmaqdansa”, öz hökumətinin əməlləri barədə danışsaydı, daha obyektiv olardı.
PAC-ın açıqlamasında qeyd olunur ki, 2011-12-ci illərdə ABŞ-ın 12 şəhərində paralel şəkildə keçirilən etiraz aksiyalarını işıqlandıran media təmsilçiləri həm də fiziki zorakılığa məruz qalıb: “Polis tərəfindən media azadlığının 52 dəfə pozulması halı qeydə alınıb. Bunlardan 21-də jurnalistlər həbs edilib. 13 halda jurnalistlər tapança və başqa silahla təhdid edilib, onlara bədən xəsarəti yetirilib. 11 halda isə jurnalistlərin fəaliyyətinə ciddi maneə törədilib: onlar aksiya keçirilən ərazilərə buraxılmayıb və ya hadisə yerindən zorla uzaqlaşdırılıb. 7 halda jurnalistlərə qarşı gözyaşardıcı qazdan istifadə olunub və onlara rezin güllələrlə atəş açılıb”.
İndi Azərbaycan xanım Psakinin açıqlamalarını, “Human Rights Watch”, “Freedom House” və digər bu kimi təşkilatların bəyanatlarını, yaxud da “The Washington Post”un “Azerbaijan imprisons an investigative journalist” (“Azərbaycan araşdırıcı jurnalisti həbs edir”) başlıqlı sayıqlamasını necə səmim qəbul etsin? Yeri gəlmişkən, o da qeyd olunmalıdır ki, “pilotsuz təyyarə” təxribatı kimi bu məqalənin də ABŞ Dövlət Departamentinin viski iyi verən dumanlı otaqlarında eynəkli bir mütəxəssisin qələmindən süzüldüyü bizə bəllidir. Bu işin motivləri də sirr deyil: Sem dayı öz uşaqlarını müdafiə edir. Amma nədən bu qədər qəzəblə, hiddətlə, təhdidlə və təhqirlə? Əgər ABŞ tərəfdaş adlandırdığı müstəqil ölkələrə bu qədər hörmətsiz yanaşırsa, onda bu məqaləyə də heç təəccüblənməməlidir.
Sonda, diqqəti ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə yardımçısı Tom Malinovskinin bu günlərdə “Azadlıq” radiosunun rusdilli “Nastoyaşeye vremya” televiziya proqramına verdiyi qısa müsahibəsinə çəkmək istərdik. O, jurnalistin Azərbaycana qarşı bəyanatlardan başqa mümkün “təsirli addımların” atılıb-atılmaması ilə bağlı suala cavabında deyib: “Hazırda biz Azərbaycanla yüksək rəhbərlik səviyyəsində ciddi müzakirələr aparırıq. Onlar başa düşürlər ki, vətəndaş cəmiyyətini boğmaqla müstəqillik qazanandan bəri mövcud olan ABŞ-Azərbaycan münasibətlərini təhlükə altına qoyurlar”. Daha sonra cənab Malinovski əlavə edib ki, “bu addımlar bizim münasibətləri sual altına salır”. Necə deyərlər, Vaşinqtonun ruhunda çox anlaşılan bəyanatdır. Amma bunu “burnunun ucundan kənarı görə bilməmək”, “qara məni basınca mən qaranı basım” və ya politoloji terminologiya ilə geosiyasi daltonizm də adlandırmaq olar. Vaxtilə Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya, əmək və insan haqları üzrə köməkçisinin müavini Tomas Melianın əvvəlcə söylədiyi, sonra isə təkzib etdiyi digər termindən istifadə edərək, tam səmimi şəkildə demək olar ki, ABŞ Azərbaycanla münasibətləri pisləşdirmək üçün özü çoxdan bəlli prinsipləri pozub və “qırmızı xəttə” çox yaxınlaşıb. Bu isə ritorik bir sual üçün ciddi əsas yaradır: ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi varmı? Bu haqda düşünməyə dəyər.
"Azərbaycan" qəzeti