Ekoturizm Azərbaycanın əsas dayanıqlı turizm növlərindən birinə çevrilir

Ekoturizm Azərbaycanın əsas dayanıqlı turizm növlərindən birinə çevrilir İşğaldan azad edilmiş ərazirlərdə minalanmış zonalar var. Ona görə hələ ki həmin ərazilərdə ekoturizmlə bağlı araşdırmalar aparılmayıb
Turizm
20 Avqust , 2021 13:55
Ekoturizm Azərbaycanın əsas dayanıqlı turizm növlərindən birinə çevrilir

Son vaxtlarda Azərbaycanda ekoturizmə maraq artıb. İnsanlar dağlara, ən ucqar yerlərə üz tuturlar. Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi istiqamətində atılacaq addımlarla bağlı “Report” Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi ilə, həmçinin, Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndəsi Şərifə Həsənova ilə danışıb.

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, ekoturizm təbiət turizmidir: "Ekoloji turizm ətraf mühitə qayğını özündə ehtiva edir. Ümumiyyətlə, dayanıqlı turizm növüdür. Ona görə ki, daha çox təbiətə olan səfərlərdə qayğı ilə yanaşaraq, təbiəti öyrənərək bu fəaliyyəti həyata keçirirlər. Ekoturizm bir qədər geniş mənada istifadə edilir. Eyni zamanda, ekoturizm digər turizm növləri ilə müqayisədə insanlar tərəfindən daha az istifadə edilir. Ekoturizm ətraf mühitin məhv olmamasına səbəb olan turizmdir. Bu, müvafiq bacarıqlarla həyata keçirilən turizm növüdür. Ekoturizmin bir məqsədi var ki, yerli təbiətdən zövq alınmasına şərait yaratmaqdır”.

Regionlarımıza xas olan ekoloji turizm imkanlarını unutmuşduq

S.Dübəndi vurğulayıb ki, məqsədimiz insanları ekoloji turizmlə bağlı maarifləndirmədikdir: "Təbii ki, hədəfimiz ekoturizmin ölkədə və xaricdə təşviq edilməsidir. Uzun illər daha çox şəhər turizminə üstünlük vermişik. İşgüzar turizm adlanan məfhuma daha çox diqqət yetirmişik. İşgüzar turizm ölkədə keçirilən beynəlxalq tədbirlərlə ölkəni tanıtmaq məqsədi daşıyır. Azərbaycan bununla bağlı kifayət qədər irimiqyaslı tədbirlərə ev sahibliyi edib. Bunlar çox önəmli idi və Azərbaycanin xaricdə tanıdılmasına böyük bir təkan oldu. Bu sahəyə böyük bir töhfə gətirdi. 20 il öncə xaricdə Azərbaycanı tanımırdılar. Lakin bu kimi tədbirlərlə Azərbaycan dünyada tanındı. Bununla yanaşı, bu kimi tədbirlər sayəsində Azərbaycana gələn turistlərin həm sayı, həm də coğrafiyasi da genişləndi. Pandemiyadan əvvəl biz ərəb ölkələrindən, Asiya olkərindən çoxlu sayda turistlər qəbul etməyə başlamışdıq. 2018-ci ildə Turizm Agentliyi yarandı, biz bir neçə ölkədə Azərbaycan turizm nümayəndəlikləri təsis etdik. Bütün bunlar çox sevindirici haldır, çünki biz bu istiqamətdə böyük nailiyyətlər əldə etdik. Bakının turizm potensialını təbliğ etdik. Bakıda turizm infrastrukturu kifayət qədər inkişaf etdi, hotellərin, turizm agentliklərinin sayı artdı. Bu dövrdə biz daxili turizmi yaddan çıxarmışdıq və eyni zamanda regionlarımıza xas olan ekoloji turizm imkanlarını yaddan çıxarmışdıq. Bu istiqamətdə fəaliyyətlərimiz olmamışdı”.

Samir Dübəndi
Samir Dübəndi

O vurğulayıb ki, regional səviyyədə turizm obyektlərini araşdırıb, üzə çıxarırıq: "Ekoturizm xalqımızın mədəni irsidir. Layihələr çərçivəsində müxtəlif araşdırmalar aparırıq”.

S.Dübəndi ekoturizmin inkişafında milli parkların əhəmiyyətinə diqqət çəkib: “Ölkə ərazisində 2003-cü ildən etibarən milli parklar kimi təsisatlar yaranmağa başlayıb. On milli parkımız var, bunlar təxminən Azərbaycanın ümumi ərazisinin 4 %-ini təşkil edir. Milli parklar xüsusi mühafizə olunan təbii ərazilərdir. Qoruqlarda insan fəaliyyətinə qadağa qoyulur, məqsəd təbiəti qorumaq və mühafizə etməkdir. Milli parklarda da bu məqsədlər var, lakin yeganə fərq ondan ibarətdir ki, milli parklarda insanların daxil olmasına imkan verirlər. Lakin milli parkların ərazisində ekoturizm infrastrukturu çox zəifdir. Xaricdə milli parkların elektron xəritələri hazırlanır, parklar daxilində turistlərin rahat hərəkətinə hər cür imkan yaradılır. Lakin bizdə hələ bu kimi işlər aparılmır. Həmçinin, bizim peşəkar bələdçilərimiz yoxdu, onların sayı azdır. Digər tərəfdən, milli parklarda turistlərin təhlükəsizliyi təmin edilməlidir”.

S.Dübəndi əlavə edib ki, Ekoturizm Assosiasiyası olaraq peşakar dağçılarla əlaqədəyik: “Təsisçilərimiz sırasında məhşur alpinistlər də var. Onların verdikləri rəyə görə Azərbaycana üz tutan alpinistlərin sayı azdır, bir sıra səbəblər var, bu səbəbləri dövlət qurumları araşdırıb, bu istiqamətdə iş görsələr çox yaxşı olar.

O, mühüm məqama diqqət çəkib: “Təbii resurslarımızın yerləşdiyi ərazilərdə yolları təmir edərkən daş-çınqıldan istifadə etmək lazıdır. Asfalt neftdən emal edilib, qızır və ərazilərdə hərarəti qaldırır. Bu da təbiətə ziyan vurur. Təbii resurslarımızın ətrafında yaranan turizm mərkəzləri abadlıq işlərinə diqqət yetirməlidirlər, daha çox yerli və təbii materiallardan istifadə edilməlidir”.

Turizm Bürosunun (ATB) nümayəndəsi Şərifə Həsənova Azərbaycanda 16 yeni dağ piyada marşrutlarının hazırladıqlarını bildirib: “Bu, 2021-ci il ərzində ekoturizmlə bağlı gördüyümüz layihədir. Gələn il üçün isə düşərgə ( kemping) qurmaqla bağlı yerlər müəyyən etməliyik, milli parklarda marşrutlar təyin etməliyik. Lənkaran, Astara zonasının ekoturizm marşrutlarını müəyyən etməliyik. Müəyyən marşrutlar artıq hazırlanıb və hal-hazırda bunun üzərində işləyirik”.

O xatırladıb ki, Dövlət Turizm Agentliyi ilə Naxçıvan Adminstrasiyası arasında fəaliyyət planı təsiq edilib: “Bu fəaliyyət planının bir hissəsi olaraq Naxçıvanın ekoturizm potensialı öyrəniləcək. Bununla bağlı işlər görəcəyik”.

Dövlət Turizm Agentliyinin rəsmisi Qarabağda ekoturizm marşrutlarının yaradılması ilə bağlı məsələyə münasibət bildirib: “İşğaldan azad edilmiş ərazirlərdə minalanmış zonalar var. Ona görə hələ ki, həmin ərazilərdə ekoturizmlə bağlı araşdırmalar aparılmayıb. Buna şərait imkan vermir. Yəqin ki, müəyyən mina təmizləmə işləri həyata keçirildikdən sonra, həmin ərazilərdə daha təhlükəsiz şərait yaranandan sonra, ekoturizmlə bağlı işlər həyata keçirmək olar. Qarabağda ekoturizm marşrutunu yaratmaqla bağlı planımız var”.

Ş.Həsənova deyib ki, hazırda ölkədə ekoturizmə maraq artıb: “Bunu tendensiya göstərir. Ekoturizm bizim üçün yenidir, lakin Avropada, Asiyada bu turizm növünə uzun illərdir maraq var. Pandemiyaya görə insanlar daha çox təbiətə yönəlirlər. Bu qlobal tendensiyadır, insanlar artıq bu turizm növünə daha çox üstünlük verirlər”.

Son xəbərlər

Orphus sistemi