Yuxarı
    Bağlamaq

    Yaxın onillikdə əcnəbilər Azərbaycanda hər il orta hesabla 6 mlrd. dollar xərcləyəcəklər

    Bu barədə Ümumdünya Turizm və Səyahət Şurasının hesabatında məlumat verilib

    Bakı. 27 mart. REPORT.AZ/ Ötən il səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 2 285,3 mln. manat (2016-cı ildəki orta AZN/USD məzənnəsi ilə 1 437,3 mln. dollar), yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1%-i qədər olub.

    Mədəniyyət və Turizm Nazirliyindən "Report"a bildirilib ki, bu barədə Ümumdünya Turizm və Səyahət Şurasının (World Travel & Tourism Council, WTTC) mart hesabatında məlumat verilib.

    Qurumun gözləntilərinə görə, 2017-ci ildə bu sənayenin ÜDM-ə birbaşa təsiri güclənəcək və 7%, yaxud 2 446,4 mln. manat olacaq, 2017-2027-ci illər ərzində isə 6,5% daha artaraq 4 581,9 mln. manat (2 881,7 mln. dollar) və yaxud ÜDM-in 5,9%-i göstəricisinə çatacaq.

    Hesabatda deyilir ki, bu rəqəmlər hər şeydən əvvəl hotellər, mehmanxanalar, turizm agentlikləri, aviaşirkətlər, həmçinin sərnişindaşıma xidmətləri göstərən digər bu tipli bazar iştirakçılarının iqtisadi fəaliyyətini əks etdirir.

    WTTC təşkilatının hesabatında yer alan məlumatlara əsasən, 2016-cı ildə turizm və səyahət sektorunun (investisiya və digər parametrlərin daha geniş təsiri daxil olmaqla) Azərbaycan ÜDM-nə tam təsiri 8 091,3 mln. manata (5 088,9 mln. dollar), yaxud ÜDM-in 14,6%-i qədər olub. Gözlənildiyi kimi, bu göstərici 2017-ci ildə 6,6% - 8 622,8 mln. manatadək artacaq və ÜDM-in 15,3%-nə çatacaq. Bununla yanaşı, qurumun proqnozlarına görə, bu göstərici 2027-ci il üçün 6,3% artaraq 15 924,5 mln. manat (10 15,4 mln. dollar), yaxud ölkə ÜDM-nin 20,6%-i qədər olacaq.

    Qurumda qeyd edirlər ki, turizm və səyahət sektorunun inkişafı ölkə əhalisinin məşğulluq səviyyəsinə müsbət təsir göstərir. Belə ki, 2016-cı ildə sektor birbaşa olaraq 171 min iş yeri təmin edib, bu da əhalinin ümumi məşğulluq səviyyəsinin 3,7%-i qədər olub. WTTC-nin proqnozlarına görə, 2017-ci ildə bu göstərici 6%, 2027-ci il üçün isə daha 3,5%, yəni 256 min iş yeri artacaq ki, bu da Azərbaycan əhalisinin ümumi məşğulluq səviyyəsinin 5,6%-i qədər olacaq.

    Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2%-i qədər təşkil edib. Qurumun ekspertləri cari ildə bu sektorun 642 min iş yerini (5,4% səviyyəsində artım) təmin edəcəyini proqnozlaşdırırlar. Bununla yanaşı, 2027-ci ildə iş yerlərinin sayı 3,2% - 883 min artacaq ki, bu da ölkə əhalisinin məşğulluq səviyyəsinin 13,9%-i qədər olacaq.

    Qurum ölkəyə turist axınının turizm sənayesinin ölkə iqtisadiyyatına birbaşa təsirinin aparıcı komponenti olduğunu vurğulayır.

    WTTC-nin məlumatlarına əsasən, 2016-cı ildə “Visitor Exports” (əcnəbi ziyarətçilərin məsrəfləri) göstəricisi 4 552,2 mln. manat (2 863 mln. dollar, yaxud 16,9%) olub. “Visitor Exports” göstəricisi beynəlxalq turist məsrəfləri üzrədir və əcnəbilərin nəqliyyat və səfər turizminə aid istehlakını səciyyələndirən xərcləri daxil olmaqla, istər işgüzar, istərsə də şəxsi məqsədlərlə xərclədikləri vəsaiti əhatə edir.

    WTTC-nin gözləntilərinə görə, 2017-ci ildə bu göstərici 8,1% artacaq, ölkə isə 2 758 min nəfər xarici turisti qəbul edəcək. 2027-ci ilədək “Visitor Exports” göstəricisi daha 6,5% artacaq. Belə ki, 10 ildən sonra artıq ölkəyə 4 254 min turist səfər edəcək ki, onlar da 9 205,3 mln. manat (5 769,5 mln. dollar) pul xərcləyəcəklər.

    Hesabatda o da qeyd edilib ki, 2016-cı ildə Azərbaycanın turizm və səyahət sektoruna 479,5 mln. manat yatırım qoyulub. Bu il kapital qoyuluşunun həcmi 6,2%, qarşıdakı 10 ildə isə 4,9% artaraq 825,1 mln. manata çatacaq.

    Turizm və səyahət sektorunun milli investisiyaların ümumi həcmindəki payı 2017-ci ildəki 2,9%-i ötərək 2027-ci ildə 3,3%-ə çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi