"ABŞ 30 il ərzində ədalət meyarını unudaraq daima Ermənistanı dəstəkləyən bəyanatlar verdi" - RƏY

"ABŞ 30 il ərzində ədalət meyarını unudaraq daima Ermənistanı dəstəkləyən bəyanatlar verdi" - RƏY "ABŞ hökuməti 30 illik işğal dövründə Qarabağla bağlı keçirdiyi dinləmələrdə ədalət meyarını unudaraq daima Ermənistana dəstək missiyasından irəli gələn bəyanatları ilə diqqətdə olub".
Xarici siyasət
18 Sentyabr , 2023 12:27
ABŞ 30 il ərzində ədalət meyarını unudaraq daima Ermənistanı dəstəkləyən bəyanatlar verdi - RƏY

"ABŞ hökuməti 30 illik işğal dövründə Qarabağla bağlı keçirdiyi dinləmələrdə ədalət meyarını unudaraq daima Ermənistana dəstək missiyasından irəli gələn bəyanatları ilə diqqətdə olub".

"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, "91-lər"dən biri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, ABŞ Senatının Xarici əlaqələr komitəsində Qarabağda vəziyyətlə bağlı keçirilən dinləmələr bir daha dünyaya beynəlxalq hüquq dərsi keçmək iddiasında olan, amma özü bu anlayışın mahiyyətini dərk etməkdən uzaq qalan, riyakarlığı, xəyanəti, satqınlığı dövlət siyasəti səviyyəsinə yüksəldən Birləşmiş Ştatların Azərbaycana qarşı hansı mövqedə dayandığını açıq-aşkar nümayiş etdirib: "Bu ölkəni təmsil edən təşkilatların, xüsusilə “Freedom House” təşkilatının hesabatlarında Ermənistanın demokratik inkişaf baxımından “azad ölkə”, Azərbaycanın isə “qeyri-azad ölkə” kimi təqdim edilməsi azmış kimi, qurum bir qədər də irəli gedərək Qarabağı Ermənistanla Azərbaycanın müştərək ərazisi kimi diqqətə çatdırırdı. ABŞ Dövlət Departamentinin hesabatlarında da rəsmi Vaşinqtonun ikili standartlara əsaslanan siyasətindən irəli gələn əsassız fikirlər öz əksini tapır. ABŞ Konqresinin ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə etməsi də bu ölkənin ölkəmizə qarşı yürütdüyü siyasətə aydınlıq gətirir. Bu kimi faktları çox sadalamaq olar. 30 illik işğal dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü, artıq tarixin arxivinə göndərilmiş ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-dən ədalətli mövqe gözləsə də, bunun mümkünsüzlüyünün şahidinə çevrilib".

V.Rəhimzadə terrorizm və separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu deyərək 2001-ci il sentyabrın 11-də ABŞ-də baş verən terror aktına da diqqət çəkib və həmin terror aktına ilk münasibət bildirən dövlətlərdən birinin Azərbaycan olduğunu xatırladıb: "Ulu Öndər Heydər Əliyev Azərbaycanın terrorizmə qarşı mübarizənin önündə olduğunu önə çəkərək bunu əməli işdə sübut etməyə hazır olduğunu bəyan etdi. Məhz həmin dövrdə Trabzonda Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının birgə görüşü keçirildi, terrorizmlə mübarizəyə dair memorandum imzalandı. Hər zaman terrora dəstək verən işğalçı Ermənistan isə həmin hadisəyə laqeyd münasibəti ilə diqqət çəksə də, yenə də dünyanın ikili siyasətindən bəhrələndi. ABŞ hökuməti Ermənistana bu yanaşmasına görə hansısa sərt münasibəti göstərmədi, əksinə maddi və mənəvi dəstəyinin miqyasını daha da genişləndirdi. Bu, artıq “ikili standartlar"ın dünya üçün qəbul olunan bir prinsipə çevrildiyini bir daha nümayiş etdirdi. ABŞ Konqresi müxtəlif adlar altında maddi və mənəvi dəstəyini həm Ermənistana, həm də onun hərbi-siyasi dəstəyi ilə Azərbaycanın ərazisində yaradılmış qondarma separatçı rejimə də göstərir. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsinin hazırlanmasında bilavasitə iştirak edən və qəbuluna dəstək olan ABŞ və Fransa kimi dövlətlər 30 illik işğal dövründə işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə mane olacağını iddia edirdilər. Təəssüf ki, Ermənistana qarşı təsirli tədbirlər görülmədi. İkili standartlara əsaslanan siyasətlərini işğal faktına münasibətdə seyrçi mövqedə dayanmaqla davam etdirdilər. Tarixdə öz təsdiqini tapmış bu deyimi xatırlatmaq istərdik - bir cinayətin cəzasız qalması növbəti cinayət üçün əsasdır. İşğalçı, terrorçu ölkəni dəstəkləmək bu siyasəti müdafiə etmək deməkdir. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa etdi. Ərazi bütövlüyünü təmin etməklə sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var, sadəcə, onların tətbiqi üçün ikili yanaşmanı kənara qoymaq lazımdır".

Siyasi şərhçi bildirib ki, hazırda Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana verilsəydi, torpaqlar uzun onilliklər işğal altında qalmazdı: "Sözügedən dinləmədən də göründüyü kimi, Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ Azərbaycana qarşı ədalət və beynəlxalq hüquq məfhumlarını unudaraq Ermənistana dəstək nümayiş etdirir. Ermənistanın sülh müqaviləsinin imzalanmasına mane olmaq, prosesi uzatmaq məqsədilə cəbhə xəttində təxribatlar törətdiyi, həmçinin “humanitar böhran” şousundan istifadə etdiyi zamanlara diqqət yetirsək, ABŞ rəsmilərinin Prezident İlham Əliyevə zənglərinin şahidi olarıq. Ermənistana dəstəklərini yaranmış vəziyyətdən narahatlıq adı altında gizlətməyə çalışan ABŞ rəsmiləri tarixi zəfərimizdən ötən üç ilə yaxın dövrdə istəsəydilər işğalçı dövləti sülh müqaviləsinin imzalanmasına məcbur edərdilər. Vaşinqtonda keçirilən son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi. Bu gün istər Dövlət Departamenti, istərsə də Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır".

YAP-ın Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir: "Onun bir müddət əvvəl Qarabağda keçirilmiş qondarma seçkilərə münasibətdə də riyakarlığının şahidi olduq. Belə ki, aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun “seçkiləri"ni tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçki"ni tanımadığını bildirmək məcburiyyətində qaldı. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ABŞ Senatının Xarici əlaqələr komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır. Görünən budur ki, bu gün ABŞ Fransa ilə yanaşı, Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqları dayanır. Rəsmi Vaşinqtonun bugünkü riyakar siyasətinin Ermənistana xeyir verəcəyini düşünmək sadəlövhlük olar".

Son xəbərlər

Orphus sistemi