Britaniyalı velosəyahətçi Azərbaycanın Tbilisidəki turizm mərkəzində qonaq olub

Britaniyalı velosəyahətçi Azərbaycanın Tbilisidəki turizm mərkəzində qonaq olub O, Gürcüstandan sonra Azərbaycana səyahətə yollanacaq
Turizm
9 Mart , 2021 17:57
Britaniyalı velosəyahətçi Azərbaycanın Tbilisidəki turizm mərkəzində qonaq olub

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Böyük Britaniyadan olan 26 yaşlı velosipedçi Lyuk Qrenfell-Şou ilə Tbilisidə “Azerbaijan Travel. Showroom” mərkəzində görüş keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, xərçəng xəstəliyi ilə mübarizə aparan britaniyalı gənc 2020-ci ilin yanvarından 30 ölkəni əhatə edəcək “Bristoldan Pekinə qədər” (Bristol2Beijing) adlı xeyriyyə məqsədli velosiped ekspedisiyasına başlayıb.

Velosəyahətin məqsədi xərçəng xəstəliyindən əziyyət çəkən insanlara inam əldə etməyə kömək olmaq və onlar üçün 300 min avro toplamaqdır.

L.Qrenfell-Şou Gürcüstanda 1-2 həftə qaldıqdan sonra Azərbaycana səyahətə yollanacaq.

Görüşdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev gənc velosipedçini salamlamaqdan məmnun olduğunu bildirib. O, ekspedisiyanın məqsədini dəstəklədiyini qeyd edib. Səfir Azərbaycanın mütləq ziyarət olunmalı yerləri, turizm istiqamətləri və qonaqpərvərlik adətlərimiz barədə danışıb. Diplomat gəncə Azərbaycanda təhlükəsiz səfər və xoş vaxt keçirməyi diləyib.

Daha sonra “Azerbaijan Travel. Showroom”un meneceri Mariam Natadze Azərbaycan, ölkənin və Bakının gəzməli-görməli yerləri haqqında ətraflı məlumat təqdim edib.

Velosipedçi Azərbaycana ilk dəfə səfər edəcəyini və ölkə barədə indiyədək az məlumatlı olduğunu deyib: “Bakı haqqında daha çox eşitmişəm. Azərbaycanın neft ölkəsi olması və Xəzər sahilində yerləşdiyini bilirdim. Bu görüşdən sonra Azərbaycana getmək və insanlarla tanış olmaq üçün daha çox ruhlandım”.

Mərasimdə L.Qrenfell-Şouya Azərbaycana aid hədiyyələr, turizm imkanları barədə broşür və səyahət xəritələri təqdim olunub. F.Quliyev gəncə həmçinin xarıbülbül gülünün təsviri olduğu döş nişanı da hədiyyə edib. Səfir gülün Qarabağın azadlıq rəmzi və Azərbaycanın Qələbə simvolu olduğunu deyib. Döş nişanı L.Qrenfell-Şounun bel çantasına bərkidilib.

Britaniyalı gənc səmimi qəbula, inanılmaz qonaqpərvərliyə və hədiyyələrə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.

Səfirlik ekspedisiya üzvlərinin pandemiya şəraitində Azərbaycan ərazisinə daxil olmasına dəstək göstərəcək və onların milli mətbəx nümunələrimiz ilə tanışlığını təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi