Azərbaycanda ”Slou Fud” üzrə işçi qrupu yaradılıb

Azərbaycanda ”Slou Fud” üzrə işçi qrupu yaradılıb Məqsəd Azərbaycanda dayanıqlı və ekoloji təmiz turizmi təbliğ etməkdir
Turizm
17 Mart , 2021 16:36
Azərbaycanda ”Slou Fud” üzrə işçi qrupu yaradılıb

Bu gün Azərbaycan Turizm Bürosunun (ATB) təşəbbüsü və Avropa İttifaqının maliyəsi ilə yaradılan “COVCHEG“ layihəsi çərçivəsində Azərbaycanda dayanıqlı və ekoloji təmiz turizmi təbliğ etmək və ölkədə ”slou fud” turizm modelini genişləndirmək məqsədilə işçi qrupu yaradılıb.

Bu barədə "Report"a ATB-dən məlumat verilib.

İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət olan işçi qrupu pilot olaraq seçilən regionlarda icma əsaslı təsərrüfatların inkişaf etdirilməsinə, davamlı dəyər zəncirinin formalaşdırılmasına, yerli qida məhsullarının istehlakının təşviqinə və biomüxtəlifliyin qorunmasına dəstək olacaq.

Bununla yanaşı, təhsil ocaqlarında bu istiqamətdə tədrisin təşkilinə, kənd turizminin inkişafına və milli qastro-turizmin beynəlxalq platformalarda təşviqini həyata keçirəcək.

Tədbirdə iştirak edən ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmid slou fud cərayanının dünya turizm bazarında yeni bir təcrübə olduğunu və artıq bu sahənin turizmdə xüsusi çəkisinin formalaşdığını deyib. Baş icraçı direktor Azərbaycanın slou fud sahəsində tanınması və yeni destinasiya kimi təqdim edilməsi üçün gözəl təbiətə, əlverişli iqlimə sahib olduğunu bildirib.

F.Zenqstşmid Avropa İttifaqının maliyyələşdirdiyi bu layihənin yerli qastronomiya və mədəni irsin dəyərləndirilməsi, turizm modeli kimi tanıdılması, eləcə də Azərbaycanın kənd icmalarının iqtisadi durumunun bərpası və inkişaf etdirilməsi baxımından mühüm olduğunu qeyd edib.

Görüşdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Ramilə Aslanova İtaliyanın "Slow Food" təşkilatı tərəfindən həyata keçirilən “COVCHEG“ layihəsinin əsas məqsədinin yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artırılmasına, qastronomiya və mədəni irsi dəyərləndirməklə Azərbaycandakı kənd icmalarının iqtisadi durumunun bərpasına və rifahının yaxşılaşdırılmasına dəstək olduğunu bildirib.

Tədbir çərçivəsində iştirakçılarına “COVCHEG“ layihəsi haqda geniş məlumat verilib.

COVCHEG (Böyük Qafqaz Dağlıq ərazilərində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi) layihəsini ATB ilə birgə "Slow Food" həyata keçirir. Layihənin pilot ərazisi Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi regiona daxil olan 5 rayonu – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edir.

Slou fud dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

Son xəbərlər

Orphus sistemi