Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün “Baku Expo Center”də turizm biznesinin peşəkarları üçün nəzərdə tutulan XV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF 2016) sərgisi işə başlayıb. “Report” xəbər verir ki, sərginin əsas təşkilatçısı “Iteca Caspian” şirkətidir.
Açılış mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq, sərgidə iştirak edən bütün ölkələrə turizmin inkişafı üçün Azərbaycan hökumətinin yaratdığı imkanlardan yararlanmağı tövsiyə edib: “Bu il Azərbaycana turist axını gözlənilir. Turistlərin ölkəmizə rahat və təhlükəsiz səfər etmələri üçün bütün şərait yaradılıb. Düzdür, hazırda ölkədə 570 yerləşdirmə obyekti var. Hesab edirəm ki, bu, yetərli deyil. Amma biz çalışırıq ki, obyektlərin sayını artıraq. Ölkədə turizm sahəsində xidmət səviyyəsinin artırılması üçün xüsusi proqram hazırlayırıq”.
“Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov çıxışında bildirib ki, keçirildiyi illər ərzində AITF sərgisi 40-dan çox ölkədən təxminən 2 200 şirkəti bir araya toplayıb. Onun sözlərinə görə, sərgi çərçivəsində bütün Xəzəryanı regionda mühüm görüşlər keçirilib, tərəfdaşlıq müqavilələri imzalanıb, habelə yeni proqram və istiqamətlər elan edilib.
“Yarandığı gündən etibarən AITF sərgisi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir. Son bir neçə ildir ki, ölkə başçısı sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. Ölkə rəhbərliyi tərəfindən həm turizmə, həm də bu sərgiyə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir. Azərbaycanda turizm sənayesində əhəmiyyətli inkişaf müşahidə olunur. AITF sərgisi bu müsbət dinamikanı yaxından əks etdirir. Əgər 2002-ci ildə keçirilən ilk AITF sərgisində 5 ölkədən 26 şirkət iştirak edirdisə, hazırda bir sıra sahələrdə çoxqat artım müşahidə olunur. Müstəqil auditin məlumatlarına əsasən, AITF sərgisi regionda şirkət, ölkə və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutur. Bundan başqa, statistik məlumatlar təsdiq edir ki, Azərbaycanda keçirilən bütün sərgilər arasında bu sərgi təmsil olunan ölkələrin sayı üzrə birinci, əhatə etdiyi sahə üzrə beşinci, ziyarətçilərin sayına görə isə altıncı yeri tutur”, - deyə şirkət rəhbəri qeyd edib.
Sərgi hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan 2016-2025 illər üçün Azərbaycanda turizm sektorunun inkişaf strategiyasını yaxın gələcəkdə əks etdirəcək. Bu il sərgi çərçivəsində 29 ölkədən 330 şirkət qəbul edilib. Ümumilikdə isə 80 turizm istiqaməti təqdim olunub. Artıq sərgidə Bolqarıstan, Gürcüstan, Dominikan, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tayland, Türkiyə, Xorvatiya, Monteneqro, Çexiya və Ukrayna milli pavilyonları fəaliyyət göstərir. İlk dəfə Belarus öz milli stendi ilə bu ölkələrin sırasına qoşulub. Bu il Rusiyanın Stavropol əyaləti Mədəniyyət Nazirliyinin kuratorluğu altında Stavropol əyaləti, İspaniyanın Katalonya bölgəsi və Latviyanın Yurmala şəhəri ayrıca regional stendlərlə iştirak edir.
Qeyd edək ki, sərgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin stendi, eləcə də ölkənin Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və s. bu kimi regionlarının ənənəvi ekspozisiyası Azərbaycanın daxili turizm potensialını təqdim edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən mehmanxana və müalicə mərkəzləri təqdim olunub. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısı olub. Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də hotel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirir.
Xatırladaq ki, bu sərgi aprelin 9-dək davam edəcək.