Azərbaycana gələn rusiyalı turistlərin sayı arta bilər - RƏYLƏR

Azərbaycana gələn rusiyalı turistlərin sayı arta bilər - RƏYLƏR Hər il Azərbaycana gələn əcnəbi turistlərin arasında Rusiya vətəndaşlarının sayı xüsusi diqqət çəkir. Təsadüfi deyil ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 866 min nəfərdən çox rusiyalı turist gəlib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çoxdur. 2018-ci ildə Azərbaycana gələn rusiyalı turistlərin sayı 878 min nəfər, 2017-ci ildə 853 min nəfər, 2016-cı ildə 742 min nəfər, 2015-ci ildə isə 685 min nəfər təşkil edib.
Turizm
13 Dekabr , 2019 15:07
Azərbaycana gələn rusiyalı turistlərin sayı arta bilər - RƏYLƏR

Hər il Azərbaycana gələn əcnəbi turistlərin arasında Rusiya vətəndaşlarının sayı xüsusi diqqət çəkir. Təsadüfi deyil ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 866 min nəfərdən çox rusiyalı turist gəlib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çoxdur. 2018-ci ildə Azərbaycana gələn rusiyalı turistlərin sayı 878 min nəfər, 2017-ci ildə 853 min nəfər, 2016-cı ildə 742 min nəfər, 2015-ci ildə isə 685 min nəfər təşkil edib.

Hazırda Azərbaycan və Rusiya arasında rusiyalı turistlərin ölkəmizə gəlməsini sadələşdirmək üçün danışıqlar aparılır. Bu danışıqların tərkib hissəsi kimi Rusiyanın müəyyən bölgələrinin sakinlərinin daxili Rusiya pasportu ilə Azərbaycana gələ bilməsinin təmin edilməsi məsələsi müzakirə edilir.

Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə “Report”a verdiyi açıqlamada bildirib ki, bu barədə tərəflər arasında hələlik yekun bir qərar verilməyib:

“Rusiyanın müəyyən bölgələrindən turistlərin daxili pasportla Azərbaycana gələ bilməsinin təmin edilməsi nəticəsində bu bölgələrdən ölkəmizə gələn turist sayı arta bilər. Qonşu ölkələrdə bu cür addımların atılması həmin ölkələrə gələn turist sayının artımına müsbət təsir göstərib. Biz də bununla bağlı müzakirələr aparırıq. Lakin hələ yekun bir qərar verilməyib. Odur ki, məsələnin reallaşacağı ilə bağlı hələlik konkret bir fikir yoxdur”.

K.Quluzadə eyni zamanda bildirib ki, 2020-ci ildən Xəzər dənizində kruizlərin təşkil edilməsi gözlənilir:

“2017-ci ilin dekabrın 27-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Moskva Çay Gəmiçiliyi” ASC arasında Xəzər dənizində xüsusi sərnişin gəmisi vasitəsilə birgə dəniz turlarının təşkil edilməsi haqqında memorandum imzalanıb. Bu memoranduma əsasən, Qara dəniz limanlarından başlayaraq Rusiyanın daxili sularından keçməklə Həştərxan limanına, o cümlədən Bakıya kruiz səfərlərin təşkil edilməsi nəzərədə tutulub. Azərbaycanla yanaşı, digər Xəzəryanı dövlətlər də bu layihəyə dəstək olurlar. Layihəyə əsasən, 2020-ci ildən Rusiyanın "Pyotr Velikiy" gəmisinin Xəzər dənizində xidmət göstərməyə başlaması gözlənilir. Gəmi Rusiyanın Həştərxan vilayətində hazırlanıb və artıq sudadır". 

"Pyotr Velikiy" gəmisi 300-dən çox sərnişin qəbul edəcək".

Kənan Quluzadə

Руководитель пресс-службы Государственного агентства по туризму Кенан Гулузаде:

Onun sözlərinə görə, hələlik bir sıra işlərin tamamlanması qalıb: "Gəminin test edildikdən sonra 2020-ci ildə xidmət göstərməyə başlaması gözlənilir. Hələ ki, konkret vaxt məlum deyil. Vaxtın konkretləşdirilməsi Rusiya tərəfindən asılıdır. "Pyotr Velikiy" kruiz gəmisi 300-dən çox sərnişin qəbul edəcək. Səhv etmirəmsə, gəminin 95 kayutası var.

Sözügedən kruiz layihəsinin həyata keçirilməsində əsas müzakirə olunan məqamlar gəminin Bakı limanında neçə gün qalması və Xəzər dənizinin naviqasiya məsələsidir. “Pyotr Velikiy” gəmisinin istifadəyə verilməsinin ardınca Xəzərin potensialından daha geniş istifadə edilməsi nəzərdə tutulub. 

Bununla bağlı Xəzəryanı ölkələr arasında su vasitəsilə iki tərəfli turizm əlaqələrinin genişləndirilməsi müzakirə edilir. 5 dövlətin iştirakını nəzərdə tutan bu kruiz layihəsi gələcəkdə digər dövlətlərin də bu prosesə qoşulması üçün yaxşı bir turizm məhsulu rolunu oynaya bilər”.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da qeyd edib ki, rusiyalı turistlərin daxili pasportlarla Azərbaycana gələ bilməsi müsbət hal ola bilər.

"Azərbaycan rusiyalı turistlər üçün maraqlı ölkədir".

Müzəffər Ağakərimov

Советник председателя Ассоциации туризма Азербайджана Музаффар Агакеримов:

“Rusiya turistlərinin daxili pasportlarla Azərbaycana gəlmələrinin təmin edilməsi turizmin inkişafı baxımından müsbət addımdır. Lakin burda üzərində işlənməli bir sıra məqamlar var. Belə ki, ilk öncə Azərbaycana Rusiyanın hansı regionlarından turistlərin daha çox gəldiyini təhlil etmək lazımdır. Belə regionlara misal olaraq, Rusiyanın Moskva, Sankt-Peterburq, Ekaterinburq kimi iri şəhərlərini, Volqa boyu şəhərləri, daha çox soyuq olan əraziləri göstərmək olar. Azərbaycan rusiyalı turistlər üçün maraqlı ölkədir. Çünki ölkəmiz isti dəniz olan Xəzərin sahilində yerləşir və burada görməli yerlər çoxdur. Eyni zamanda Rusiyalı turistlərin də Azərbaycan üçün əhəmiyyəti böyükdür. Biz onların Azərbaycanda daha çox nəyi görmək istədiklərini də təhlil etməli, ölkəmizdə əsasən nəyə maraq göstərdiklərini, hansı turizm növünə önəm verdiklərini nəzərə almalı və bu istiqamətdə marşrutlar, proqramlar tətbiq etməliyik. Asossasiya olaraq bizim təhlilimizə görə rusiyalı turistlər əsasən çimərlik turizmi, qastronomik turizmi, istirahət turizmi kimi turizm növlərinə üstünlük verirlər", - deyə M.Ağakərimov bildirib. 

Onun fikrincə, təsadüfi deyil ki, onlar yay aylarında Türkiyənin Antalya, Kəmər, Bodrum kimi ərazilərinə üz tuturlar: "Elə Azərbaycana da əsasən yay aylarında gəlirlər. Bunun da səbəbi Xəzərin ən isti dənizlərdən biri olmasıdır. Biz Xəzər dənizinin sanitar-gigiyenik şəraitini daha da yaxşılaşdırmalı, sahilboyu ərazilərdə bir sıra işlər aparmalıyıq ki, tək Rusiyadan deyil, Baltikyanı ölkələrdən də bura turistlər cəlb edək. Çünki o ölkələrdə yaşayan əhali də isti dəniz görməyə can atır və çimərlik turizmini çox sevirlər. Düşünürəm ki, daxili pasport məsələsi ilə yanaşı, rusiyalı turistlərin üstünlük verdikləri turizm növlərini daha da inkişaf etdirməli, otel və restoranlarda xidmət səviyyəsini yüksəltməli, qiymətləri ucuzlaşdırmalı və təyyarə biletlərinin sayını artırmalıyıq. Bu sahədə Türkiyə və Gürcüstan təcrübəsindən faydalanmaqla çoxlu işlər görülməlidir”.

Ekspert Xəzər dənizində kruizlərin təşkil edilməsi mövzusuna da toxunub. O bildirib ki, bu mövzu neçə müddətdir müzakirə predmetidir.

“Düşünürəm ki, dəniz turizmi ilə çay turizmini birləşdirmək də olar. Bunun üçün xüsusi çay gəmiləri var. Məsələn, Rusiyanın Həştərxan şəhərindən sərnişin gəmisi Volqa çayı ilə Xəzərə, ordan da Bakı sahilinə gəlməklə həm rusiyalı turistləri bura gətirə, həm də buradakı turistləri aparıb Volqaboyu əraziləri gəzdirə bilər. Bu turizm layihəsinə Orta Asiya turistləri də qatıla bilərlər. Əvvəllər bu cür marşrutlar mövcud olub. İndi də müəyyən işlər görməklə həmin marşrutu yeni formatda bərpa etmək olar”.

Son xəbərlər

Orphus sistemi