Bakıda dənizə girişin məhdudlaşdırılması turizm sektoruna təsir edəcəkmi?

Bakıda dənizə girişin məhdudlaşdırılması turizm sektoruna təsir edəcəkmi? Daxili İşlər Nazirliyinin (DİN) axşam saatlarında dənizə girişi məhdudlaşdırması Bakıda bəzi ictimai çimərliklərin nəzarətsiz qalması səbəbindən son zamanlar suda boğulma və digər faciəvi halların artması ilə bağlıdır.
Turizm
8 avqust 2023 13:57
Bakıda dənizə girişin məhdudlaşdırılması turizm sektoruna təsir edəcəkmi?

Daxili İşlər Nazirliyinin (DİN) axşam saatlarında dənizə girişi məhdudlaşdırması Bakıda bəzi ictimai çimərliklərin nəzarətsiz qalması səbəbindən son zamanlar suda boğulma və digər faciəvi halların artması ilə bağlıdır.

Bunu “Report”a Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.

S. Dübəndi hesab edir ki, Bakı şəhərində və Abşeron yarımadasında yerləşən çimərlikləri təkmilləşdirmək, bələdiyyə çimərliklərinin yaradılması məqsədəuyğun hesab edilə bilər: "Əfsuslar olsun ki, Xəzər dənizi və digər su hövzələri sahillərində yerləşən çimərliklərimiz bu günədək heç bir ekoloji sertifikatlaşmadan keçməyib və “Blue Flag” fərqlənmə nişanı və standartını almayıb.

Bu gün görülən tədbirlər də məhz nəzarətsiz qalan çimərliklərdə tətbiq edilib. Bu il yay mövsümü başlayandan dənizdə boğulanların sayı artıb”.

S.Dübəndinin sözlərinə görə, bu cür təhlükəsizlik tədbirlərinin turizm sahəsinə hər hansı ciddi təsiri olmayacaq:

“Turistlər özəl çimərliklərə daha çox üz tuturlar. Bu çimərliklərdə isə bir qayda olaraq günün qaranlıq vaxtında çimərlik və hovuz əraziləri bağlanılır. Bu hal heç kəs üçün təəccüblü hesab edilmir”.

Turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev bildirib ki, son dövrlərdə azyaşlıların çimərlik ərəzisində itmə sayının artması məsələni daha da aktuallaşdırıb:

“Hazırda bu qayda ilə bağlı turizm sektorunda dəyişiklik hiss edilmir, çünki xarici turistlərin əksəriyyəti axşamlar dəniz kənarlarına üz tutmurlar. Onların getdikləri yerlər restoranlar, “Aqua Park”lar, şəhər ətrafında - “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edirlər. Bölgələrdə isə daha çox istirahət üçün Qəbələyə üz tuturlar”.

Qeyd edək ki, avqustun 6-sı DİN çimərliklərlə bağlı vətəndaşlara müraciət edib. Bildirilib ki, çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir. Gün ərzində 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-ə məlumatlar daxil olub. Həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib. Vətəndaşlardan xahiş olunub ki, övladlarını nəzarətsiz qoymasınlar.

Son xəbərlər

Orphus sistemi