​Azərbaycan Turizm Assosiasiyası Türkiyə hotellərinin "qara siyahı"sına aydınlıq gətirib

​Azərbaycan Turizm Assosiasiyası Türkiyə hotellərinin "qara siyahı"sına aydınlıq gətirib AzTA məsələnin əsas səbəbini açıqlayıb
Turizm
31 Mart , 2015 13:04
​Azərbaycan Turizm Assosiasiyası Türkiyə hotellərinin qara siyahısına aydınlıq gətirib

Bakı. 31 mart. REPORT.AZ/Azərbaycanın Türkiyə hotelləri ilə bağlı "qara siyahı" hazırlaması bu ölkənin hotel sektorunu təşvişə salıb. Belə ki, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) turistlər arasında populyar olan türk hotellərinin AzTA xarici turizm komitəsinin üzvləri tərəfindən yoxlanacağına dair açıqlaması qonşu ölkədə narahatlığa səbəb olub.

Məsələ ilə bağlı AzTA-nın sədri Nahid Bağırov "Report"a bildirib ki, AzTA-nın Türkiyə hotellərini "qara siyahı"ya salmaq üçün heç bir səlahiyyəti yoxdur və bu ancaq Türkiyə hökumətinə məxsusdur.

"AzTA-nın tərkibində bu il 5 yeni komitə yaradılıb. Bunlardan biri də "Outgoing" (Getmə turizmi) komitəsidir. Komitə bizim vətəndaşların hüquqlarının qorunması məqsədini daşıyır. Bu normal prosedur və mövsümdən qabaq hotellərin yoxlanılması təcrübədə müşahidə edilir və bu hotellərin keyfiyyətinin yoxlanılması məqsədini daşıyır. Turizm şirkəti üçün hansı istiqamət daha populyardırsa, onun əməkdaşı gedib yerindəcə şəraitlə tanış olur və qeydlər aparır, turistlərinə tövsiyələr edir", - deyə N. Bağırov qeyd edib.

Onun sözlərinə görə, turistlərin səfəri zamanı müxtəlif problemlər yaşanır: "Məsələn, turist 5 ulduzlu hotelə gedir, daxil olur və orada tikinti işlərinin hələ tam başa çatmadığını görür. Dəfələrlə belə hal olub. Hoteldə problem yaranır, turistin istirahəti pozulur, hüquqları pozulur. O da dərhal turizm şirkətinə zəng edir. Burada həmin turizm şirkətinin də hüquqları pozulur. Daha sonra turist başqa yerə köçürülür. Bu, hər dəfə təkrar olunan problelmdir".

Hər il Azərbaycandan 30-40 şirkətin yerli türk şirkətləri tərəfindən tanınma turuna dəvət edildiyini qeyd edən AzTA sədri bildirib ki, bu gün Azərbaycanda 250-dən artıq tur operator fəaliyyət göstərir. Hər il onların ancaq 15%-i mövsümdən qabaq şəraitlə yerində maraqlana bilirlər, lakin qalan 85% kor-koranə şəkildə satış həyata keçirir.

"Azərbaycanda bütün turizm şirkətlərini birləşdirən bir qurum var və məhz bu Assosasiyanın tərkibindəki komitənin əməkdaşları hotelləri yoxlayanlar sırasında olacaqlar. Bu vətəndaşlar qarşısında borcumuzdur. Biz gördüklərimiz əsasında tövsiyələr verəcəyik. Bunu öz vətəndaşlarımızın hüquqularını qorumaq üçün edirik".

Qeyd edək ki, aprel ayında aparılacaq yoxlamalar mayda hesabat şəklində təqdim ediləcək və azərbaycanlı turistlər üçün tövsiyə edilən və edilməyən hotellərin siyahısı hazırlanacaq. Hər il Azərbaycandan Türkiyəyə 600 min turist səfər edir.  

Son xəbərlər

Orphus sistemi