Azərbaycan “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisinin eksklüziv tərəfdaşıdır

Azərbaycan “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisinin eksklüziv tərəfdaşıdır Belə bir status sərgidə iştirak edən yalnız bir ölkəyə verilir
Turizm
5 Sentyabr , 2017 16:30
Azərbaycan “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisinin eksklüziv tərəfdaşıdır

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycan sentyabrın 11-14-də Moskvada (Rusiya) keçiriləcək “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisinin eksklüziv tərəfdaş ölkəsidir. 

İqtisadiyyat Nazirliyindən "Report"a daxil olan məlumata görə, belə bir status sərgidə iştirak edən yalnız bir ölkəyə verilir. 

İlk dəfə olaraq Azərbaycanın “Worldfood Moscow” kimi nüfuzlu sərginin ekskluziv tərəfdaş ölkəsi olması sərginin açılış mərasimindəki banerdə, sərginin internet səhifəsində (http://www.world-food.ru/en-GB/press/news/3980.aspxhttp://www.world-food.ru/en-GB/) və sərgi bələdçisində, ziyarətçilərə paylanan promo məhsullarda və bədclərdə qeyd edilir. Bundan başqa, “Worldfood Moscow” sərgisi zamanı ziyarətçilərin qeydiyyat zonasında sərginin tərəfdaş ölkəsi - Azərbaycan haqqında məlumat veriləcək, sərgiyə dair bütün xəbərlərdə ölkəmizin sərginin ekskluziv partnyor ölkəsi olması diqqətə çatdırılacaq.

“Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində Azərbaycanın 30-dan çox ixracatçı şirkətinin istehsalı olan meyvə şirələri, müxtəlif növ şərablar və spirtli içkilər, mineral sular, meyvə-tərəvəz, fındıq, nar, meyvə quruları, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, dondurma, şokolad və s. təqdim ediləcək. Sərgidə həmçinin Azərbaycanın mədəniyyəti və mətbəxi, ölkəmizin turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğinə dair fərmanına uyğun olaraq, “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

Qeyd edək ki, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunacağı sayca 3-cü sərgidir. 

Son xəbərlər

Orphus sistemi