"Pegasus"un Azərbaycana uçuşlarını bərpa etməsi sual altındadır

"Pegasus"un Azərbaycana uçuşlarını bərpa etməsi sual altındadır Baş ofis: "İstanbul-Qəbələ-İstanbul reyslərində yerlərin dolmadığı, mənfəət olmadığı üçün şirkət zərərlə işləyib"
Turizm
6 Oktyabr , 2016 12:21
Pegasusun Azərbaycana uçuşlarını bərpa etməsi sual altındadır

Bakı. 6 oktyabr. REPORT.AZ/ İstanbul-Qəbələ-İstanbul marşrutu ilə həyata keçirdiyi müntəzəm reysləri dayandıran Türkiyənin “Pegasus” aviaşirkətinin Azərbaycana uçuşlarını bərpa etməsi məsələsi sual altındadır.

"Pegasus”un mətbuat katibi Mehtap Çakıroğlu Kaynak “Report”a açıqlamasında bildirib ki, bu marşrut üzrə aviareyslərin bərpa olunacağı tarix hələ müəyyən edilməyib: “Çox təəssüf ki, şirkətimizin Azərbaycana həyata keçirdiyi İstanbul-Qəbələ və Qəbələ-İstanbul reyslərinin bir və ya iki ay sonra yenidən bərpa ediləcəyini dəqiq deyə bilməyəcəyəm. Çünki hazırda şirkət dayandırdığı aviareysin bərpası ilə bağlı heç bir qərar verməyib. Ümumiyyətlə, təyyarələrimizdə sərnişin yerlərinin boş qalmasını və rentabelliyin aşağı olmasını nəzərə alaraq, bəzi reysləri bağlamışıq. İstanbul-Qəbələ aviareysində təyyarələrdə sərnişin yerlərinin dolmadığı, mənfəət olmadığı üçün şirkət zərərlə işləyirdi. Bu səbəbdən marşrut üzrə də uçuşları dayandırdıq”.

Qeyd edək ki, azbüdcəli uçuşları ilə tanınan “Pegasus” bu il martın 18-dən Azərbaycana uçuşlar yerinə yetirməyə başlayıb. Qəbələ hava limanından həftədə 3 dəfə olmaqla I, IV və VI günlər Qəbələdən İstanbula, III, V və VII günlər isə İstanbuldan Qəbələyə uçuşlar yerinə yetirən şirkət oktyabrın 1-dən reysləri dayandırıb. Bu istiqamət üzrə bir tərəfə biletin qiyməti 90 manatdan, iki tərəfə - 155 manatdan başlayırdı. Eyni zamanda, aviaşirkətin xidmətindən istifadə edən sərnişinlərin Bakıdan Qəbələyə daşınması üçün Azərbaycandakı nümayəndəliyinin Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu da fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi