Xorvatiyada Novruz bayramına həsr olunmuş “Odlar yurdundan rənglər” sərgisi açılıb

Xorvatiyada Novruz bayramına həsr olunmuş “Odlar yurdundan rənglər” sərgisi açılıb Sərgidə Azərbaycanın kviltinq ustası Leyla Xasiyevanın əl işləri nümayiş olunur
Turizm
18 Mart , 2017 06:07
Xorvatiyada Novruz bayramına həsr olunmuş “Odlar yurdundan rənglər” sərgisi açılıb

Bakı. 18 mart. REPORT.AZ/ Cari ilin 13 mart tarixində Zaqreb şəhər Məclisinin sərgi zalında Azərbaycanın kviltinq üzrə sənətkarı Leyla Xasiyevanın Novruz bayramına həsr olunmuş “Odlar yurdundan rənglər” adlı əl işlərindən ibarət fərdi sərgisinin açılışı olub.

Azərbaycanın Xorvatiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, Zaqreb şəhər Məclisinin mədəniyyət şöbəsinin, Azərbaycan səfirliyinin və Azərbaycan-Xorvatiya Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil olunmuş sərgini qeyd olunan cəmiyyətin sədri, Xorvatiyaın keçmiş prezidenti Stepan Mesiç açıb.

Öz çıxışında Azərbaycan və Xorvatiya arasında mövcud olan yüksək səviyyəli dostluq və əməkdaşlıq münasibətlərindən söz açan cənab Mesiç, iki ölkə arasında mədəni və humanitar sahələrdə sonrakı əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Keçmiş prezident ölkəmizə baş tutmuş səfərləri zamanı şahidi olduğu Azərbaycanın mədəniyyət, musiqi və incəsənət sahələrində yüksək inkişaf səviyyəsini xüsusi olaraq diqqətə çatdırıb. Daha sonra çıxış edən Leyla Xasiyeva onun üçün həmişə yaradıcı ilham mənbəyi olmuş zəngin çoxəsrlik ənənələri olan Azərbaycan tətbiqi sənətinin xalçaçılıq və tikmə üsulu “qurama” kimi növlərini xüsusi olaraq vurğulayıb. Əl işlərinin müəllifi öz çıxışında onu da qeyd edib ki, Azərbaycan tətbiqi sənətini incəsənətin tikmə üsulunun yeni istiqaməti olan kviltinqə yaxınlaşdıran üçölçülü hiss yaradan rənglərin və həndəsi formaların ahəngdar birləşməsidir.

Çoxsaylı qonaqların böyük marağına səbəb olmuş sərginin açılışında Xorvatiya dövlət qurumlarının və ictimaiyyətinin nümayəndələri, həmçinin Zaqrebdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak edib.

Cari ilin 17 mart tarixində Xorvatiyanın ən məşhur nəşrlərindən biri olan “Gloria” jurnalında müəllifin Bratislava və Vyana şəhərlərində təşkil edilmiş analoji sərgilərindən sonra Zaqreb şəhərində açılışı baş tutmuş fərdi sərgisindən bəhs edən və Leyla Xasiyevanın əl işlərinə həsr olunmuş məqalə dərc edilib.

Son xəbərlər

Orphus sistemi