Azərbaycanda apreldə birinci ticarət festivalı keçiriləcək

Azərbaycanda apreldə birinci ticarət festivalı keçiriləcək Turizm Şurasının növbəti iclası keçirilib
Turizm
1 Mart , 2017 11:35
Azərbaycanda apreldə birinci ticarət festivalı keçiriləcək

Bakı. 1 mart. REPORT.AZ/ Fevralın 28-də Azərbaycan Turizm Şurasının ikinci iclası keçirilib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Məlumata görə, iclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin ölkədə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində mühüm yer tutduğunu qeyd edib. 

Onun sözlərinə görə, görülən ardıcıl tədbirlər hesabına ildən-ilə Azərbaycana səfər edən xarici turistlərin sayı artmaqdadır: "2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 mln. 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7% çoxdur. Ötən il ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33%), Gürcüstan (22,5%), Türkiyə (13,9%) və İran (10,9%) vətəndaşları çoxluq təşkil edib. Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda elektron viza sisteminin tətbiqi və bu ilin yanvarın 10-dan etibarən “ASAN Viza” sisteminin fəaliyyətə başlaması uğurlu addımlardandır”.

Nazir bildirilb ki, turizm özlüyündə bir sıra dövlət qurumlarının fəaliyyətindən asılıdır: "Turizm Şurasında da bu dövlət qurumları təmsil olunur və bundan sonra da əsas işimiz əlaqədar dövlət strukturları ilə birgə çalışaraq, qarşıya çıxan çətinlikləri həll etmək, ölkəmizdə turizmin daha da inkişafına nail olmaqdır. Turizm Şurasının yaradılmasında da əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şuranın fəaliyyətini təmin edəcək katiblik də yaradılıb. Turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə Turizm Şurasının katibliyinin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qrupları yaradılacaq. Azərbaycanda birinci ticarət festivalı aprelin 10-dan mayın 10-na qədər keçiriləcək. Bu ərəfədə ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin də keçiriləcəyini nəzərə alsaq, bu tədbirə xarici turistlərin marağı daha da yüksək olacaq. Ticarət festivalları davamlı olaraq keçiriləcək. Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur".

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi məqsədilə Naftalan neft-tədqiqat qrupunun yaradılacağını vurğulayıb.

Daha sonra Milli Turizm Təbliğat Bürosunun “Bakı şəhərində Novruz bayramı zamanı bir həftə müddətində Novruz karnavalı”nın təşkili və turizm dayanacaq məntəqələrinin yaradılması haqqında layihənin təqdimatı olub. Büronun hazırladığı daha bir layihə isə turistlərin marağına səbəb ola biləcək məkanlara, Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Leapold və Mstislav Rostropoviçlərin ev muzeylərinə, “Nobel qardaşları” və digər muzeylərə daha çox ziyarətçi cəlb etmək məqsədi daşıyır. Bu layihə 2017-ci ilin mart, aprel və may aylarında Bakı şəhərində keçiriləcək Beynəlxalq festivalları, idman oyunlarını və forumları nəzərə alaraq ilkin olaraq qısa tanıtım videoçarxlarının və çap məhsullarının hazırlanıb ölkənin hava limanlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində turistlərə paylanılmasını əhatə edir.

Həmçinin iclasda Şura üzvləri tərəfindən ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, görüləcək işlər və nəzərdə tutulmuş layihələr barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi