Yuxarı
    Bağlamaq

    ​Samir Dübəndi: "Azərbaycanın turizm sektoru iflasa uğraya bilər"

    İş adamları turizm sektorunda yoxlamaların sayının azaldılması tələbi ilə çıxış ediblər

    Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası (AHRA) Bakıda “Turizm sahəsində mövcud olan problemlər” mövzusunda "dəyirmi masa" keçirib. “Report” xəbər verir ki, tədbirdə hotel, restoran və turizm sahəsində fəaliyyət göstərən sahibkarlar, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyinin nümayəndələri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan AHRA-nın İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd ötən ilin sonunda ölkədə baş verən devalvasiyadan sonra turizm sahəsində yaranan durğunluqdur. Onun sözlərinə görə, bu sahədə olan problemlər tezliklə həllini tapmasa, Azərbaycanın turizm sektoru iflasa uğraya bilər: “Bununla bağlı müzakirələr aparıb, təklif və iradlarımızı qısa müddətdə aidiyyəti qurumlara təqdim etməliyik. Turizmin inkişafı üçün ilk növbədə “low cost” aviaşirkətlərinin ölkədə fəaliyyət göstərməsinə şərait yaradılmalıdır. Azərbaycanda bu kateqoriyaya aid yalnız “Wizz Air” şirkəti fəaliyyət göstərirdi, o da qısa müddətdə işini dayandırdı. Daha sonra AZAL aşağı büdcəli uçuşlar həyata keçirəcəyini bildirsə də bunu da etmədi. Ölkəyə gələn və xaricə səfər edənlər üçün mövcud olan qiymətlər heç cür sərf etmir. Azərbaycanda brend hotellərin olması yaxşı hal olsa da, hotelçilik sahəsində kiçik və orta sahibkarlığı da inkişaf etdirmək lazımdır”.

    S.Dübəndi qeyd edib ki, əgər Azərbaycan kütləvi turizmin inkişafında maraqlıdırsa, o zaman 2 və 3 ulduzlu hotellərin inşası üçün sahibkarlara imkan yaratmaq lazımdır: “Çünki bahalı hotellər hesabına kütləvi turizmi inkişaf etdirmək olmur. Gələn turistlər şikayət edirlər ki, yalnız aviabiletlərin qiyməti deyil, yaşayış qiymətləri də bahadır. Bunun üçün isə 2 və 3 ulduzlu hotellərin inşasında sahibkarlar üçün motivasiya yaratmaq lazımdır. Belə sahibkarlara yeni inşa olunan hotellərə görə vergi sistemində imtiyazlar verilməlidir, məsələn, ilkin mərhələdə açılışdan sonra 1-2 il müddətinə. Eyni zamanda Bakı və regionlarda bu sahədə fəaliyyət göstərən kiçik sahibkarlardan aşağı dərəcə ilə vergi tutula bilər və ya ümumiyyətlə, bir neçə il müddətinə onlar vergidən azad oluna bilər. Belə güzəştlər sahibkarları bu sahədə biznes qurmağa həvəsləndirər".

    Assosiasiya rəhbəri deyib ki, ölkədə 300-dən çox turizm şirkəti fəaliyyət göstərsə də, yalnız 50-yə yaxını onlayn viza verə bilir: "Bu xidməti bütün turizm şirkətlərinin tətbiq edə bilməsi üçün şərait yaradılmalıdır. Ən əsası isə Azərbaycana gələn turistlərin sığortalanması, təhlükəsizlikləri, qiymətlərin standartlara uyğun tənzimlənməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması kimi mühüm məsələləri gündəmə gətirib, bu istiqamətdə ciddi tədbirlər görmək lazımdır. Biz bu gün xarici ölkələrə Azərbaycan turizmini necə tanıdırıq? Ölkəyə gələn turistlər daha çox nədən narazıdır? Turizm sektorunu iflasdan qorumaq üçün nə kimi addımlar atmaq lazımdır? Bu kimi suallar bu gün hər birimizi narahat etməlidir. Çünki bu sektorun çökməsi Azərbaycanın milyonlarla gəlir itirməsi deməkdir".

    “Millennium Tourism and Congress DMC”nin sədri Ruslan Quliyev çıxışında vurğulayıb ki, ölkədə fəaliyyət göstərən mehmanxanaların hazırkı vəziyyəti böyük narahatlıq doğurur. Onun sözlərinə görə, ölkədə baş verən devalvasiya özəl və ictimai sektorda fəliyyət göstərən mehmanxanalara, turizm şirkətləri və restoranlara mənfi təsir göstərib: “Biz bu sahədə fəaliyyət göstərən xarici və qonşu ölkələrin inkişaf proqramlarına, belə vəziyyətdə hansı addım atdıqlarına nəzər yetirməliyik. Onların inkişaf yolu və böhranla necə mübarizə apardıqları modellərdən istifadə etməklə turizm sahəsini pis vəziyyətdən çıxarmağa çalışmalıyıq. Bununla bağlı 7 bənddən ibarət təklif paketimizi aidiyyəti qurumlara təqdim etmişik. Bu təkliflərdə turizm sahəsində fəaliyyət göstərən sahibkarlara 1,5%-lik və ya daha aşağı dərəcəli kreditlərin verilməsi kimi məqamlar əksini tapıb. Bu cür kreditlərin ayrılması region sahibkarlarına böyük imkanlar yarada bilər. Bu, həm də mehmanxana biznesinin inkişafına təkan verə bilər. Təşviq proqramlarının sayını artırmaq lazımdır. AZAL-a “low cost” uçuşları ilə bağlı təkliflərimizi irəli sürmüşük. Ölkədə turizm sahəsinə diqqətin artırılması kənd təsərrüfatı, hotelçilik, xidmət sənayesi və s. sektorların inkişaf etməsinə səbəb ola bilər. Turizm yaradıcı bir sahədir. Bu sektorda fəliyyat göstərən sahibkarların sığortalanması şərtdir. Əgər mövcud olan problemlərlə bağlı bu gün ciddi tədbirlər görülməsə, bir neçə ilə ölkədə turizm sektoru olmayacaq”.

    R.Quliyev hazırda turizm şirkətlərində böyük ixtisarların olduğunu da vurğulayıb: “Bir neçə turizm şirkəti, restoran və kiçik mehmanxanalar artıq bağlanıb. Fəaliyyət göstərən şirkətlərdə isə işçilər ixtisar edilir və maaşlar azaldılır”.

    “Qız Qalası” mehmanxanasının meneceri Cabir Dövlətzadənin sözlərinə görə, vergi orqanları sahibkarlara güzəştə getməsə, vəziyyət daha da acınacaqlı olacaq: “Mehmanxana, restoranlarda Vergilər Nazirliyinin qurumları kassaları 1 200 manata quraşdırır. Gündə bir qurum gəlib sahibkarlardan vergi tələb edir. Belə olan halda sahibkar bilmir arendanı, yaxud böyük məbləğdə vergini ödəsin. Bu çətin keçid dövründə turizm sahəsində fəaliyyət göstərən sahibkarların vergi yükü sıfıra endirilməlidir. Ən mühüm problemlərdən biri isə bu sahədə azad rəqabətin olmamasıdır. Bu gün Bakıda olan mehmanxanalarda qiymətlər regiondakılardan aşağıdır”.

    “Azərbaycanda turizmi inkişaf etdirmək üçün ilk növbədə ölkəyə gələnlərin sayını artırmağa çalışmaq lazımdır. Bu sektorun inkişaf etməsi “gəlmə” turizmindən asılıdır. Dünyanın inkişaf etmiş ölkələri - Fransa, İngiltərə, İspaniya, İtaliyada turizm şirkətləri bunun sayəsində qazanır. Turizm sektoru sayəsində xarici ölkələrin büdcələrində artım olur. Şərt deyil ki, viza rejimi çətin olan xarici ölkələrdən Azərbaycana turistlər cəlb edək, bunu sadə viza rejimi olan ölkələr vasitəsilə də edə bilərik. Böhran vəziyyətində hotellərdə, restoranlarda qiymətlərin artmaması üçün ilk növbədə yerli məhsullardan istifadə etməyə başlanılmalıdır. Ölkə turizminin inkişafı üçün konkret təkliflər tərtib edib, aidiyyəti dövlət qurumlarına təqdim etməliyik. Azərbaycanda hotellərlə yanaşı, hostellər açmağın da əsl vaxtıdır. Çünki bunlar ölkəyə gələn turistlər üçün daha sərfəlidir. Əgər Azərbaycanda hotellər, restoranlar və turizm şirkətləri birgə fəaliyyət göstərməyə başlayarsa, bu, sektorun inkişafına böyük təkan ola bilər”, - deyə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi