​Xalça Muzeyində “Dalğalanan bayrağım” adlı tədbir keçirilib

​Xalça Muzeyində “Dalğalanan bayrağım” adlı tədbir keçirilib Tədbirdə rəsm sərgisi və dekorativ tətbiqi sənətinə aid nümunələr nümayiş olunub
Turizm
7 Noyabr , 2015 18:59
​Xalça Muzeyində “Dalğalanan bayrağım” adlı tədbir keçirilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsi “Dövlət bayraq günü” münasibəti ilə “Dalğalanan bayrağım” adlı tədbir keçirb.

Muzeydən “Report”a verilən məlumata görə, tədbirdə Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Dalğalanan bayrağım” adlı rəsm sərgisi və dekorativ tətbiqi sənətinə aid nümunələr nümayiş olunub.

Tədbirdə iştirak edən, həmçinin müxtəlif məktəblərdən olan qonaqlara “Dalğalanan bayrağım” adlı intelektual oyun, “Uşaq Muzeyi” şöbəsinin təqdimatında “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementləri təsvir olunması, “Özün toxu”(kilim, palaz toxunuşunun nümayişi), “Öz xalçanı yarat” (kompyuterdə naxışlar vasitəsilə xalça kompozisiyalarının yaradılması), “Face-art” (vətənə sevgi hissini uşaqlara yaşatmaq üçün, üz və əllərinə xüsusi boyalarla Dövlət atributlarının təsviri) məktəbli şagirdlər tərəfindən çox maraqla qarşılanıb.

Çıxış edənlər qeyd ediblər ki, gələcəyimiz sayılan məktəblilər tariximiz, milli dəyərlərimiz, adət-ənənələrimiz haqqında həmişə məlumatlı olmalıdırlar.

Qeyd edildi ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi təsis olunub və hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Dövlətin bayrağı ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir.

Sonra tədbir şagirdlərin ifasında bayraq gününə aid mahnılar və şeirlərlə başa çatıb.

Son xəbərlər

Orphus sistemi