Azərbaycanın turizm imkanları Hindistanda təbliğ olunur

Azərbaycanın turizm imkanları Hindistanda təbliğ olunur Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ölkəmizin turizm potensialının təbliği məqsədilə ötən gün Hindistanın Nyu-Dehli şəhərində işinə başlayan “SATTE Delhi 2022” sərgisində təmsil olunur.
Turizm
19 May , 2022 16:13
Azərbaycanın turizm imkanları Hindistanda təbliğ olunur

Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ölkəmizin turizm potensialının təbliği məqsədilə ötən gün Hindistanın Nyu-Dehli şəhərində işinə başlayan “SATTE Delhi 2022” sərgisində təmsil olunur.

Bu barədə "Report"a DTA-dan məlumat verilib.

Sərgidə 115 kvadrat metr sahəni əhatə edən milli stenddə ölkəmizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Azərbaycan Hava Yolları” QSC və müxtəlif turizm şirkətlərin nümayəndələri daxil olmaqla ümumilikdə 9 təşkilat təmsil edir.

Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov “Getmə turizmi, yenilənmə, yenidən formalaşdırma və strategiya” mövzusunda panel müzakirəsində iştirak edərək Azərbaycanda postpandemiya dövründə turizmin inkişaf istiqamətləri və hədəflər, ənənəvi və yeni bazarlardan olan turizm tərəfdaşları ilə əməkdaşlıq imkanları haqqında çıxış edib.

Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev Azərbaycan stendini ziyarət edərək iştirakçılarla Hindistan bazarı haqqında fikir mübadiləsi aparıb.

Azərbaycanı təmsil edən şirkətlərlə xarici turizm şirkətləri arasında B2B formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir, işğaldan azad olunan ərazilərin turizm imkanları, postpandemiya dövründə ölkədə mövcud səyahət qaydaları, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.

Hindistanın Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgi Cənubi Asiyanın ən böyük səyahət və turizm sərgisi olaraq dünyanın müxtəlif ölkələrindən turizm və hotelçilik sahəsinin mütəxəssislərinin təcrübələrini bölüşdükləri platformadır.

Sabah başa çatacaq sərgidə 50-dən çox ölkədən, eyni zamanda Hindistanın müxtəlif şəhərlərindən 1 000-dən çox iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

Son xəbərlər

Orphus sistemi