Azərbaycanda turizmin inkişafı üçün kim hansı addımları atmalıdır?

Azərbaycanda turizmin inkişafı üçün kim hansı addımları atmalıdır? Uzun müddət neft ölkəsi kimi xatırlanan Azərbaycan artıq bu stereotipi qırmağı bacarıb.
Turizm
20 Oktyabr , 2021 10:44
Azərbaycanda turizmin inkişafı üçün kim hansı addımları atmalıdır?

Uzun müddət neft ölkəsi kimi tanınan Azərbaycan artıq bu stereotipi qırmağı bacarıb. İndi ölkəmiz haqqında danışanda onun turizm imkanlarından da bəhs edilir, gözəl mətbəxinin olması qeyd edilir.

Təbii ki, bütün uğurların kökündə təbliğat-təşviqat işləri dayanır. Bununla isə təkcə dövlət məşğul olmamalıdır. Özəl sektor, eləcə də ayrı-ayrı vərəndaşlar turizm potensialımızın reallaşdırılması üçün əlindən gələni etməlidir.

İlk olaraq dövləti götürək. Təbii ki, dövlət turizm sektorunun inkişafı üçün münbit şərait yaratmalıdır. Bunun üçün ilk növbədə qanunvericilik bazası və azad rəqabət mühiti olmalıdır. Hamının qanun qarşısında bərabər olduğu mühit həm də qiymətlərin azad bazar şərtləri ilə tənzimlənməsi deməkdir və turistlərin imkanlarına uyğun qiymətlərin müəyyən olunması deməkdir.

Dövlətin turizm üçün görə biləcəyi digər məsələ hava və yerüstü nəqliyyat infrastrukturu yaratmaqdır. Düzdür Azərbaycanda bu infrastruktur əvvəllər də olub. Amma qonşu ölkələrlə müqayisədə təyyarə biletlərinin baha olması bir çox hallarda xarici qonaqları tərəddüddə saxlayıb. Artıq Dövlət Turizm Agentliyi (DTA), qurum yanındakı Azərbaycan Turizm Bürosu (ATB) bu məsələ ilə bağlı əməli addımlar atmağa başlayıblar. Ümid edək ki, bir neçə il öncə Azərbaycan bazarına daxil olan “WizzAir” kimi digər aşağı büdcəli şirkətlərin də Azərbaycana uçuşları başlayacaq.

Biz dərk etməyə başlamışıq ki, səyahət etməyi təkcə varlılar deyil, həm də orta və aşağı gəlirli insanlar da bacarır. Öz təcrübəmdən deyə bilərəm, turist pulunu təyyarə bileti və oteldən daha çox gedəcəyi ölkələrdə alacağı suvenirlərə və iştirak edəcəyi əyləncələrə xərcləməyi üstün tutur.

Təcrübə onu göstərir ki, lüks həyatı sevən, varlı turistlər daha çox neftlə zəngin ərəb ölkələrindən, aşağı büdcəli turistlər isə əsasən Çin, Rusiya, Yaponiya kimi ölkələrdən gəlir. Çalışmaq lazımdır ki, hər bir ölkədən gələn turist özünə lazım olanı Azərbaycanda tapa bilsin.

Əgər pandemiyanı nəzərə almasaq bu statistik göstəriciləri onu göstərir ki, uzun müddət turistlər üçün ən bahalı ölkələr sırasında yer alan Azərbaycan artıq bu stereotipləri qırmağı başlayıb.

Bu proseslə əlaqəli özəl sektorun da üzərinə böyük iş düşür. Yeni turizm istiqamətlərinin ölkəyə gətirilməsində qeyri-dövlət sektorunun da istəyi və payı çox olmalıdır.

Son zamanlar dünyada geniş yayılan və Azərbaycanda da artıq müəyyən əməli addımlar atılan MICE (Meetings - Görüşlər, Incentives – Təşviqlər, Conferences – Konfranslar. Exhibitions - Sərgilər) turizmi ölkənin imkanlarının təbliği baxımında xüsusi əhəmiyyət kəsb edir. Bu həm də ölkəyə investisiya cəlbi baxımından əhəmiyyətlidir.

Bu tip turizm təbliğatında əsas vasitələrdən biri də hotellərin təqdim etdiyi imkanlardır. Bu yaxınlarda Azərbaycanda olan hotellərin bir qrupuna ulduz sertifikatları təqdim edilib. Hesab edirəm ki, məhz bu addım da turizmin təbliği imkanlarını artırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Artıq ölkəyə gələn turist istədiyi hoteli seçmək imkan əldə edəcək.

Ölkəyə turist cəlb etmək üçün həm də hamı ilə öz dilində danışmaq gərəkdir. Misal üçün, Azərbaycanda bir çox dini mərkəzlər var ki, müxtəlif dini kəsimlər həmin yerləri müqəddəs hesab edir. Bu yerlərə səfərlər inanclı insanlar üçün ziyarət olsa da, dövlət üçün statistik olaraq turist səfəri hesab edilir. Yəni iqtisadi dillə desək “win-win” strategiyası həyata keçirilir. Həm inanclı kəsim, həm turizm sektoru, həm də dövlət büdcəsi qazanır.

"Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov qeyd edir ki, koronovirus pandemiyasından öncə Azərbaycanda başladılan turizm strategiyası uğurla davam etdirildiyi üçün qısa müddətdə müsbət nəticələr verib: “Pandemiyadan öncəki vəziyyəti nəzərə alsaq Azərbaycan turizminin yüksələn xətlə inkişaf etməyə başlayıb. Həmçinin biz artıq yeni bazarlarla yeni seqment və turizm növləri üzrə işləməyə başlamışdıq. Bu da təbii ki, turizmin müsbət məcrada inkişafına gətirib çıxarırdı və turist axınının davamlı şəkildə artmasına gətirib çıxarırdı. Lakin pandemiya həmin işlər üzrə fəaliyyətimizin zəifləməsinə gətirib çıxartdı. Sərhədlərin, yolların bağlanması turistlərin ölkəyə girib çıxmasını məhdudlaşdırdı. Son iki il üçün olan turizm statistikalarına da nəzər yetirsək görərik ki, bütün dünyada olduğu kimi ölkəmizə gələn turizmin inkişafında da kəskin azalma müşahidə olunub.

Amma indi biz COVID-19 pandemiyasının təsirlərinin sovuşmasının şahidi oluruq. Ümid edirik ki, yaxın vaxtlarda da turizm öz əvvəlki çiçəklənən dövrünə qovuşacaq. Bunun üçün də turizm qurumları vasitəsi ilə görülməli bir çox işlər var və bu işlərin də bir hissəsinə artıq başlanılıb.

Onlardan birincisi Azərbaycanın turizmini xaricdə təbliğ etməkdir. Hansı ki, hər zaman uğurlu nəticələrə nail olmaq üçün edilməsi lazım olan bir addımdır. Hazırda da bu addımlar davam edir. Belə ki, təbliğat işləri bir neçə şəkildə davam edir. Bunlardan birincisi turizm sərgiləridir. Həm ölkəmizdə keçirilən, həm də xarici dövlətlərdə təşkil edilən sərgilərdə iştirak etməklə bizə lazım olan xarici bazarlardan turistlərin ölkəyə cəlbini həyata keçirmək mümkündür. Adətən bu tipli fəaliyyətlər turizm təşkilatları, ictimai təşkilatlar və dövlət qurumları vasitəsi ilə həyata keçirilir.

Hesab edirəm ki, turizm sərgiləri vasitəsi ilə turizm şirkətlərinin özlərinə xaricdə tərəfdaşlar tapması ən uğurlu təbliğat vasitələrindən biridir. Belə ki, bu zaman həm həmin ölkələrə turist göndərmək, həm də bu ölkələrdən turist qəbul etmək mümkün olur. Nəticədə turizm potensialı və turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur”.

AzTA rəsmisi ölkəmizin turizm potensialının təbliği günümüzün tələblərini də açıqlayıb: “Təbliğat vasitələrindən ən effektiv olanlardan biri də sosial şəbəkələrdir. Mümkün qədər sosial şəbəkələrdə Azərbaycanın tanıtımı ilə bağlı video-çarxların, müxtəlif foto şəkillərin və fərqli PR vasitələrinin sayını artırmalıyıq. Bundan başqa xarici bloggerlər vasitəsi ilə də bu təbliğat işini həyata keçirmək olar. Artıq pandemiyadan əvvəllər ölkəmizdə istifadə edilmiş belə bir praktika var idi. Belə ki, öz ölkələrində tanınmış bloqçuları Azərbaycana dəvət edərək ölkəmizin turizm imkanlarını onlara göstərərək şəxsi bloqlarında bu barədə məlumat yerləşdirilməsinə nail olmaq da effektiv addımlardandır.

Əlavə edim ki, işğaldan azad edilmiş bölgələrimizin potensialı da bizim üçün vacibdir. Gələcəkdə bu regionlarda da infrastruktur qurulduqdan sonra oranın da turizm potensialını dünyaya çatdırmaq lazım olacaq. Bu da ora gələcək turistlərin sayında ciddi artıma gətirib çıxara bilər. Təbii ki, belə təbliğatları müxtəlif sərgilər, təqdimatlar və “workshop”lar vasitəsi ilə həyata keçirilsə effektiv olar.

Ölkənin turizm potensialını təbliğ etmək üçün xarici turizm şirkətlərini ölkəyə dəvət etmək, onlara ölkəmizdə, otellərdə və restoranlarda yaradılan şəraitlə birbaşa tanış olmaq imkanı yaratmaq lazımdır. AzTA olaraq biz mütəmadi şəkildə bu tip fəaliyyətlər həyata keçiririk və ümid edirik ki, post-pandemiya dövründə turist sayında artıma nail olacağıq”.

Turizm üzrə ekspert Aqil Ağalarov isə qeyd edir ki, Azərbaycan turizminin təbliği üçün həm ölkə daxilində, həm də ölkədən kənarda kompoleks işlər həyata keçirilməlidir: “İlk olaraq hotellər və restoranlarda qiymətlərə yenidən əl gəzdirilməlidir. Bizdə qiymətlər həddindən artıq yüksəkdir. Həmçinin turistlərin ölkəyə gəlməsi və ölkə daxilində səyahəti üçün nəqliyyatın hərəkəti tənzimlənməlidir.

Bundan əlavə Azərbaycanın gəzməli-görməli yerləri ilə bağlı xüsusi reklam banerləri, reklam çarxları hazırlanmalıdır.

Bir məsələni əlavə edim ki, işğaldan azad edilmiş torpaqlarımızın qış turizmini inkişaf etdirmək üçün potensialı həddindən artıq yüksəkdir. Xüsusən də Kəlbəcər, Laçın və Şuşanın təbiəti çox əlverişlidir. Hazırda bu istiqamətdə işlərin getdiyini görürük. Hesab edirəm ki, təbliğat prosesinə xarici ölkələrin öz vətəndaşlarını, turizm şirkətlərini də cəlb etmək lazımdır.

Eyni zamanda daxili turizmin inkişafı üçün də davamlı işlərin görülməsi vacibdir. Bunun üçün isə ilk olaraq qiymətlərin korreksiyasına ehtiyacı var”.

Ölkəmizin turizminin təbliği üçün əhəmiyyətli fəaliyyətinə ehtiyac olan vətəndaşın da atmalı olduğu bir çox addımlar var. Bəzən biz bunu hiss etmirik, ilkin nəticələri çox uğurlu olur.

Xatırlayıram ki, bir müddət əvvəl Qusar rayonundan olan Əzizə xala və onun oğlu Aslanın birgə çəkdikləri videolar sosial mediada trend olmuşdu. Hətta məşhur “Taste life” səhifəsi də onların Azərbaycan və Ləzgi mətbəxinə aid bişirdikləri yeməklərin hazırlanma prosesindən görüntülər vermişdi və dünyanın hər bir tərəfindən milyonlarla insan bu istər-istəməz Azərbaycan mətbəxi ilə tanış olmuşdu.

Məncə, bu ana və oğul ilk əvvəl heç özləri də hiss etmədən əsl təbliğat-təşviqat fəaliyyəti həyata keçiriblər. Bu isə təbii ki, ölkəyə turist axınına şərait yaradan əsas məsələlərdən biridir.

Azərbaycanlı olaraq bir üstünlüyümüz var ki, qonaqpərvər xalq kimi tanınırıq. Kiçik bir əməli addım bu uğurumuzu daha da artıra bilər.

Son xəbərlər

Orphus sistemi