Yuxarı

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Senatda çıxış edib

Robert Çekuta: Azərbaycan zəngin tarixi və böyük potensialı olan bir ölkədir

Bakı. 18 sentyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizəd, Nyu-York ştatının nümayəndəsi Robert Frensis Çekuta ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edib. 

"Report" xəbər verir ki, R.Çekuta öz çıxışında ona göstərilən etimada və namizədliyinin irəli sürüldüyünə görə prezident Barak Obama və dövlət katibi Con Kerriyə minnətdarlığını bildirib.

"Bütün karyeram boyunca mən xaricdə ABŞ-ın maraqlarını müdafiə etmişəm və bu təcrübəmdən Azərbaycanda da istifadə edəcəyəm" - deyə, Çekuta çıxışı zamanı bildirib. 

R.Çekuta həmçinin qeyd edib ki, Azərbaycan zəngin tarixi və parlaq gələcək üçün böyük potensialı olan bir ölkədir.

ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizəd öz çıxışında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ BMT prinsipləri və digər müvafiq sənədlərə uyğun qaydada uzunmüddətli sülh razılaşmasına nail olmaq üçün tərəflərə köməyini davam etdirir. 

Qeyd edək ki, R.Çekuta ilə yanaşı  ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Ermənistanda səfiri vəzifəsinə namizəd Riçard Mills də çıxış edib. 

İyul ayının əvvəllərində Ağ Ev ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə Robert F.Çekutanın namizədliyini irəli sürüb. Onun namizədliyinin Senat tərəfindən təsdiq olunacağı təqdirdə R.Çekuta bu vəzifədə Riçard Morninqstarı əvəz edəcək. R.Morninqstarın səlahiyyətləri bu ilin yayında başa çatıb və o, Azərbaycanı tərk edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi