Azərbaycanın turizm sektoru 25% inkişaf edib

Azərbaycanın turizm sektoru 25% inkişaf edib Növbəti şopinq festivalının oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur
Turizm
6 Aprel , 2017 12:26
Azərbaycanın turizm sektoru 25% inkişaf edib
Report.az

Bakı. 6 aprel. REPORT.AZ/ “Ötən illərlə müqayisədə Azərbaycanda turizm sahəsi 25% inkişaf edib”.

“Report”un xəbərinə görə, bunu bu gün Bakıda işə başlayan XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF) sərgisinin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, turizm Azərbaycanda qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir: "2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 242 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7% çoxdur. Bir sıra ölkənin vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilən viza rəsmiləşdirilməsinə başlanılması Azərbaycana səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb".

Ə.Qarayev əlavə edib ki, ölkə turizminin inkişafı Milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutur: “Görülən ardıcıl tədbirlər hesabına ildən-ilə ölkəmizə səfər edən xarici turistlərin də sayı artmaqdadır. Dövlət başçısının 2016-cı il 1 sentyabr tarixli “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına və 2016-cı il 6 dekabr tarixli “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi haqqında fərmanına əsasən, ölkənin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlərin görülməsinə başlanılıb”.

Ticarət festivallarının keçirilməsi məsələsinə toxunan nazir vurğulayıb ki, birinci festival aprelin 10-dan mayın 10-dək keçiriləcək: “Bu müddətdə ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin də keçiriləcəyini nəzərə alsaq, bu tədbirə xarici turistlərin marağı daha da yüksək olacaq. Ticarət festivalları davamlı olaraq keçiriləcək. Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi