Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa cağırır.
“Report” xəbər verir ki, bu barədə AZTA rəhbəri Nahid Bağırov deyib.
AZTA-nın rəhbəri Nahid Bağırovun sözlərinə görə, son zamanlar Assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsuliyyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır.
“Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistləri şirkət seçərək daha diqqətli olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik”, - AZTA rəhbəri deyib.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,4%-i Rusiya, 24,3%-i Gürcüstan, 10,5%-i Türkiyə, 7,5%-i İran, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,4%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,9% olmaqla Ukrayna və Hindistan, 1,5%-i Türkmənistan, hər birindən 1,4% olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3%-i Pakistan, 12,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.