“Low-cost” şirkətlərin bazarı daralır

“Low-cost” şirkətlərin bazarı daralır Avropanın aşağıbüdcəli (low-cost) aviaşirkətləri bu il qışın onlar üçün sərt keçəcəyini proqnozlaşdırırlar
Turizm
209
10 Sentyabr , 2020 12:26
“Low-cost” şirkətlərin bazarı daralır

Avropanın aşağıbüdcəli (low-cost) aviaşirkətləri bu il qışın onlar üçün sərt keçəcəyini proqnozlaşdırırlar.

“Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, Avropanın ən böyük “low-cost”u “Ryanair” bu səbəbdən bəzi ölkələrin bazarlarından çıxmaq niyyətindədir.

Bu barədə açıqlama verən “Ryanair Group”un Baş icraçı direktoru Mişel Olari (Michael O'Leary) bildirib ki, aviaşirkətlərin belə duruma düşməsi Avropada səyahət məhdudiyyətləri və qeyri-bərabərliyə şərait yaradan karantin qaydaları ilə bağlıdır.

Bu şirkətin rəqibi olan “EasyJet” isə artıq 4 500 əməkdaşını ixtisar edib və Birləşmiş Krallıqdakı 3 bazasını bağlanmasını planlaşdırır. Həmçinin bu rübdə gələcək uçuş cədvəllərində ixtisarlar edib.

Ötən həftə “Wizz Air” şirkətində cari rüb üçün əməliyyatların həcmi əvvəllər gözlənilən 80%-dən 60%-ə düşüb.

“Barclays”ın analitiki Rişika Savyani bildirib ki, Avropanın qısaməsafəli uçuş proqramı avqustdakı 47,6%-lik azalmadan sonra sentyabr üçün daha 43% daralıb və bu azalmanın sadəcə bir hissəsidir:

“Biz hesab edirik ki, tələbat bu səviyyədən daha aşağıdır və bu səbəbdən də cari rüb üçün qiymətlərin daha da aşağı enəcəyini düşünürük”.

“Ryanair” bu maliyyə ilində 50 milyon sərnişin daşımağı düşünür ki, bu da ötən ilki göstəricinin üçdə birinə bərabərdir. Qeyd edək ki, şirkət iyul üçün hədəfi 60 milyona endirib, may ayında isə bu rəqəm 80 milyon təşkil edirdi. Bundan sonra sərnişin daşımaları daha aşağı olacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi