Yuxarı

​Nazim İbrahimov: “Azərbaycan və Türk diasporu arasında koordinasiya daha effektli qurula bilər”

Komitə sədri Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Qüdrət Bülbüllə görüşüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Qüdrət Bülbüllə görüşüb. Bu barədə “Report”a Komitədən bildirilib.

Görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Dövlət Komitəsinin sədri Nazim İbrahimov son illər güclənən Azərbaycan və Türk diasporunun birgə fəaliyyətindən danışıb və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Nazim İbrahimov rəhbərlik etdiyi qurumla Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin arasında əlaqələrin inkişaf etdirilməsinin də vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, bu halda Azərbaycan və Türk diasporu arasında koordinasiya daha effektli qurula bilər.

Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Qüdrət Bülbül isə öz növbəsində Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətinin daha effektli olacağını bildirib. Q.Bülbül xüsusilə türk dünyasını narahat edən beynəlxalq əhəmiyyətli məsələlərdə ortaq mövqedən çıxış etməyin böyük əhəmiyyət daşıdığını vurğulayıb və tədricən Azərbaycan və Türk diasporunun birliyinə, hər iki dövləti və xalqı narahat edən problemlərin həllində birgə fəaliyyətinə nail olduqlarını da qeyd edib. Türk diasporunun Xocalı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan diasporunun isə ermənilərin qondarma soyqırım iddialarına qarşı mübarizədə fəal iştirak etdiyini deyən Q.Bülbül birgə fəaliyyətin və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, bu ilin fevral ayından Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Qüdrət Bülbül Bakıya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi ilə yanaşı, bir sıra digər dövlət qurumlarında və türk icmalarında görüşlər keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi