Ukraynanın nüfuzlu nəşrləri Bakının “Expo-2025”ə ev sahibliyi üçün namizədliyindən yazıb

Ukraynanın nüfuzlu nəşrləri Bakının “Expo-2025”ə ev sahibliyi üçün namizədliyindən yazıb “EXPO-2025”i ən yüksək səviyyədə qəbul etmək üçün Azərbaycanın bütün imkanları var"
Turizm
23 Dekabr , 2017 20:26
Ukraynanın nüfuzlu nəşrləri Bakının “Expo-2025”ə ev sahibliyi üçün namizədliyindən yazıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Ukraynanın nüfuzlu “Qolos” Media Qrupuna aid “Golos.ua” informasiya agentliyi və “Everyday.in.ua” xəbər portalı Bakının “Expo-2025”ə ev sahibliyi üçün namizədliyindən yazıb.

“Report” xəbər verir ki, Ukrayna mediasına açıqlamasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, “EXPO-2025”i ən yüksək səviyyədə qəbul etmək üçün Azərbaycanın bütün imkanları var.

F.Şahbazlı açıqlamasında qeyd edib ki, bu gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır:

"Ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın paytaxtı Bakı şəhərinin Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizədliyi irəli sürülüb. Azərbaycanın tarixi, mədəniyyəti və qonaqpərvərliyi, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyi, mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunması Bakının bu mötəbər tədbirə ev sahibliyi etməsinə imkan verir”.

F.Şahbazlı həmçinin qeyd edib ki, “Azərbaycan 2000-ci ildən etibarən “Expo” hərəkatının fəal üzvüdür:

"Ölkəmizin pavilyonları son üç sərgidə – 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. “Azərbaycan Qlobal Humanitar Forum, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, 2016-cı ildən bəri keçirilən Formula-1 Bakı Qran-Prisi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı Prosesi”, Dünya Dini Liderlərinin Sammiti kimi genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə qazanıb. Eyni zamanda, Azərbaycan siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkədir. Bütün bu səbəblər “EXPO-2025”in Azərbaycanda yüksək səviyyədə keçirilə biləcəyinə tam zəmanət verir”.

Son xəbərlər

Orphus sistemi