Bir sıra xarici ölkənin nazirləri 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaqlar

Bir sıra xarici ölkənin nazirləri 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaqlar Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək
Turizm
3 May , 2017 18:56
Bir sıra xarici ölkənin nazirləri 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaqlar

Bakı. 3 may. REPORT.AZ/ Bu il mayın 4-6-da YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda keçiriləcək “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir sıra xarici ölkənin nazirləri də qatılacaqlar.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a bildirilib ki, onların arasında Banqladeş Xalq Respublikasının mülki aviasiya və turizm naziri Rəşid Xan Menon, Myanma İttifaqı Respublikasının təhsil naziri Myo Qyi, Sudan Respublikasının turizm, əntiq əşyalar və təbiət naziri Muhammed Əbuzaid Mustafa, Efiopiya Federativ Demokratik Respublikasının mədəni inkişaf naziri Remedan Aşenafi Hocelle, Gürcüstanın birlik və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Zimbabve Respublikasının turizm və qonaqpərvərlik sənayesi naziri Valter Mzembi də var.

Azərbaycan tərəfinin təklifi ilə forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.

Xatırladaq ki, 4-cü dəfədir keçirilən forum Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Son xəbərlər

Orphus sistemi