​Ruhani: İran və Azərbaycan arasında turizm və hava nəqliyyatı sahəsində əlaqələrin genişləndirilməsi vacibdir

​Ruhani: İran və Azərbaycan arasında turizm və hava nəqliyyatı sahəsində əlaqələrin genişləndirilməsi vacibdir "Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, bank və maliyyə sahələrində əlaqələr inkişaf edir"
Turizm
7 Avqust , 2016 19:23
​Ruhani: İran və Azərbaycan arasında turizm və hava nəqliyyatı sahəsində əlaqələrin genişləndirilməsi vacibdir

Bakı. 7 avqust. REPORT.AZ/ İran və Azərbaycan arasında turizm və hava nəqliyyatı sahəsində əlaqələrin genişləndirilməsi vacibdir.

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında deyib.

Prezident Həsən Ruhani son illərdə ölkələrimizin əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib. O qeyd edib ki, müştərək tarixə, mədəniyyətə malik ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, bank və maliyyə sahələrində əlaqələr inkişaf edir.

Bank sahəsindəki əməkdaşlığın azad ticarət zonasının yaradılmasına imkan verməsinin əhəmiyyətinə toxunan İran prezidenti səfər zamanı ölkələrimizin Xəzər dənizi sektorunda əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edib, dənizdə müştərək fəaliyyətin qurulması ilə bağlı ciddi işlərin aparılmasının əhəmiyyətinə toxunub.

Bundan əlavə, Xəzərdə ekosistemin qorunması və çirklənmənin qarşısının alınması ilə bağlı mərkəzin yaradılmasının vacibliyini bildirən Həsən Ruhani, ölkələrimiz arasında dəmir yolu nəqliyyatının inkişafı sahəsində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Ölkələrimizin terrorizmə qarşı mübarizə sahəsində birgə hərəkət etdiyini vurğulayan prezident bundan əlavə, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətli olacağını bildirib. O, Bakıda keçiriləcək İran-Azərbaycan-Rusiya prezidentlərinin üçtərəfli görüşünün bir çox məsələlərin müzakirəsi və ortaq məxrəcə gəlinməsi baxımından əhəmiyyətini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi