Yuxarı
    Bağlamaq

    Rauf Paşayev: "Manatın devalvasiyasından sonra Azərbaycana daha çox turist gəlir"

    Belarusun Azərbaycan təcrübəsindən uğurla faydalanacağına şübhə etmirəm

    Minsk. 7 iyul. REPORT.AZ/ "Son illər Bakıda keçirilmiş böyük tədbirlərdən sonra Azərbaycana turist axınının həcmi xeyli artıb".

    "Report"un Minskə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Belarus paytaxtında "İdman və Turizm: turizmdə kobrendinq" mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm departamentinin rəhbəri Rauf Paşayev deyib.

    R.Paşayev 2012-ci il "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsi, "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları və ardıcıl iki ildir təşkil olunan Formula 1 üzrə Azərbaycan Qran Prisinin ölkə üçün əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, ilk dəfə beynəlxalq turizm yarmarkalarında Azərbaycan stendini gördükdə xaricilər "Eurovision"u xatırlamağa başlayıblar. Nazirlik rəsmisi bildirib ki, 5 il əvvəl keçirilmiş müsabiqədən dərhal sonra turist axını 10 faiz artıb.

    "Bakı 2015"in əhəmiyyətinə də toxunan R.Paşayev I Avropa Oyuları ilə əlaqədar 21 min insanın müvəqqəti işlə təmin olunduğunu vurğulayıb. O, Oyunların 110 ölkəyə yayınlandığını, Açılış mərasimini 1,7 milyard insanın televiziya, 220 milyon nəfərin isə "youtube" vasitəsilə izlədiyini dilə gətirib.

    İslamiadanın da turist axınına xeyli təsir etdiyini deyən nazirlik rəsmisi bu artımda Azərbaycan dövlətinin atdığı addımların da rolunu qabardıb: "Biz bəzi ölkələrlə viza rejimini sadələşdirmişik. İndi ərəb ölkələrindən daha çox turist gəlir. Təkcə Birləşmiş Ərəb Əmirliklərindən 25 dəfə çox axın olub. Burada bir çox amil rol oynayıb. Manatın devalvasiyasından sonra Azərbaycana daha çox turist gəlir. Digər faktor viza rejiminin sadələşdirilməsidir. Axının çoxalmasında İslamiadanın Bakıda keçirilməsinin böyük rolunu qeyd edərdim".

    R.Paşayev Formula 1 üzrə Azərbaycan Qran Prisinin isə bu idman növünə xüsusi marağı olan Rusiya və Böyük Britaniyadan turist axınının çoxalmasına səbəb olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, böyük tədbirlər gələcəkdə Yay Olimpiya Oyunları keçirmək üçün təşkil olunub. Nazirlik rəsmisi Belarusun Azərbaycan təcrübəsindən uğurla yararlanacağına inandığını söyləyib: "Belarus da böyük yarışları belə miqyasda keçirməlidir. Dost ölkənin bizim təcrübədən uğurla faydalanacağına şübhə etmirəm. Artıq turist axını üçün addımlar atılmaqdadır. 80 ölkəyə 5 günlük vizasız səfər imkanının yaradılmasını xüsusi qeyd edərdim. Amma 5 gün çox azdır. Bununla yanaşı, elektron viza rejiminin tətbiq edilməsi münasib olardı. Belə islahatlar davam etdirilsə, Belarus turist sayında xeyli irəliləyişə nail olacaq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi