Qırmızı dəniz sahilindəki ecazkar və nadir gülləri ilə məşhur şəhərdən - REPORTAJ

Qırmızı dəniz sahilindəki ecazkar və nadir gülləri ilə məşhur şəhərdən - REPORTAJ Qubernator: "Şarm əl-Şeyx böyük sayda turist qəbul etmək imkanına malikdir"
Turizm
25 İyun , 2016 10:29
Qırmızı dəniz sahilindəki ecazkar və nadir gülləri ilə məşhur şəhərdən - REPORTAJ

Bakı. 25 iyun. REPORT.AZ/ Bir çoxları kimi yalnız bədii və sənədli filmlərdə izlədiyimiz ecazkar və sirlərlə dolu Misiri öz gözlərinlə görmək başqa bir aləmə səyahət etməkdir. Misir hər zaman öz qədim tarixi, ehramları, abidələri ilə məşhur olub.

Bu günlərdə “Silk Way Travel” şirkətinin dəstəyi ilə Azərbaycanın bir qrup jurnalisti Misirin kurort şəhəri olan Şarm əl-Şeyxə səfər edib. 

“Report” Misirin Şarm əl-Şeyx şəhərindən xüsusi reportajı təqdim edir.

Turistlər vizanı aeroportda alır...

Təyyarədən enəndə ilk baxışdan hava limanı ətrafında sakitlik və boşluq müşahidə olunur. Lakin avtomobillə şəhərə doğru hərəkət etdikcə özünü başqa aləmdə hiss edirsən. Şarm əl-Şeyxə səyahət edən turistlər şəhərin hava limanında qısa müddətdə viza ala bilərlər. Vizanın qiyməti isə 25 ABŞ dollarıdır.

Misirin Sinay yarımadasında, Qırmızı dənizin sahilində yerləşən, əhalisinin sayı 75 min nəfər olan Şarm əl-Şeyx kurort şəhəridir. Burada səhər 03:00-da açılır, axşam saat 17:00-da isə gün batmağa başlayır. Şəhər əhalisinin əsas hissəsini beduinlər təşkil edir. Bu şəhər hər zaman gözəlliyi ilə turistlərin rəğbətini qazanıb. Dörd bir yanı səhralıq olan Şarm əl-Şeyxdə yol kənarlarında əkilən nadir güllər, qeyri-adi, qəribə gözəlliyi olan hündür ağaclar, əsasən də palmalar şəhərə xüsusi gözəllik verir. Qızıl qumlu çimərliklər isə bütün il boyu Misirə səfər edən qonaqları sevindirir. Hətta qışın ən soyuq aylarında belə dənizdə çimmək arzusunda olanlar bu kurort şəhərinə səyahət edə bilərlər. Çünki qışda belə burada suyun temperaturu 20-22 dərəcə istidən aşağı düşmür. Şarm əl-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malikdir. Bələdçilər turistləri mütləq şəkildə müqəddəs Yekaterina monastrı, ecazkar məscidlər, "Naama Bey" Ticarət Mərkəzi, Soho meydanı və şəhərin milli qoruğu olan Ras-Məhəmməddə dəniz gəzintisinə çıxarırlar.

50 min yerlik 400 hotel

Şarm əl-Şeyxdə istirahət etmək üçün yerləşdiyimiz ilk hotel Ras Nasrani rayonunda yerləşən “Baron Resort Sharm El Sheikh" oldu. Nüfuzlu və dəbdəbəli, 5 ulduzlu hotel ailəvi istirahət üçün mükəmməl yerdir. Sahəsi 100 min kv.m olan hotelin müasir memarlıq üslubu və qızıl qumlu çimərliyi göz oxşayır. Burada turistlər üçün əla servis, SPA, salon və s. xidmətlər təklif olunur. Ümumiyyətlə, ailəvi şəkildə yaxşı istirahət etmək üçün bu məkan olduqca rahat və əlverişlidir. Hotel hava limanından 4 km və Şarm əl-Şeyxin kurort mərkəzindən isə 15 km aralıda, Tiran adası ilə üzbəüz olan dəniz sahilində yerləşir. Hotelin müxtəlif kateqoriyada olan 360 nömrəsi var.

Ümümilikdə Misir əhalisinin təqribən 4 milyona yaxını turizm sahəsində çalışır. Burada böyük sayda turizm obyektləri var. Ölkənin təxminən 50%-ni 2-3 ulduzlu hotellər təşkil edir. Təkcə Şarm əl-Şeyxdə 50 min yeri və müxtəlif səviyyədə (2, 3, 4 və 5 ulduzlu) xidmət təklif edən 400 hotel fəaliyyət göstərir. Eyni zamanda, şəhərin müxtəlif yerlərində böyük sayda yeni hotellər tikilir. Burada ÜDM-nin təxminən 12%-ni turizm sektoru sayəsində əldə edilən gəlirlər təşkil edir.

Mərcanları ilə məşhur olan park

İnfotur çərçivəsində şəhərin milli qoruğu Ras-Məhəmməddi də ziyarət etdik. Ras-Məhəmmədə səyahət etmək insana xüsusi zövq verir. Şarm əl-Şeyxə gələn turistlər və dayvinq həvəskarları üçün bura əvəzedilməz yerdir. Bu səbəbdən də məşhur mərcan parkı turistlərin ən unudulmaz anı kimi ömürlük yaddaşlarına həkk olunur. Çünki qoruğun ərazisində Qırmızı dəniz faunasının gözəlliyinə tamaşa etmək, burada olan mərcanları, müxtəlif növ rəngli balıqları öz gözü ilə görmək maraqlı olduğu kimi, eyni zamanda, olduqca həyəcanvericidir. Bir sözlə, Şarm əl-Şeyx hərtərəfli istirahət etmək üçün mükəmməl bir yerdir.

Yanacaqdan baha, qızıldan dəyərli içməli su

Şarm əl-Şeyxdə ərazisinə və tərkibindəki hotellərin sayına görə birinci olan “Domina Coral Bay Resort” ikinci qatıldığımız hotel oldu. Bu hotelin tərkibinə 7 hotel daxildir. Onlardan altısı 5, biri isə 4 ulduzludur. Otaqlarının sayı 1 300 olan hotelin 4 500 turist qəbul etmək imkanı var. Hotelin dizaynı Şərq və Avropa ünsürlərini özündə əks etdirir. Hotelin ərazisində bir neçə restoran, şou meydanı, əyləncə mərkəzləri və baseynlər var.

İnfotur zamanı marağıma səbəb olan amillərdən biri də Misirdə içməli suyun yanacaqdan baha olması idi. Jurnalistləri müşayiət edən bələdçinin sözlərinə görə, Misirə içməli su yalnız idxal edilir: “Misirdə idxal edilən suyun 1 litri (1,1 ABŞ dolları) benzin (Aİ-95 markalı benzinin 3 litri, Aİ-92 markalı benzinin isə 4 litri 1 dollardır) və dizel (5 litri 1 dollar) yanacağından bahadır. Burada içməli su qızıldan dəyərlidir. Şəhərdə ikiotaqlı mənzilin bir aylıq kirayəsi 450 dollar, bir otaqlınınkı isə 250 dollar təşkil edir”.

Turistlər üçün ən təhlükəsiz yer

Şarm əl-Şeyx kurort şəhəri olduğundan Misirin ən bahalı yeri hesab olunur. Ancaq bahalı olduğu qədər də turistlərin təhlükəsizliyi yüksək səviyyədə təşkil edilib. Şəhərin ticarət mərkəzləri, bazarları, insanların sıx olduğu meydanlar, hotellərin yaxınlığı və digər yerlərdə ictimai asayişə nəzarət edən çoxlu sayda polis postları var. Bu səbəbdən şəhər turistlər üçün ən təhlükəsiz yerlərdən biri sayılır.

Sonuncu xidmətlərindən istifadə etdiyimiz keçən ilin sonunda açılan və şəhərin ən yaxşı hoteli sayılan “Rixos Seagate Sharm” oldu. Bu hotelə ayaq basdığınız andan hər şey gözünüzü oxşayacaq. Hotelin zövqlü və dəbdəbəli dizaynı, qarşılanma, yerləşdirmə və təklif etdiyi müxtəlif xidmətlər çox yüksək səviyyədə təşkil olunub. Hotel mühafizə olunan xüsusi mərcan riflərinə malikdir. Burada sualtı dünyanın və dayvinqin həvəskarları üçün özəl olaraq yaradılan 850 metrlik ponton mövcuddur. Hotelin ərazisində dəbdəbəli və xüsusi zövqlə dizayn olunan 793 otaq və 4 villa var. Eyni zamanda, hotelin konfrans zalı, 8 baseyni və 7 restoranı var. “Rixos Seagate Sharm” Şarm əl-Şeyx aeraportundan 9 km, şəhərin məşhur ticarət mərkəzi "Naama Bey"dən 18 km, köhnə şəhərdən isə 25 km aralıda yerləşir. Hotelin şou proqramları da olduqca maraqlıdır.

Rus dilində sərbəst danışılan ərəb ölkəsi

Misirdə diqqətçəkən məqamlardan biri də yerli əhalinin əksəriyyətinin rus dilini bilməsidir. Eyni zamanda, burada kişilər daha çox rusiyalı qadınlarla ailə həyatı qururlar. Hətta Misirin Xurqada şəhərində daimi yaşayan (25 mindən artıq) rusların sayı Şarm əl-Şeyxdəkindən daha çoxdur. Ruslar əsasən Şarm əl-Şeyxin Xay əl-Nur, Xay əl-Salam və əl-Xataba rayonlarında yaşayırlar. Onların əksəriyyəti turizm sektorunda müxtəlif sahələrdə çalışırlar. Bu səbəbdən Misirin istənilən yerində rus dilində rahat danışa bilərsiniz.

Şarm əl-Şeyxdə olub delfin şousuna getməmək günah olar. “Dolphina Sharm el Sheikh”də Maşa ilə Daşa adlı delfinlərin şousunu izləmək bəlkə də həyatınızın ən gözəl və unudulmaz anı olacaq. Onların çıxışına valeh olmamaq mümkün deyil.

Media nümayəndələri infotur çərçivəsində Misirin paytaxtı Qahirə ilə yanaşı, qədim İsgəndəriyyə şəhərinə də səfər ediblər.

Qubernator: "Şarm əl-Şeyx böyük sayda turist qəbul etmək imkanına malikdir"

Səfərin sonuncu günü azərbaycanlı jurnalistlərlə görüşən Cənubi Sinay vilayətinin qubernatoru, general Xalid Fouda bildirib ki, Şarm əl-Şeyx şəhəri dünyanın ən gözəl kurort şəhərlərindən birinə çevriləcək: “Bizim şəhərin hər yeri turistlər üçün təhlükəsizdir. Şarm əl-Şeyx kurort şəhəri olduğundan burada turistlər özlərini öz evlərində olduğu kimi rahat hiss edə bilərlər. Şəhərdə turizm çox inkişaf edib. May ayında bizim nümayəndə heyətimiz Azərbaycanda rəsmi səfərdə olub. İqtisadi əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə bu ilin sonuna kimi Azərbaycanın rəsmi nümayəndə heyətinin Misirə səfər etməsini gözləyirik. Azərbaycanla yanaşı, Qazaxıstan və Gürcüstanla qarşılıqlı turistlərin cəlb olunması üçün birgə tədbirlər həyata keçirməyə çalışırıq. Artıq bu ilin iyun ayından Bakıdan birbaşa Şarm əl-Şeyxə aviareys də açıldı. Biz inanırıq ki, bu aviareys daimi olacaq və hər iki ölkəyə turistlərin cəlb edilməsinə böyük töfhə verəcək. Gələcəkdə aviareyslərin sayının artırılması planlaşdırılır. Şarm əl-Şeyx böyük sayda turist qəbul etmək imkanına malikdir. Burada çoxlu sayda 4-5 ulduzlu hotellər fəaliyyət göstərir. Lakin biz bununla kifayətlənmək fikrində deyilik. Gələcəkdə şəhərin turist potensialının daha da artması, şəhər turizmini inkişaf etdirmək üçün yeni layihələr həyata keçirməyi nəzərdə tutmuşuq. Turistlərin vaxtlarını səmərəli keçirmələri üçün şəhərdə “Disneyland” kimi böyük əyləncə mərkəzləri, oyun meydançaları, yeni hotellər və s. tikməyi planlaşdırmışıq. Hazırda qubernatorluğun ərazisində 5 müxtəlif təbiət parkı mövcuddur. Biz gələcək üçün qarşımıza yaşıl, ekoloji, müasir cəhətdən inkişaf etmiş bir şəhər yaratmağı məqsəd qoymuşuq”.

Bu il Bakıdan Şarm əl-Şeyxə ilk uçuşu iyunun 3-də “Silk Way Travel” şirkəti həyata keçirib. Həftədə bir dəfə olmaqla uçuşlar “Air Cairo” aviaşirkəti tərəfindən “Airbus A320” təyyarəsi ilə təşkil edilir. Təyyarə 09:30-da Bakıdan havaya qalxır və yerli vaxtla 11:00-da Şarm əl-Şeyxə çatır. Əks istiqamətdə isə 03:00-da havaya qalxan təyyarə 08:30-da Bakıya enir. Bu istiqamət üzrə biletin ikitərəfli qiyməti 300 ABŞ dolları təşkil edir. 

Bakı - Şarm əl-Şeyx - Bakı marşrutu üzrə aviabiletləri “Air Cairo”nun Azərbaycandakı rəsmi agenti “Silk Way Travel” şirkətinin ofislərindən əldə etmək mümkündür. Hazırda şirkət yay mövsümü ilə əlaqədar olaraq Şarm əl-Şeyxə iki nəfərlik səyahət turu (qiyməti 870 dollar) təklif edir. Qiymətə Bakı - Şarm əl-Şeyx - Bakı istiqamətinə birbaşa uçuş (“Air Cairo”), “Le Mirage New Tower” 4 ulduzlu hotelində 6 gecə, “Al inclusive” qidalanma, tibbi sığorta və transfer xidməti (hava limanı - hotel - hava limanı) daxildir.

Bakı - Şarm əl-Şeyx - Bakı

Son xəbərlər

Orphus sistemi