Azərbaycanda çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanıb

Azərbaycanda çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanıb Mədəniyyət və turizm naziri çimərlik turizminin inkişafı ilə bağlı aidiyyəti qurumların nümayəndələri ilə görüş keçirib
Turizm
21 Aprel , 2017 14:31
Azərbaycanda çimərlik turizmi ilə bağlı müvafiq standart hazırlanıb

Bakı. 21 aprel. REPORT.AZ/ “Azərbaycanda çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının müzakirəsi məqsədi ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Nazirlikdən "Report"a verilən xəbərə görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, “Azərsu”, “Azərenerji”, “Azəravtoyol” ASC-lərin nümayəndələri iştirak ediblər.

Görüşdə Ə.Qarayev çıxış edərək son illər ölkədə turizmin inkişafı üçün atılan addımlardan danışıb. Nazir bildirib ki, digər turizm növləri kimi çimərlik turizminin inkişafı üçün də Azərbaycanın böyük potensialı var: "Ölkəmizdə mövcud olan bəzi çimərliklər standartlara cavab vermir, aşağı səviyyədə xidmət göstərir, eyni zamanda təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmur. Bu cür qanunsuz fəaliyyət göstərən çimərliklərin aqibətinin müəyyən olunması məqsədilə bu sahədə müvafiq qaydaların təsdiq olunması vacibdir".

Eyni zamanda Ə.Qarayev çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlandığını və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunduğu bildirib. Nazir Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırıldığını deyib. Bununla belə, nazir vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb.

Ə.Qarayev Azərbaycanda çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud vəziyyətin yaxşılaşdırılması, eləcə də Tədbirlər Planının icrası məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verərək, bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi