Yuxarı

​Vali Münir Karaloğlu: “Ötən il Azərbaycandan Antalyaya 35 min turist səfər edib”

“Türkiyənin turizm sektorundan əldə etdiyi illik gəlirin 35%-i Antalyanın payına düşür”

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanın bir qrup jurnalisti Türkiyənin böyük kurort şəhərlərindən olan Antalyaya səfər edib.

“Report” xəbər verir ki, “Summer Tours” turizm şirkəti və "Azərbaycan Hava Yolları"nın (AZAL) dəstəyi ilə baş tutan səfər çərçivəsində media nümayəndələri şəhərdəki bir sıra turizm obyektlərini, tarixi abidələri və istirahət mərkəzlərini ziyarət ediblər. 

Qədim tarixə malik kurort və liman şəhəri

Türkiyənin cənubunda Aralıq dənizi sahilində yerləşən qədim tarixə malik Antalya kurort və liman şəhəridir. 2015-ci ilin statistikasına əsasən, şəhər əhalisinin sayı 2,3 milyon nəfərdir. Aralıq dənizi bölgəsinin qərbində və Antalya körfəzi ilə Qərbi Tavr dağlarının arasında yerləşən Antalya  ərazisinə görə Türkiyənin beşinci böyük vilayətidir.

Antalya vilayəti cənubunda Aralıq dənizi və şimalında dənizə paralel uzanan Toros dağları ilə əhatə olunub, şərqində Mersin, Konya və Karaman, şimalında İsparta və Burdur, qərbində Muğla rayonları ilə qonşudur. Rayonun sahəsi 20,815 kv.km-dir. Bu, Türkiyə ərazisinin 2,6%-i qədərinə bərabərdir. Aralıq dənizi bölgəsinin qərbində yerləşən Antalya vilayəti, region ərazisinin isə 17,6%-ni təşkil edir. Vilayət ərazisinin təxminən 77,8%-i dağlıq, 10,2%-i düzənlikdir.

Səfər çərçivəsində azərbaycanlı jurnalistlər Antalya valisi Münir Karaloğlu ilə görüşüb. İyulun 15-də Türkiyədə baş verən hadisələrə münasibət bildirən vali hazırda ölkədə vəziyyətin yaxşı olduğunu söyləyib: “Kənardan baxanda hər şeyin yaxşı olduğunu görmək mümkün deyil. Həmin xoşagəlməz hadisələr əsasən Ankara və İstanbulun mərkəzində baş verib. Digər şəhərlərdə də bəzi hadisələr yaşansa da, həmin dövrdə Antalya küçələrində sakitçilik hökm sürürdü. Burada yaşayan vətəndaşlar və turistlər hər hansı bir problemlə qarşılaşmadılar. Nə Antalyanın mərkəzində, nə hava limanında, nə də istirahət mərkəzlərində heç bir xoşagəlməz hal baş vermədi. Bir tək xoşagəlməz hal yaşandı. O da xarici ölkələrin baş verən hadisəylə bağlı Antalyaya olan uçuşlarını bir neçə günlük dayandırması oldu. Bu, bir az şəhərin tuzim sektoruna mənfi

təsir göstərdi. Bundan başqa, şəhərin turizm və digər sektorlarına mənfi təsir edə biləcək heç bir hal baş vermədi. Çünki Antalyanın turizm sektorunun təməli möhkəmdir”.

Onun sözlərinə görə, Antalyanın Belek bögəsində 50-yə yaxın beşulduzlu tətil kəndi, 16 qolf sahəsi, yüzlərlə futbol sahəsi var: "Dünyanın bir çox futbol komandaları məşq toplanışlarını burada keçirirlər. Türkiyənin turizm sektorundan əldə etdiyi illik gəlirin 35%-i Antalyanın payına düşür. Ölkə üzrə turizm sektorunda il ərzində Antalya ən çox (65%) müraciət olunan şəhərdir. Şəhərdə 385 beşulduzlu hoteli var. Antalyaya ötən il əhalisinin sayından dəfələrlə artıq - 12,2 mln. xarici turist səfər edib”.

Rusiyalı turistlər gəlməyə başlayıb

Vali deyib ki, şəhər turizminin bu qədər inkişaf etməsi ticarət, tikinti və digər sahələrə də müsbət təsir göstərir: “Antalya 1980-ci ildən sonra əlverişli iqlim şəraiti və turizmi səbəbindən sürətlə inkişaf edib. Antalyada iqtisadi fəaliyyətin böyük hissəsi ticarət, kənd təsərrüfatı da turizmə əsaslanır. Yaşayış yerləri xaricindəki vilayət ərazisinin böyük hissəsi taxıl tarlaları, yaylaqlardan ibarətdir. Bunun nəticəsidir ki, restoran və hotelləri ərzaq məhsulları ilə şəhərin özü təmin edir. Antalyada bütün növ məhsullar istehsal olunur”.

Rusiya ilə Türkiyə arasında təyyarə qalmaqalı baş verməmişdən əvvəl Antalyaya səfər edən turistlərin çox hissəsini ruslar təşkil edib. Ancaq sözügedən problem səbəbindən rusiyalı turistlərin sayı 96% azalıb. Ruslardan sonra şəhərə daha çox turistlər Almaniya, İngiltərə, Hollandiya, Ukrayna, Pakistan və İrandan gəlir.

M.Karaloğlu vurğulayıb ki, son bir ayda Rusiya ilə Türkiyə arasında münasibətlər normallaşmağa başlayıb və bu da vilayətin turizm sektoruna müsbət təsir edib: “Artıq rusiyalı turistlər gəlməyə başlayıb. Avqust ayı ərzində bu istiqamədə mütəmadi reyslər bərpa olunacaq. Amma çox təəssüflər olsun ki, hazırda Antalyaya Azərbaycandan gözlədiyimiz sayda turist axını yoxdur. Qardaş ölkədən ən çox turist gəlişi 2015-ci ildə baş verib və sayları 35 min nəfər olub. Bu il hələlik gələn turistlərin sayı 8 min nəfər təşkil edir. Ötən il Azərbaycandan təkcə iyul ayında 10 min turist, avqust ayında isə 11 700 turist Antalyaya istirahətə gəlib. Hazırda hər gün Antalyadan Azərbaycana 3-4 reys olmaqla uçuşlar həyata keçirilir”.

Ucuz və keyfiyyətli kurort şəhəri

Bu gün Antalya eyni vaxtda 1 milyon turisti qəbul etmək imkanına sahibdir. Bunun təxminən 600 mini 4 və ya 5 ulduzlu hotellərin payına düşür. Türkiyədə təkcə Antalya vilayətində turistlər üçün nəzərdə tutulan yataq yerlərinin sayı bütün İspaniyada olan yataq yerlərinin sayından iki dəfə çoxdur. Bu şəhərin turizmi həm say, həm də keyfiyyət baxımından bir çox turizm şəhərlərindən seçilir.

Vali bildirib ki, Antalyada turistlərə göstərilən xidmətlərin keyfiyyətini, şərtlərini bu qiymətlərlə dünyanın heç bir yerində tapmaq mümkün deyil: “Şəhərdəki hotellər daha çox Avropa ölkələri ilə əməkdaşlıq etdikləri üçün dolların qalxması qiymətlərə bir o qədər də təsir göstərmədi. Antalyada olan bütün futbol, qolf sahələri, hotellər və digər obyektlər özəldir. Onların heç biri dövlətə məxsus deyil. Yalnız şəhərdə olan məşə sahələri dövlətindir. Türkiyədə dövlət hotel, restoran və ya istirahət mərkəzi tikən sahibkarlarla 49 illik müqavilə bağlayır. Hər 49 ildən bir bu müqavilə yenilənir. Antalyaya sərmayə qoyan sahibkarlar bu müqavilə əsasında cuzi vergilər ödəməklə işini rahatlıqla qurur”.

Ümumiyyətlə, Antalyada tarixi məkanlar, antik teatrlar, kəndlər çoxluq təşkil edir. Buranın turizmi təkcə dəniz, qum və günəşdən ibraət deyil. Burada ilin 365 gününün 300 günü günəşli olur. Dünyada günəşli günləri çox olan azsayılı şəhərlərdəndir. Qərbdəki Təkə guşəsində geniş yaylaları və hövzələri olan şəhərdə əsasən əhəng daşlarından yaranan dağları, əhəng daşlarının əriməsiylə əmələ gələn mağaraları, qeyzerləri və dərələri var.

M.Karaloğlu hazırda nəinki Türkiyədə, dünyanın hər yerində terror probleminin olduğunu deyib: “İstirahətə gələn turistlərin ən başlıca istəyi təhlükəsiz şəhərdə rahat şəkildə istirahət etmələridir. Bu səbəbdən də hökumət olaraq şəhərdə təhlükəsizliyi təmin etmək üçün əlimizdən gələni əsirgəmirik. Əminliklə deyə bilərəm ki, Antalya kimi, Türkiyənin bütün kurort şəhərləri tam təhlükəsizdir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi