Hindistandan Azərbaycana turist axını 3 dəfəyə yaxın artıb

Hindistandan Azərbaycana turist axını 3 dəfəyə yaxın artıb Bakı. 22 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycana səfər etmiş Hindistan vətəndaşlarının sayı 2,75 dəfə artaraq 40 minə çatıb.
Turizm
22 Yanvar , 2019 17:03
Hindistandan Azərbaycana turist axını 3 dəfəyə yaxın artıb

Bakı. 22 yanvar. REPORT.AZ/ "2018-ci ildə Azərbaycana səfər etmiş Hindistan vətəndaşlarının sayı 2,75 dəfə artaraq 40 minə çatıb". 

Dövlət Turizm Agentliyindən "Report"a verilən xəbərə görə, bu barədə Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu “Times of India” informasiya agentliyinə müsahibəsində deyib.

O, Azərbaycanın turizm imkanları haqqında danışaraq son illər hindistanlı turistlərin ölkəmizə daha çox maraq göstərdiyini vurğulayıb.

Baş icraçı direktorun sözlərinə görə, Hindistan ATB-nin rəsmi nümayəndəliyinin açıldığı ilk 6 ölkədən biridir. Hindistan bazarı haqqında daha əvvəldən araşdırma aparıldığını, potensial turistlərin maraqlarının öyrənildiyini bildirən F.Zenqstşmid Azərbaycanın yeni turizm konsepsiyası ilə ölkənin turizm imkanları haqqında məlumatın daha yaxşı çatdırıla biləcəyini deyib.

Baş icraçı direktor bildirib ki, mühüm amillərdən biri də Azərbaycana səfər etməyin asan olmasıdır. Belə ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər. O əlavə edib ki, Azərbaycana hal-hazırda əsasən Körfəz ölkələri üzərindən uçuşlar həyata keçirilsə də, gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub.

F.Zenqstşmid Azərbaycan və Hindistan xalqının ümumi mədəni və tarixi dəyərlərə malik olduğunu, hindli turistlər üçün “Atəşgah” məbədinin də daxil edildiyi xüsusi turların təşkil olunduğunu, paytaxt Bakıda tarixilik və müasirliyinin vəhdət təşkil etdiyini bildirib.

O, əsas hədəf kütlənin müxtəlif yaş qrupundan olan individual səyahətçilər, gənclər qrupu və ailələr olduğunu qeyd edib. Həmçinin hindli turistlər üçün müxtəlif bayram, toy və s. kimi korporativ və qrup tədbirlərinin keçirilməsi üçün də təkliflərin mövcud olduğu, hətta Azərbaycanda hind kinolarının çəkilişini dəstəkləyəcək qaydalar müəyyənləşdirən sənəd üzərində iş getdiyi haqqında məlumat verib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Azərbaycan Turizm Bürosunun rəhbərliyi ilə 16-18 yanvarda Nyu-Dehli şəhərində keçirilən “SATTE 2019” beynəlxalq sərgisində iştirak edib. 

Son xəbərlər

Orphus sistemi